EN

"Tramp marşrutu" və Vensin Bakı səfəri: Cənubi Qafqazda yeni "geosiyasi oyun" başlayır? –ÖZƏL

"ABŞ-nin Cənubi Qafqaz siyasətinə bir neçə istiqamətdən yanaşmaq olar. İlk növbədə qeyd etmək lazımdır ki, Bayden administrasiyası dövründə də ABŞ Cənubi Qafqaza müəyyən diqqət yetirirdi. Lakin həmin dövrün əsas səhvlərindən biri ondan ibarət idi ki, Vaşinqton regionda möhkəmlənməyə əsasən Ermənistan üzərindən cəhd göstərirdi. Halbuki Cənubi Qafqazda əsas siyasi və geosiyasi iradə mərkəzi Azərbaycan olduğundan bu yanaşma effektiv hesab oluna bilməzdi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, Tramp administrasiyası isə bu məsələdə tamamilə fərqli mövqe sərgiləyir. ABŞ yenə Cənubi Qafqazda möhkəmlənməyə çalışır, lakin bu dəfə ermənipərəst mövqedən deyil, daha çox geosiyasi, geoiqtisadi və geostrateji maraqlardan çıxış edir. Yəni Bayden administrasiyası dövründə olduğu kimi əsas məqsəd Ermənistan üzərindən yerləşmək deyil, bütövlükdə Cənubi Qafqazda real geosiyasi oyunçuya çevrilməkdir. Məhz bu səbəbdən Azərbaycanla münasibətlər daha da yaxınlaşdırılır, strateji tərəfdaşlıq xartiyasının imzalanması istiqamətində qətiyyətli addımlar atılır. Bu baxımdan Tramp administrasiyasının yanaşması daha real və daha effektiv görünür. Digər tərəfdən, ABŞ-nin hazırkı Cənubi Qafqaz siyasətində Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa yönəlik cəhdlər də müşahidə olunur. Çünki Ermənistan demək olar ki, bütün sahələr üzrə Rusiyadan asılı bir dövlətdir və belə bir ölkənin qısa müddətdə Qərbə tam istiqamət alması real görünmür. Buna baxmayaraq, ABŞ "Tramp marşrutu" çərçivəsində əldə edilən razılaşmalarla, eləcə də Vensin İrəvanda imzaladığı nüvə enerjisi ilə bağlı son sənədlə Ermənistanın Rusiya təsir dairəsindən çıxarılması prosesinin ilk mərhələsini başlatmış oldu. Böyük ehtimalla bu istiqamətdə yaxın gələcəkdə daha qətiyyətli addımlar atıla bilər. Lakin burada mühüm məqam ondan ibarətdir ki, ABŞ bu siyasəti həyata keçirərkən regionda sülhün və sabitliyin qorunmasına da xüsusi diqqət yetirməli olacaq. Çünki artıq Vaşinqtonda da anlayırlar ki, Ermənistan üzərindən qurulan bu strategiya iflasa uğraya bilər və bu risk yaxın aylarda xüsusilə aktuallaşa bilər. Səbəb ondan ibarətdir ki, Ermənistanda iyun ayında parlament seçkiləri keçiriləcək. Əgər Paşinyan hakimiyyəti bu seçkiləri uduzarsa və Rusiyanın agentura şəbəkəsinə bağlı qüvvələr hakimiyyətə gələrsə, bu, təkcə Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün ciddi dəyişikliklərə səbəb ola bilər. Çünki Rusiya regionda sülh və sabitlikdə maraqlı deyil və ən əsası, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını da istəmir. Bu baxımdan, hakimiyyət dəyişikliyi baş verərsə, Kremlin təsiri altında olan qüvvələrin atacağı ilk addımlardan biri Azərbaycan-Ermənistan sülh prosesini pozmağa yönəlik təxribatlar ola bilər. Rusiya bu prosesi siyasi müstəvidən çıxararaq hərbi-siyasi qarşıdurma mərhələsinə daşıya bilər. Bu isə Vaşinqtonda artıq razılaşdırılmış və paraflanmış sülh sazişinin imzalanmasını ciddi təhlükə altına sala bilər. Məhz buna görə də ABŞ bu real təhlükəni görür və Ermənistana diqqəti artırmağa çalışır. Vensin səfəri həm Rusiyaya ünvanlanan açıq mesaj, həm də Paşinyan hakimiyyətinə verilən siyasi dəstək kimi dəyərləndirilə bilər.

"Azərbaycana gəldikdə isə, Vensin Bakıya səfəri ABŞ-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Rusiyanın təsir dairəsində olan dövlət deyil və bu təsirdən artıq uzun müddətdir ki, uzaqlaşıb. Eyni zamanda Azərbaycan Qərbə inteqrasiya problemi olan ölkə də deyil. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı faydaya əsaslanan münasibətlər qurmağa üstünlük verir və geosiyasi balansı qorumağı bacarır. Bu baxımdan ABŞ-nin Rusiyadan "qorumalı" olduğu əsas ölkə məhz Ermənistan hesab olunur. Daha dəqiq desək, ABŞ-nin yaxın aylardakı əsas hədəfi Paşinyan hakimiyyətinin qorunub saxlanılmasıdır. Çünki yalnız bu halda Tramp marşrutunun reallaşması, nüvə enerjisi ilə bağlı razılaşmaların icrası və ümumilikdə ABŞ-nin Cənubi Qafqaz siyasətinin uğur qazanması mümkün ola bilər", - deyə ekspert əlavə edib.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
16
olaylar.az

1Sources