EN

Ər-Riyadda müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivləri müzakirə edildi

BAKI, 11 fevral. TELEQRAF

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən "World Defence Show 2026" sərgisi davam edir.

Bu barədə Teleqraf-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə iştirak edən müdafiə sənayesi naziri Vüqar Mustafayev fevralın 10-da Səudiyyə Ərəbistanı Hərbi Sənaye Baş İdarəsinin sədri Əhməd bin Əbdüləziz əl-Ohali və müdafiə nazirinin icra işləri üzrə müavini Xalid bin Hüseyn Əl-Biyari, Özbəkistan Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru Mansurjon İbodullayev, Pakistan Müdafiə İstehsalatı Nazirliyinin katibi Məhəmməd Çıraq Hayder, həmçinin ABŞ-nin "General Dynamics", "Teledyne-FLIR" və "Ansys" şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.

Görüşlərdə müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri nəzərdən keçirilib və inkişaf perspektivləri müzakirə edilib.

Danışıqlar zamanı müasir dövrdə müdafiə sənayesinin təkcə istehsal gücü ilə deyil, eyni zamanda elmi əsaslar, innovativ texnologiyalar və çevik idarəetmə modelləri üzərində formalaşdığı vurğulanıb, sənaye ilə elm arasında əlaqələrin gücləndirilməsinin strateji əhəmiyyət daşıdığı qeyd edilib. Texnoloji yeniliklərin izlənilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və uyğunlaşdırılması bu sahənin dinamik inkişafı üçün vacib istiqamətlər kimi dəyərləndirilib. Eyni zamanda, beynəlxalq sərgilərin və forumların bu prosesdə mühüm rol oynadığı bildirilib.

Müzakirələr zamanı təcrübə mübadiləsinin institusional əsaslar üzərində qurulmasının əhəmiyyətinə toxunulub.

Tərəflər qarşılıqlı ünsiyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, "World Defence Show 2026" sərgisi fevralın 12-də başa çatacaq.

Chosen
11
2
teleqraf.com

10Sources