Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı, 11 fevral, AZƏRTAC
Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, dili və ictimai-siyasi həyatına dair növbəti kitab toplusu hədiyyə edilib.
Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, təqdim olunan nəşrlər həm Milli Kitabxananın fondları üçün, həm də Özbəkistanın 12 vilayətinin mərkəzi kitabxanaları üçün nəzərdə tutulub.
Kitabların təqdim olunması kitabxana fondlarının Azərbaycanla bağlı özbək dilində nəşr edilmiş ədəbiyyatla zənginləşdirilməsi istiqamətində formalaşmış ənənənin davamıdır və iki ölkə arasında humanitar əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Azərbaycan Respublikasının Prezidentinin ölkənin görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi ilə bağlı müvafiq sərəncamlarına uyğun olaraq hər il Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bir sıra nəşrlər özbək dilinə tərcümə edilərək çap olunur və Özbəkistanın kitabxana və təhsil müəssisələrinə təqdim edilir.
Təqdim edilən nəşrlər arasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş kitablar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti və ölkənin müasir inkişafını əks etdirən nəşrlər xüsusi yer tutur.
Təqdim olunan ədəbiyyatın mühüm hissəsini Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr olunmuş nəşrlər təşkil edir. Bu sırada Məhəmməd Füzuli, Üzeyir Hacıbəyli, Bəxtiyar Vahabzadə, Maqsud İbrahimbəyov kimi şəxsiyyətlərin irsinə dair kitablar yer alır.
Kitab fondunda həmçinin müasir bədii və elmi nəşrlər, tarixi-sənədli tədqiqatlar, Azərbaycan və Özbəkistan xalqları arasında çoxəsrlik mədəni əlaqələri və dostluğu əks etdirən materiallar, ikidilli danışıq kitabçaları, folklor toplusu və digər nəşrlər yer alıb. Ümumilikdə Özbəkistanın kitabxana müəssisələrinə min nüsxədən artıq kitab təqdim olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.