EN

Bakıda keçirilən məhkəmə prosesi münaqişələrin ədalətli həlli baxımından nümunədir - ŞƏRH



Azərbaycanın erməniəsilli təqsirləndirilən şəxslərlə bağlı məhkəmə prosesi postmünaqişə dövründə hüquqi suverenliyin real təzahürü kimi qiymətləndirilməlidir. Ölkə yalnız ərazi bütövlüyünü və tam suverenliyini bərpa etməklə kifayətlənməyib, eyni zamanda, insanlıq əleyhinə və müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə qarşısına çıxarılmasına nail olub. Bu, xüsusilə Prezident İlham Əliyevin hələ İkinci Qarabağ müharibəsindən əvvəl verdiyi vədlərin, Xocalı soyqırımı və digər ağır cinayətlərin icraçılarının ədalət mühakiməsinə cəlb olunacağına dair bəyanatların ardıcıl və prinsipial şəkildə icrası deməkdir. Xaricdən gələn siyasi təzyiqlərə baxmayaraq, bu mövqenin dəyişməməsi dövlət iradəsinin və hüquqi müstəqilliyin göstəricisidir.

Bu sözləri mətbuata açıqlamasında politoloq Züriyə Qarayeva söyləyib.

O bildirib ki, bu prosesin mühüm cəhətlərindən biri Azərbaycanın nadir ölkələrdən biri kimi heç bir xarici hərbi və ya hüquqi yardım olmadan həm suverenliyini bərpa etməsi, həm də müharibə cinayətkarlarının mühakiməsini təmin etməsidir. Dünya təcrübəsində bir çox münaqişələr formal olaraq bitsə də, cinayət törətmiş şəxslərin məsuliyyətdən kənarda qalması geniş yayılıb. Müqayisə üçün İsrail və keçmiş Yuqoslaviya nümunələri göstərir ki, müharibə cinayətkarlarının mühakiməsi mümkündür, lakin çox vaxt uzunmüddətli və mürəkkəb beynəlxalq səylər tələb edir. Azərbaycan isə bu yolu milli hüquq sistemi çərçivəsində, daxili resurslara söykənərək keçib.

"Bakıdakı məhkəmə prosesində səslənən ifadələr və təqdim olunan sübutlar Ermənistan dövlətinin və hakimiyyət strukturlarının Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərdə məsuliyyət daşıdığını açıq şəkildə ortaya qoyub. Təqsirləndirilən şəxslərin etirafları qondarma rejimin silahlılarının faktiki olaraq Ermənistan ordusunun tərkib hissəsi olduğunu təsdiqləyib, materiallar isə işğal, soyqırımı, urbisid və ekosidə görə dövlət məsuliyyəti məsələsini ön plana çıxarıb. Bu etiraf və sübutların ictimaiyyətə nümayiş etdirilməsi təkcə hüquqi deyil, həm də güclü informasiya və siyasi əhəmiyyət daşıyır. Proses ədalətin təntənəsi və münaqişələrin ədalətli həlli üçün nümunəvi model kimi təqdim oluna bilər”, - deyə politoloq vurğulayıb.



Chosen
4
2
aia.az

3Sources