Bu gün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və ADA Universiteti arasında Birgə Fəaliyyət haqqında Memorandum imzalanıb.
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təhsil, elmi-metodiki və kadr hazırlığı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyan Memorandumu fövqəladə hallar naziri Kəmaləddin Heydərov və ADA Universitetinin rektoru Hafiz Paşayev imzalayıblar.
Memoranduma əsasən, tərəflər tədris proqramları və metodiki vəsaitlərin hazırlanması, birgə elmi tədqiqat və araşdırmaların aparılması, seminar, mühazirə, treninq və elmi konfransların keçirilməsi, Nazirlik sistemində çalışan mütəxəssislərin peşə hazırlığının artırılmasına dəstək, qabaqcıl tələbələrin təcrübə keçməsi, məzunların məşğulluq perspektivləri və digər istiqamətlərdə əməkdaşlıq edəcəklər.
İmzalanma mərasimindən əvvəl keçirilən görüşdə FHN və ADA Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub, Birgə Fəaliyyət haqqında Memorandum üzrə görüləcək işlər nəzərdən keçirilib.