EN

"Britaniya ordusu ən pis ssenariyə hazırlaşır" - Rusiya ilə müharibə başlaya bilər?

Böyük Britaniya Silahlı Qüvvələri ölkə ərazisindəki xüsusi poliqonlarda Rusiya ilə potensial silahlı münaqişə ssenariləri üzrə intensiv hazırlıqlara başlayıb.

Bəs Rusiyanın Avropaya hücum ehtimalı varmı?

Siyasi şərhçi Çingiz Şahbazi Redaktor.az-a açıqlamasında qeyd etdi ki, yaxın zamanda Böyük Britaniyanın Rusiya ilə birbaşa müharibəyə girmək ehtimalı aşağıdır. 

Politoloqun sözlərinə görə, Böyük Britaniya Silahlı Qüvvələrinin keçirdiyi hərbi təlimlər nə Rusiya üçün təhlükə mənbəyi kimi qəbul edilməlidir, nə də təlimlərin keçirilməsində məqsəd Rusiya ilə müharibə ehtimalından qaynaqlanır:

"Ümumiyyətlə, Avropa ölkələrində hərbi sahədə mobilizasiya işlərinin aparılması məqsədilə daha müasir dövrün tələblərinə cavab verən hərbi texnika və texnologiyaların orduda cəmləşdirilməsi görünür. Peşəkarlığın və canlı qüvvənin artırılması məqsədilə təlimlərin keçirilməsinə əvvəlki illərdən fərqli olaraq diqqət yetirilir. Londondakı narahatlıq ehtiyyatlı planlaşdırma strategiyası ilə bağlıdır və bu səbəbdən keçirilən təlimlər müharibə siqnalı olaraq görülməməlidir. Əlavə olaraq qeyd edə bilərik ki, Böyük Britaniya NATO üzvüdür və NATO-nun 5-ci maddəsinə əsasən, Böyük Britaniya da kollektiv müdafiə prinsipləri çərçivəsində yer alır.

Bu aspektdən Böyük Britaniya və digər NATO ölkələrinin keçirdikləri hərbi təlimlər onu deməyə əsas verir ki, Rusiya Avropada genişmiqyaslı müharibə aparmaq qabiliyyətini tam itirməyib və bu istiqamətdə təhlükələr gözlənilir. Xüsusilə də Baltik ölkələri və Şərqi Avropa daha çox riskli zonalardır. Buna görə də Avropa ölkələri, o cümlədən Böyük Britaniya ola biləcək ən pis ssenariyə hazırlaşır və buradakı şəhər müharibəsi təlimləri real münaqişə ehtimalına qarşı planlaşdırmadır. Çünki Ukrayna müharibəsi zamanı belə hallar nəzəri yox, praktik təcrübə əsasında görüldü. Böyük Britaniya hökumətinin keçirdiyi təlimlər daha çox gələcək perspektivləri əhatə edir və bu, müharibə istəyi deyil. Hazırlıqsız tutulma riskini azaldan siyasətdir. Deyə bilərik ki, Böyük Britaniya hazırlıqlı olmaq strategiyasını gücləndirir".

Aytəkin TOFİQQIZI

Chosen
23
5
redaktor.az

6Sources