EN

Nazir müavini: Azərbaycan süni intellekt hazırlığı üzrə Cənubi Qafqazda liderdir

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Ölkəmizin kağızsız hökumətə keçidi artıq tamamlanıb. Bu isə o deməkdir ki, biz hər il təxminən 5 700 ağacın kəsilməsinin qarşısını alırıq".

Oxu.Az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan-Türkiyə İKT biznes forumunda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

O bildirib ki, Azərbaycan və Türkiyə arasında elektron imzaların qarşılıqlı tanınması və rəqəmsal sənəd dövriyyə sistemlərinin inteqrasiyası texniki olaraq artıq başa çatıb və bütün test mərhələləri uğurla yekunlaşıb:

"Prosesin tam tətbiqi üçün zəruri hüquqi çərçivənin birgə formalaşdırılması istiqamətində işlər davam edir və ümidvaram ki, cənab səfirlə birlikdə bu mərhələni də qısa müddətdə tamamlayacağıq.

Azərbaycanın rəqəmsal inkişaf sahəsində atdığı addımlar beynəlxalq reytinqlərdə də öz təsdiqini tapır. BMT-nin Elektron Hökumət İnkişafı İndeksində ölkəmiz 9 pillə irəliləyərək "very high" kateqoriyasına daxil olub. Dünya Bankının Rəqəmsal Dövlət Texnologiyaları Yetkinlik İndeksində isə Azərbaycan A qrupunda mövqeyini qoruyur".

Nazir müavini əlavə edib ki, süni intellekt ölkəmizdə rəqəmsal ekosistemin ayrılmaz hissəsidir və strateji prioritet kimi müəyyən edilib:

"Bu istiqamətdə Süni İntellekt Strategiyası qəbul olunub, idarəetmə mexanizmləri formalaşdırılır, dövlət və özəl sektor arasında tərəfdaşlıq genişləndirilir. "Oxford Insights" indeksinə əsasən, Azərbaycan süni intellekt hazırlığı üzrə Cənubi Qafqazda liderdir və Türkiyənin də daxil olduğu regionun ilk beşliyində yer alır. 2025-ci il nəticələrinə görə ölkəmiz 42 pillə irəliləyərək 195 ölkə arasında 69-cu mövqedə qərarlaşıb.

Ötən ildən etibarən Süni İntellekt Akademiyası və Milli Süni İntellekt Mərkəzi fəaliyyətə başlayıb. Həmçinin hüquqi aktlar üzrə süni intellekt dəstəkli axtarış və təhlil imkanları təqdim edən e-qanun.ai platforması istifadəyə verilib. Bu, Azərbaycan dilində süni intellekt əsaslı dil resurslarının formalaşması istiqamətində mühüm ilk addımdır".

S.Məmmədov əlavə edib ki, nazirlik tərəfindən texnoparkların fəaliyyət dairəsi də genişləndirilir:

"Texnopark rezidentləri üçün mənfəət vergisi, dividend gəlirləri, torpaq vergisi üzrə güzəştlər, eləcə də sosial sığorta mexanizmlərinin sadələşdirilməsi şirkətlərin maliyyə dayanıqlığını artırır və sürətli inkişaf üçün əlverişli mühit yaradır.

Azərbaycan Türkiyənin rəqəmsal transformasiya sahəsində qazandığı zəngin təcrübədən faydalanmaqda maraqlıdır. Türkiyə bu sahədə formalaşdırdığı güclü ekosistemlə region üçün mühüm modeldir.

Eyni zamanda, Azərbaycan da öz potensialını Türkiyə ilə birlikdə gücləndirməyə hazırdır. Texnoparklarımız türk İKT şirkətləri ilə əməkdaşlığa açıqdır və onların fəaliyyətinin genişləndirilməsi üçün zəruri şərait mövcuddur. Azərbaycan texnologiya bazarı Türkiyə şirkətləri üçün dövlət layihələri, rəqəmsal xidmətlər və startap əməkdaşlığı baxımından əlverişli imkanlar təqdim edir.

Dövlət və özəl sektor arasında qurulacaq konkret tərəfdaşlıqlar iki ölkə arasında rəqəmsallaşma sahəsində əməkdaşlığı yeni mərhələyə yüksəldəcək".

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
oxu.az

2Sources