EN

Bakıda İKT sahəsində Azərbaycan Türkiyə əməkdaşlıq forumu baş tutub

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyası (TÜBİSAD) və "Sistem Global Danışmanlık A.Ş" konsaltinq şirkətinin birgə təşkilatçılığı ilə "Azərbaycan - Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü" adlı tədbir reallaşdırılıb.

Oxu.Az xəbər verir ki, forumda Türkiyə və Azərbaycandan ümumilikdə 70 İKT şirkəti, maliyyə institutları, həmçinin hər iki dövlətin müxtəlif qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov forumun iki ölkə arasında rəqəmsal sahədə əməkdaşlığa əhəmiyyətli töhfə verəcəyini qeyd edib:

"Azərbaycan və Türkiyə rəqəmsal inkişafa dövlət səviyyəsində strateji baxış sərgiləyən ölkələrdir. Hər iki dövlət rəqəmsal texnologiyanı iqtisadi yüksəlişin, dövlət idarəetməsində effektivliyin və rəqabətqabiliyyətli biznes mühitinin əsas sütunlarından biri hesab edir. Bu forum vasitəsilə şirkət və qurumlar nəticəyönümlü əməkdaşlıq yaradaraq, mövcud potensialı daha da genişləndirə bilərlər".

Türkiyənin sənaye və texnologiya nazirinin müavini Zekeriya Çoştu öz çıxışında forumun iki ölkə arasında rəqəmsal əməkdaşlığın möhkəmləndirilməsində vacib rol oynayacağını bildirb:

"Bu forum Azərbaycan və Türkiyə arasında rəqəmsal transformasiya sahəsində strateji tərəfdaşlığın daha da gücləndirilməsi üçün mühüm platformadır. İKT, süni intellekt və innovativ texnologiyalar üzrə əməkdaşlığımız yalnız iqtisadi əlaqələri möhkəmləndirmir, eyni zamanda, regionda rəqabətqabiliyyətli və dayanıqlı rəqəmsal ekosistemin yaranmasına töhfə verir".

Forumun rəsmi hissəsində, həmçinin Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səhiyyətli səfiri Birol Akgün, TÜBİSAD-ın İdarə Heyətinin sədri Mehmet Ali Tombalak, İRİA-nın kommersiya üzrə baş inzibatçısı Salar İmaməliyev və "Sistem Global Danışmanlık A.Ş"nin İdarə Heyətinin sədri Hüseyin Karslıoğlu Azərbaycan və Türkiyə arasında İKT sahəsində güclənən əməkdaşlığın imkanlarına dair öz fikirlərini paylaşıblar.

Sonra Azərbaycan və Türkiyənin texnoloji və innovativ ekosistemləri barədə panel müzakirələri keçirilib. Hər iki ölkəni təmsil edən mütəxəssislər müzakirələr ərzində rəqəmsal transformasiya, "GovTech" texnologiyaları, süni intellekt, "ağıllı şəhərlər", İKT-də insan kapitalı və digər mövzularda fikir mübadiləsi aparıblar.

Forumun ikinci hissəsində Türkiyə və Azərbaycan şirkətlərinin, eləcə də dövlət qurumlarının iştirakı ilə B2B və B2G görüş sessiyaları həyata keçirilib. Bu sessiyalar çərçivəsində dövlət və özəl sektorda texnoloji həllər və innovativ yanaşmalar üzrə potensial əməkdaşlıq istiqamətləri qiymətləndirilib, investisiya, startaplar və texnoloji şirkətlər üçün maliyyələşmə və inkişaf perspektivləri müzakirə edilib.

Qeyd edək ki, forumun əsas hədəfi Azərbaycan və Türkiyə arasında İKT və rəqəmsal transformasiya sahəsində strateji əməkdaşlığın gücləndirilməsi, iki ölkənin texnoloji ekosistemləri, həmçinin biznes subyektləri və dövlət qurumları arasında nəticəyönümlü və davamlı tərəfdaşlığın formalaşdırılmasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
3
oxu.az

6Sources