EN

“Hazırda Azərbaycan ABŞ üçün regionda ən etibarlı tərəfdaşdır”

“ABŞ-Azərbaycan münasibətlərinin yeni siyasi müstəvidə keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoyması regionda böyük geosiyasi maraqların uzlaşmasından və regional sabitliyin möhkəmləndirilməsi zərurətindən irəli gəlir. Qlobal güc olaraq ABŞ dünyada cərəyan edən proseslərdən və bütün dövlətlərin potensialından xəbərdardır. Lakin əvvəlki dövrlərdə cəmiyyətdə belə bir yanlış rəy formalaşmışdı ki, guya Qərb dövlətləri, xüsusilə ABŞ, Cənubi Qafqaz regionuna və Azərbaycanla birbaşa təmaslara üstünlük verməyəcək. Bu yanaşmanın arxasında vaxtilə bəzi maraqlı qüvvələrin Azərbaycanın real potensialı barədə yaratdığı yanlış təsəvvürlər dayanırdı”.

Bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
O, bildrib ki, Cənubi Qafqazda baş verən fundamental dəyişiklik — 44 günlük Vətən müharibəsi və qazanılan Zəfər regiona yeni nəfəs gətirdi, mövcud reallıqları tamamilə dəyişdi:

“Şübhəsiz ki, ABŞ-ın bu regionda hər zaman dərin maraqları olub və onlarla elmi-tədqiqat institutu bu istiqamətdə fəaliyyət göstərir. Lakin Azərbaycanın yaratdığı yeni reallıqlar və nümayiş etdirdiyi qətiyyətli diplomatik iradə tərəfləri birbaşa əlaqələrə sövq etdi. Bu uğur Azərbaycanın intellektual potensialının, müdrik xarici siyasətinin və idarəetmə bacarığının göstəricisidir.
Azərbaycan NATO missiyalarında (Kosovo, İraq, Əfqanıstan) fəal iştirakı və terrorizmlə mübarizədəki qətiyyətli mövqeyi ilə beynəlxalq təhlükəsizliyə töhfə verən məsuliyyətli tərəfdaş statusunu qazanıb. Rusiya, İran və Qərb arasında həyata keçirilən müstəqil və balanslı siyasət Azərbaycanın proqnozlaşdırıla bilən dövlət imicini formalaşdırıb”.

R.Hüseyn Azərbaycanın Avropanın və regionun enerji arxitekturasında əvəzolunmaz faktora çevrildiyini bildirib:

“Ermənistanla 30 ildən artıq davam edən münaqişə dövründə Azərbaycanın həyata keçirdiyi uğurlu diplomatiya nəticəsində işğalçı tərəfin vandal siyasəti ifşa edilmiş, ona dəstək verən ədalətsiz qüvvələr oyun kənarında saxlanılmışdır. Bu, strateji zəkanın və milli maraqların düzgün müdafiəsinin nəticəsidir.

Hazırda Azərbaycan ABŞ üçün regionda ən etibarlı tərəfdaşdır. Bu tərəfdaşlıq təkcə siyasi bəyanatlara deyil, həm də rasional düşüncəyə, praktiki əməkdaşlığa və geosiyasi uyğunluğa söykənir. Yeni dünya düzəninin formalaşdığı bir mərhələdə Azərbaycanın artan rolu regionda digər güclərin təsirini balanslaşdırır və sabitlik zonası yaradır.

Dünya dəyişir və Azərbaycan bu dəyişikliklərə çevik reaksiya verərək öz töhfələri ilə ön sıralarda gedir. Ölkəmizi müxtəlif xarici təzyiqlərdən qoruyan və yeni dünya düzəninin yuxarı iyerarxiyasında xüsusi yer tutmasını təmin edən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm siyasi, həm də diplomatik qüdrətini mərkəzi oyunçu kimi möhkəmləndirməkdədir”.

Vasif ƏLİHÜSEYN

Chosen
18
1
adalet.az

2Sources