İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyası (TÜBİSAD) və “Sistem Global Danışmanlık A.Ş” konsaltinq şirkətinin tərəfdaşlığı ilə “Azərbaycan – Türkiyə biznes -forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü” adlı forum keçirilib. Forumda Türkiyə və Azərbaycanın ümumilikdə 70 İKT şirkəti, maliyyə institutları, eləcə də hər iki ölkənin müxtəlif dövlət qurumlarının rəhbər nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov forumun iki ölkə arasında rəqəmsal əməkdaşlığa mühüm töhfə verəcəyini bildirib: “Azərbaycan və Türkiyə rəqəmsal inkişafa dövlət səviyyəsində strateji yanaşan ölkələrdir. Hər iki ölkə rəqəmsal texnologiyanı iqtisadi artımın, dövlət idarəçiliyində səmərəliliyinin və rəqabətqabiliyyətli biznes mühitinin əsas dayaqlarından biri kimi görür. Bu forum sayəsində şirkət və qurumlar nəticəyönümlü əməkdaşlıq formalaşdıraraq, mövcud potensialı daha da artıra bilərlər”.
Forumun rəsmi hissəsində, həmçinin Türkiyə Azərbaycandakı fövqəladə və səhiyyətli səfiri Birol Akgün, TÜBİSAD-ın İdarə Heyətinin sədri Mehmet Ali Tombalak, İRİA-nın kommersiya üzrə baş inzibatçısı Salar İmaməliyev və “Sistem Global Danışmanlık A.Ş”nin İdarə Heyətinin sədri Hüseyin Karslıoğlu Azərbaycan və Türkiyə arasında İKT sahəsində güclənən əməkdaşlığın potensialına dair öz fikirlərini bölüşüblər.
Tədbirin davamında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyası və “Sistem Global Danışmanlık A.Ş” konsaltinq şirkəti arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.
Strateji əhəmiyyət kəsb edən memorandum çərçivəsində innovasiya ekosistemi, rəqəmsal transformasiya və texnoparkların inkişafı, startapların inkubasiya və akselerasiya proqramları ilə dəstəklənməsi, texnoloji sahibkarlığın və insan kapitalının gücləndirilməsi, innovasiya layihələrinin birgə maliyyələşdirilməsi və investisiya yatırımı, dövlət–özəl tərəfdaşlığının təşviqi, rəqəmsal “sandbox”lar vasitəsilə pilot layihələrin dəstəklənməsi kimi istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulur.
İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov memorandumun hər iki ölkənin ekosisteminin qarşılıqlı inteqrasiyası üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Bu Anlaşma Memorandumu Azərbaycan ilə Türkiyə arasında innovasiya və texnologiya sahəsində əməkdaşlığı daha sistemli və nəticəyönümlü mərhələyə daşıyır. Beləliklə, startapların inkişafı, insan kapitalının gücləndirilməsi, birgə innovasiya layihələrinin reallaşdırılması və texnoloji bizneslər üçün hərtərəfli mexanizm formalaşır”.
Daha sonra Azərbaycan və Türkiyənin texnoloji və innovativ ekosistemləri haqqında panel müzakirələri baş tutub. Hər iki ölkəni təmsil edən ekspertlər müzakirələr zamanı rəqəmsal transformasiya, “GovTech” texnologiyaları, süni intellekt, “ağıllı şəhərlər”, İKT-də insan kapitalı və digər mövzularda fikir mübadiləsi aparıblar.
Forumun ikinci hissəsində Türkiyə və Azərbaycan şirkətlərinin, eləcə də dövlət qurumlarının iştirakı ilə B2B və B2G görüş sessiyaları baş tutub. Bu sessiyalar çərçivəsində dövlət və özəl sektorda texnoloji həllər və innovativ yanaşmalar üzrə potensial əməkdaşlıq istiqamətləri dəyərləndirilib, investisiya, startaplar və texnoloji şirkətlər üçün maliyyələşmə və inkişaf perspektivləri müzakirə olunub.
Yaqut Ağaşahqızı, "İki sahil"