EN

NATO Baş katibi: Rusiya ilə dialoq təşəbbüsünü dəstəkləyirəm

NATO Baş katibi: Rusiya ilə dialoq təşəbbüsünü dəstəkləyirəm

NATO-nun Baş katibi Mark Rutte avropalı müttəfiqlərin Rusiya ilə dialoqa girməyə qərar verəcəkləri təqdirdə, bu təşəbbüs də daxil olmaqla, müharibəni bitirəcək hər bir addımı dəstəkləyəcəyini bildirib.

Rutte sabah keçiriləcək Müdafiə Nazirləri Toplantısı öncəsi mətbuata gündəmdəki məsələlərlə bağlı məlumat verib. Nazirlərin 2025-ci il Haaqa Sammitində müdafiə xərclərinin artırılması istiqamətində qəbul edilən qərarlara uyğun olaraq, Ankarada keçiriləcək növbəti sammitin hazırlıqlarını müzakirə edəcəyini qeyd edən Rutte, ortaq təhlükəsizlik investisiyalarının on milyardlarla dollar artırılmasının vacibliyini vurğulayıb.

Rutte müdafiə sənayesi istehsalının artırılmasına toxunaraq "Bu, daha çox hava hücumundan müdafiə, daha çox sursat və Alyans daxilində daha güclü təchizat zənciri deməkdir", - deyə qeyd edib. O, həmçinin sabahkı iclasda Ukraynanın yeni Müdafiə naziri Mixaylo Fedorov və Aİ rəsmisi Kaja Kallasın iştirak edəcəyini bildirib.

Baş katib avropalı müttəfiqlərin Rusiya ilə dialoqa girməsi barədə suala cavab verərkən deyib: "Hər bir müttəfiq dialoqa açıq ola bilər. Bu dəhşətli müharibəni daha sürətli şəkildə sona çatdıracaq hər cür təşəbbüsü təşviq edirəm". O, görülən hər işdə tam şəffaflığın olduğunu da əlavə edib.

NATO-nun Arktika bölgəsindəki varlığını gücləndirəcək "Arktika Növbətçisi" (Arctic Sentry) missiyasının başlanmasına da toxunan Rutte, Rusiyanın bölgədəki hərbi fəaliyyətləri və Çinin artan marağı fonunda bu addımın vacib olduğunu bildirib. Missiyanın birbaşa NATO Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının (SACEUR) səlahiyyəti altında olacağı qeyd edilib.

Chosen
21
afn.az

1Sources