EN

Lənkəranda ərdən arvadına qarşı gecəyarısı dəhşətli əməl TƏFƏRRÜAT

ain.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Lənkəran rayonunda 1976-cı il təvəllüdlü Sərhad həyat yoldaşı Leylanı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

Hurriyyet.org Teleqraf-a istinadən xəbər verir ki, 2004-cü ildə o, rəsmi nikaha girərək birgə yaşadığı, 2023-cü ilin iyun ayından isə faktiki ayrı qaldığı arvadı Leyla ilə Lənkəran rayonunun kəndindəki evində mübahisə edib.

Sərhad arvadının rəsmən boşanmaq istəməsindən əsəbiləşib, mətbəxdən bıçaq götürərək qorxutmaq məqsədi ilə onu yerə yıxıb. Bıçağı arvadına tərəf hərəkət və nümayiş etdirib, ayrılacağı təqdirdə onu öldürəcəyini deyib. Arvadının onunla barışmaması və onu evə buraxmamasını özü üçün qəbuledilməz hal sayıb. Bu bəhanə ilə onu öldürmək qərarına gəlib.

Niyyətini həyata keçirmək üçün Sərhad 2025-ci il fevralın 5-də saat 23:30-da Leylanın yaşadığı evin qarşısına gəlib, onun işə getmək üçün evdən çıxmasını gözləyib. Fevralın 6-da gecə saat 00:30-da qadın evdən çıxaraq işə gedən vaxt ona yaxınlaşıb və bıçaqla zərbələr vurub.

Ümumilikdə 6 zərbə alan qadının hərəkətsiz vəziyyətdə yerdə qalmasını görən ər onun öldüyünü zənn edib və hadisə yerindən uzaqlaşıb.

Leyla qonşular tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb, ona ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas olub.

İstintaq orqanı tərəfindən Sərhadın barəsində Cinayət Məcəlləsinin 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.4 (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham elan edilib.

Sərhad ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, 2004-cü ildə bibisi qızı Leyla ilə rəsmi qaydada nikaha daxil olub: “Mən ustalıq etməklə və müxtəlif fərdi işlərlə məşğul olmaqla pul qazanıb ailəmi dolandırmışam. 2023-cü ilin yay aylarında ailəmdə yaranmış narazılıqlar ucbatından Lənkəran rayonunun kəndindəki evimdən çıxdım. Usta kimi fəaliyyət göstərdiyim üçün gah Bakı, gah Lənkəran şəhərində, gah da Rusiyaya gedərək işləmişəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisədən 1 ay 15 gün əvvəl Rusiyadan qayıdıb: “Lənkəran şəhərində, əvvəllər birlikdə işlədiyim usta tanışım Elməddinin yanında kirayədə qalmağa başladım. Kənddə özüm tikdiyim və arvadımın adına olan evə qayıtmaq istədim. Hadisədən təxminən bir həftə əvvəl evə gedərək ondan məni bağışlamasını və evimə buraxmasını xahiş elədim. O, məni görmək istəmədiyini bildirdi.

Davamlı olaraq hər gün evin həyətinə gələrək həyət-bacanı səliqəyə salırdım. Leylaya onunla barışmaq istədiyimi deyirdim. Lakin o məni evə buraxmırdı. Mən də məcbur qalaraq axşam yatmaq üçün dostum Elməddinin evinə gedirdim. Bu vəziyyətdən əsəbləşirdim”.

Sərhadın ifadəsinə görə, sonuncu dəfə fevralın 5-də evinin qarşısına gəlib və gözləməyə başlayıb: “Özümlə mətbəx bıçağı da götürmüşdüm. Leylanın çörək zavodunda işlədiyini və gecəyarısı işə getdiyini bilirdim. Saat 23:30-da ailəmin yaşadığı evin yaxınlığında küçədə gözləməyə başladım.

Fevralın 6-da gecə saat 00:15-də Leyla evdən çıxdı və qonşuluqda yaşayan bir oğlan uşağı getdi. Mən də onların dalınca getməyə başladım. Həmin vaxt çox əsəbiydim. Leyla arxasınca gəldiyimi gördü və qaçaraq getməyə başladı. Evdən xeyli uzaqlaşdıqdan sonra Leyla yeriməyə başladı. Arxadan gələrək ona çatdım. Leyla yanındakının qonşu uşağı olduğunu dedi. Uşaq qorxaraq qaçdı.

