EN

Yurik Qasımovun lombardda batan 1 kilo qızılının aqibəti necə oldu? POLİSDƏN AÇIQLAMA

ain.az bildirir, Lent az portalına istinadən.

Sosial şəbəkə seqmentlərində Goranboy rayonu sakini Yurik Qasımov video müraciətlər paylaşaraq 2019-cu ildə lombarda 1 kiloqrama yaxın qızıl zinət əşyası qoyaraq 24.300 manat pul götürməsini, pulu ödəməsinə baxmayaraq ona aid dəyərli əşyaların mənimsənilməsini və təqsirkarların həbs edilməməsini səsləndirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılıb, o, dəfələrlə qəbul edilərək araşdırmanın nəticələri barədə ətraflı məlumatlandırılıb.

Y.Qasımovun qızıl-zinət əşyalarının və 30.000 manat pulunun “Sell Credit Lombard” MMC-nin rəhbər şəxsləri Şirxan Əliyev və Sərxan Əliyev tərəfindən ələ keçirilməsi barədə müraciəti üzrə Gəncə Şəhər Baş Polis İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı Y.Qasımov zərərçəkmiş şəxs qismində tanınıb, ifadəsi alınıb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Zərərçəkmiş şəxs ifadəsində 2019-cu ildə oğlu Xaliq Qasımovun adına 508,2 qram qızılı girov qoyaraq 24.300 manat kredit götürüldüyünü, sonradan borcun ödənilməsinə baxmayaraq qızıl-zinət əşyalarının qaytarılmadığını, həmin əşyaların geri alınması məqsədilə lombard rəhbərliyinə 30.000 manat verdiyini və həmin pulun da mənimsənildiyini iddia edib.

Sərxan Əliyev isə ifadəsində kredit öhdəliyinin vaxtında icra edilmədiyini, bu səbəbdən girov predmetinin müqavilə şərtlərinə uyğun olaraq hərrac yolu ilə realizə edildiyini bildirib.

İstintaq zamanı S.Əliyev tərəfindən 30.000 manat məbləğində vəsait Y.Qasımova ödənilib. Y.Qasımov ərizə ilə müraciət edərək şikayətinin olmadığını bildirib, habelə qızıl-zinət əşyalarının qaytarılması məsələsi ilə bağlı məhkəməyə müraciət etmək niyyətində olduğunu qeyd edib.

Toplanmış materiallar əsasında zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında barışığın əldə olunması və dəymiş ziyanın ödənilməsi nəzərə alınaraq Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
lent.az

1Sources