EN

Qadınların içərisində rəqs etməsi mənə xoş gəlmədi Mələk restoranında dava düşdü

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sabirabad rayonunda 2024-cü ilin sentyabrın 15-də əsgər yola saldı məclisində baş verən dava ilə olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Demokrat.az-ın əldə etdiyi məlumata görə, bu iş üzrə 1995-ci il təvəllüdlü Firdovsi Məmmədov təqsirləndirilən şəxs qismində mühakimə edilib. O, həmkəndlisi Railə xəsarət yetirməkdə ittiham edilib. 

Belə ki, Firdovsi 2024-cü ilin sentyabrın 15-də, saat 20 radələrində, Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən “Mələk” şadlıq sarayında həmkəndlisinin hərbi xidmətə gedəcəyi ilə əlaqədar təşkil olunmuş musiqili məclisdə iştirak edib. O, sərxoş vəziyyətdə məclisin keçirildiyi zalda oynayan həmkəndlisi Railə yaxınlaşıb və rəqisinin dayandırmasını, yerinə keçərək oturmasını deyib. Bu zaman onların arasında mübahisə yaranıb. Firdovsi Railin üzərinə hücum edib, təpik və yumruqları ilə baş, bədəninin müxtəlif nahiyələrinə vurub. Hadisəni törədən Firdovsinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. Firdovsi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və ifadəsində göstərib ki, Sabirabad rayon Kürkəndi kəndində yaşayır: “Əmim nəvəsi Anar Məmmədlinin hərbi xidmətə gedəcəyim ilə əlaqədar sentyabrın 15-də Sabirabad şəhərində yerləşən “Mələk” şadlıq sarayında məclis təşkil olundu. Həmin məclis saat 17-də başladı. Məclis musiqili olmaqla məclisdə spirtli içki olan araq da verildi. Mən də həmin məclisdə iştirak etmişəm. Məclisdə də təxminən 40 nəfərə yaxın qohum-əqrəba və kənd sakinləri iştirak etdi. Mən yemək yeyərkən təxminən 500 qram araq içdim. Həmkəndlim Rail də həmin məclisdə iştirak etdi. Saat 20 radələrində onun musiqi sifariş verərək rəqs etdiyini gördüm. Rail rəqs edəndə qadınlardan da rəqs edən olub. Railin qadınların içərisində rəqs etməsi mənə xoş gəlmədi. Buna görə də oturduğum yerdən qalxdım və Railə yaxınlaşaraq onun qulağına söyüşlə söz deyərək yerində oturmasını dedim. Bu sözümdən sonra Rail mənə qarşı ucadan nalayiq söyüş söyərək əlləri ilə yaxamdan kənara itələdi. Elə bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı Rail bir dəfə yumruqla sifətimin sol tərəfindən vurdu. Railin zərbəsinin təsirindən arxaya getməklə səndələdim. Lakin yerə yıxılmadım. Rail məni vurduğu üçün onun üzərinə getdim. Amma ətrafda olan şəxslər məni və Raili kənara çəkdikləri üçün bir-birimizi vura bilmədik”.Təqsirləndirilən şəxs deyib ki, daha sonra məclisdə olan həmkəndliləri onu zaldan dəhlizə çıxarıb: “Bundan təxminən 10 dəqiqə sonra zala qayıdaraq məclisdə iştirak etdim. Mən zala qayıdarkən artıq Rail zalda olmayıb. Mən onun harada olduğunu bilməmişəm. Məclisdə təxminən 30 dəqiqədə iştirak etdim. Bundan sonra isə zaldan çıxdım və şadlıq sarayının həyətinə düşdüm. Şadlıq sarayının həyətində olarkən Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları gələrək məni polis şöbəsinə gətirdi. Bundan təxminən 15 dəqiqə sonra mənə məlum olan və məclisdə iştirak edən Sarxanbəyli kənd sakinləri Şöhrət və Şəhriyarın da polis şöbəsinə gətirdiklərini bildim. Lakin polis əməkdaşları Şəhriyar və Şöhrəti polis şöbəsinə niyə görə gətirdiklərini bilməmişəm”. Zərərçəkmiş Railin sözlərinə görə, sentyabrın 15-də bibisi nəvəsi Anar Məmmədlinin hərbi xidmətə getməsi ilə əlaqədar “Mələk” şadlıq sarayında keçirilən məclisdə iştirak edib: “Məclis saat 17-də başlasa da, mən saat 18 radələrində məclisə gəldim. Məclis musiqili olmaqla yanaşı, araq da verilirdi və məclisdə təxminən 50-60 nəfər şəxs iştirak edirdi. Yemək yeyərkən də təxminən 100 qram araq içdim. Saat 20 radələrində məclisdə iştirak edən qohumlarım rəqs edərkən məni də rəqsə dəvət etdilər. Ona görə rəqs etməyə başladım. Qohumlarla rəqs edərkən bizimlə bir yerdə qadınlardan da rəqs edən olub. Həmkəndlim Firdovsi də məclisdə iştirak edərək ayrı stolda əyləşdi. Rəqs edərkən Firdovsi mənə yaxınlaşdı, qulağıma aşağı oturmağımı, oynamamağımı dedi. Firdovsinin bu sözündən sonra ona işi ilə məşğul olmasını dedim. Bu sözü deyəndən sonra Firdovsi mənə qarşı söyüş söydü. Elə bu səbəbdən aramızda mübahisə yarandı. Mən də Firdovsini söyərək əlim ilə onu kənara itələdim, ona yumruq atdım. Elə bu zaman ətrafda olan məclis iştirakçıları topalanaraq bizi bir-birimizdən kənarlaşdırmağa başladılar. Məclis iştirakçıları bizi bir-birimizdən kənarlaşdırarkən Firdovsi üstümə, mən də onun üstünə gedərək bir-birimizə təpiklə vurmaq istədik. Lakin məclis iştirakçıları bizi savaşmağa qoymadı. Sonra iştirakçılar Firdovsini zaldan çölə çıxartdılar”. Zərərçəkmiş qeyd edib ki, daha sonra məclisdə iştirak edən sonradan adı ona məlum olan Sabirabad rayon Sarxanbəyli kənd sakini Şəhriyar adlı şəxs ona yaxınlaşıb və qadın-uşaq yanında söyüş söydüyü üçün onunla mübahisə etməyə başlayıb: “Məclis iştirakçıları Şəhriyarla mənim aramda mübahisə yarandığını gördü, bizi sakitləşdirdilər. Bundan sonra yerimdə əyləşdim. Əyləşəndən təxminən 3-4 dəqiqə sonra isə Firdovsinin qayıdaraq zala keçdiyini gördüm. Bundan sonra isə zaldan çıxaraq evimə getdim. Sonradan orada nə baş verib, verməməsindən məlumatı olmayıb. Məclisdə Firdovsi ilə aramızda olan söz-söhbətə görə də sentyabrın 16-da Sabirabad Rayon Polis Şöbəsinə gələrək onun barəsində şikayət ərizəsi yazdım”.Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Firdovsi 11  ay, 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təyin edilmiş cəza müddəti ərzində təqsirləndirilən şəxsə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməsi, həmçinin Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməsi qadağan olunub. Bundan əlavə ona bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
demokrat.az

1Sources