Bıçaqla Leylanın qarın nahiyəsinə bir zərbə endirdim. Leyla əyildi, onun bel və kürək nahiyələrinə daha bir neçə zərbə endirdim. “Bu həyatı yaşamağımızı istəyirdin?”- deməyə başladım. Leyla yalvararaq onu öldürməməyimi xahiş etdi. Mən isə zərbələrə davam etdim. Onun yerdə hərəkətsiz qaldığını görəndə öldüyünə əmin oldum və hadisə yerindən uzaqlaşdım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, səhər saatlarına kimi Lənkəran şəhərində küçələrdə gəzib, nə etdiyini anlaya bilməyib: “Sabah açılanda Elməddinin qaldığı evə getdim. Evdə heç kim yox idi. Gecə bərk yağış yağdığından üstüm tamam islanmışdı. Sobanın yanında paltarlarımı qurutduqdan sonra Lənkəran şəhərinə çıxdım. Çayxanada çay içdim, yemək yedim. Fevralın 7-də Yardımlı rayonuna, doğulduğum kəndə getdim. Evə çatdıqda anamın və qardaşımın artıq Leylanı bıçaqladığımı bildiklərini öyrəndim. Yuyunub əynimi dəyişəndən sonra polis əməkdaşları məni Yardımlı polis şöbəsinə çağırdılar. Lənkəran polis şöbəsinin əməkdaşları məni oradan Lənkəran polis şöbəsinə gətirdilər”.

Zərərçəkmiş Leylanın sözlərinə görə, dayısı oğlu Sərhadla evlilikdən iki övladı var: “Sərhadla qohumluğum olduğuna görə onun mənə və ailəmə göstərdiyi şiddətə göz yummuşam. 2023-cü ilin iyun ayında polisə müraciət etdim. Sərhad həmin hadisədən sonra evdən getdi. O, bir neçə dəfə barışmaq üçün evə gəlsə də, mən bununla razılaşmadım. Çünki Sərhadın xasiyyətinin düzələn olmadığını bilirdim.

Hadisədən təxminən on gün əvvəl yaşadığımız evə gəlib həyətdə yeri bellə yeri şumladı. Mən yenə də onu dindirmədim”.

Zərərçəkmiş qeyd edib ki, Sərhad yenə də evə qayıtmasına razılıq istəyib: “Mən isə uşaqların ondan qorxduqlarını dedim. Fevralın 6-da gecə evdən çıxaraq çörək zavoduna tərəf getməyə başladım. Qonşuluqda yaşayan Xəyal adlı oğlan da mənimlə çörək almaq üçün zavoda getdi.

Qapıdan çıxarkən Sərhadı evimizin qarşısında gördüm. Bu səbəbdən yolumu dəyişərək kəndin içində küçə ilə getməyə başladım. Evdən bir qədər uzaqlaşandan sonra geriyə baxanda gördüm ki, Sərhad arxamca gəlir. Mən qonşu uşağa qorxmamasını dedim. Sərhad mənə yaxınlaşdı, “məndən qaçırsan?” - deyib cibindən bıçaq çıxardı, qarnıma tərəf bir zərbə endirdi. Mən sol əlimi bıçağa atdım, əlimin içərisi kəsildi. Sərhad daha iki dəfə qarnıma bıçaqla zərbə endirdi. Xəyal qorxusundan qaçıb uzaqlaşdı. Sərhad isə məni bıçaqladıqdan sonra oradan qaçdı.

Qışqırıq səsimə atamın əmisi oğlu Eldar, onun oğlu Fuad və qonşuluqda yaşayan Şaiq gəldi. Onlar yoldan keçən taksini saxlatdırdı və məni Lənkəran rayon mərkəzi xəstəxanasına gətirdilər”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərhad 15 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Təqsirləndirilən şəxsin müdafəçisi hökmdən apellyasiya şikayəti verib. O, hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 134-cu maddəsi ilə bəraət verilməsini istəyib.

Müdafəçi həmçinin təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.4-cu maddələrindən həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunmasını və ona ədalətli cəza təyin olunmasını xahiş edib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət qismən təmin edilib və təqsirləndirilən şəxsin cəzası 10 il 6 aya endirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
1
hurriyyet.az

2Sources