EN

Azərbaycan-Türkiyə İKT Biznes Forumu keçirilib 

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyası (TÜBİSAD) və “Sistem Global Danışmanlık A.Ş” konsaltinq şirkətinin tərəfdaşlığı ilə “Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü” adlı forum keçirilib. Forumda Türkiyə və Azərbaycanın ümumilikdə 70 İKT şirkəti, maliyyə institutları, eləcə də hər iki ölkənin müxtəlif dövlət qurumlarının rəhbər nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov forumun iki ölkə arasında rəqəmsal əməkdaşlığa mühüm töhfə verəcəyini bildirib: “Azərbaycan və Türkiyə rəqəmsal inkişafa dövlət səviyyəsində strateji yanaşan ölkələrdir. Hər iki ölkə rəqəmsal texnologiyanı iqtisadi artımın, dövlət idarəçiliyində səmərəliliyinin və rəqabətqabiliyyətli biznes mühitinin əsas dayaqlarından biri kimi görür. Bu forum sayəsində şirkət və qurumlar nəticəyönümlü əməkdaşlıq formalaşdıraraq, mövcud potensialı daha da artıra bilərlər”.

Nazir müavini diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə arasında elektron imzaların qarşılıqlı tanınması və rəqəmsal sənəd dövriyyəsinin inteqrasiyası texniki baxımdan tam başa çatdırılıb: “Hazırda prosesin tamamlanması üçün zəruri normativ-hüquqi sənədlərin birgə işlənməsi istiqamətində iş aparılır”.

Forumun rəsmi hissəsində, həmçinin Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səhiyyətli səfiri Birol Akgün, TÜBİSAD-ın İdarə Heyətinin sədri Mehmet Ali Tombalak, İRİA-nın kommersiya üzrə baş inzibatçısı Salar İmaməliyev və “Sistem Global Danışmanlık A.Ş”nin İdarə Heyətinin sədri Hüseyin Karslıoğlu Azərbaycan və Türkiyə arasında İKT sahəsində güclənən əməkdaşlığın potensialına dair öz fikirlərini bölüşüblər.

Səfir Birol Akgün çıxışında bildirib ki, Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik münasibətləri iqtisadi və texnoloji əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin formalaşdırır.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi nəticəsində iki ölkə arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi əlaqələrə yalnız siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan güclü çərçivə təqdim edir”, - deyə diplomat vurğulayıb.

Onun sözlərinə görə, hazırda iki ölkə arasında ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq hədəfi müəyyən edilib. Bu istiqamətdə 2026-cı ilədək 110 maddədən ibarət birgə fəaliyyət planı hazırlanıb və icrası nəzarətdə saxlanılır.

Səfir qeyd edib ki, enerji, inşaat və infrastruktur, kənd təsərrüfatı və qida sənayesi, səhiyyə, turizm, informasiya texnologiyaları və müdafiə sənayesi sahələri əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. O vurğulayıb ki, bu əməkdaşlıq modeli həm regional, həm də qlobal miqyasda nümunə kimi çıxış edir.

Birol Akgün forum çərçivəsində keçirilən görüşlərin konkret investisiya və tərəfdaşlıq layihələrinə çevriləcəyinə əminliyini ifadə edib.

Çıxışında Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyasının (TÜBİSAD) İdarə Heyətinin sədri Mehmet Ali Tombalak Türkiyə və Azərbaycan texnologiya sektorunda rəqabət qabiliyyətini artırmaq üçün birgə ekosistem formalaşdırmalı və miqyas üstünlüyü yaratmalı olduğunu bildirib. O, qeyd edib ki, hazırda Türkiyədə informasiya və kommunikasiya texnologiyaları sektorunun ümumi həcmi 33 milyard dollar təşkil edir və TÜBİSAD ölkə bazarının 95 faizini təmsil edir.

“Məqsəd Azərbaycanla birgə əməkdaşlıq çərçivəsində bu həcmi ikiqat artırmaqdır. Türkiyə təkcə öz bazarı ilə deyil, Türk dövlətləri ilə birlikdə 161 milyonluq əhaliyə xidmət potensialına malikdir. Bu isə texnologiya sektorunda rəqabət üstünlüyü baxımından strateji əhəmiyyət daşıyır”, - deyə TÜBİSAD sədri vurğulayıb.

Azərbaycanda Texnopark rezidentlərinin sayının 165-ə çatdığını qeyd edən İRİA-nın kommersiya üzrə baş inzibatçısı Salar İmaməliyev bildirib ki, rezident şirkətlərdən 155-i yerli, 10-u isə xarici şirkətdir. Texnoparkda fəaliyyət göstərən şirkətlərin sayı dinamik şəkildə artır.

İRİA rəsmisi Türkiyə şirkətlərini də Texnopark rezidenti olmağa dəvət edib və bunu regional əməkdaşlıq üçün yeni imkan kimi dəyərləndirib.

Sonra tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyası (TÜBİSAD) və “Sistem Global Danışmanlık A.Ş” konsaltinq şirkəti arasında üçtərəfli anlaşma memorandumu imzalanıb.

Daha sonra Azərbaycan və Türkiyənin texnoloji və innovativ ekosistemləri haqqında panel müzakirələri baş tutub. Hər iki ölkəni təmsil edən ekspertlər müzakirələr zamanı rəqəmsal transformasiya, “GovTech” texnologiyaları, süni intellekt, “ağıllı şəhərlər”, İKT-də insan kapitalı və digər mövzularda fikir mübadiləsi aparıblar.

Forumun ikinci hissəsində Türkiyə və Azərbaycan şirkətlərinin, eləcə də dövlət qurumlarının iştirakı ilə B2B və B2G görüş sessiyaları baş tutub. Bu sessiyalar çərçivəsində dövlət və özəl sektorda texnoloji həllər və innovativ yanaşmalar üzrə potensial əməkdaşlıq istiqamətləri dəyərləndirilib, investisiya, startaplar və texnoloji şirkətlər üçün maliyyələşmə və inkişaf perspektivləri müzakirə olunub.

Qeyd edək ki, İRİA bu forumu dünyanın 10-dan çox ölkəsində (Sinqapur, Almaniya, Niderland, Birləşmiş Ərəb Əmirlikləri və s.) nümayəndəliyi olan və Türkiyənin aparıcı konsaltinq şirkəti sayılan “Sistem Global Danışmanlık A.Ş” ilə birgə həyata keçirib.

Forumun əsas məqsədi Azərbaycan və Türkiyə arasında İKT və rəqəmsal transformasiya sahəsində strateji əməkdaşlığın gücləndirilməsi, iki ölkənin texnoloji ekosistemləri, eləcə də biznes subyektləri və dövlət qurumları arasında nəticəyönümlü və davamlı tərəfdaşlığın qurulmasıdır.

Chosen
13
9
azerbaijan-news.az

10Sources