EN

Novruzəli Aslanov: “Mövcud reallıqlar fonunda radikal müxalifətin isterik çıxışları, şər və böhtana əsaslanan bəyanatları sadəcə acınacaqlı görünür”



“ABŞ Ticarət Palatasının nümayəndə heyətinin Azərbaycana səfəri təkcə diplomatik və iqtisadi hadisə deyil, eyni zamanda ölkə daxilində illərdir reallıqdan uzaq, qərəzli və destruktiv ritorika üzərində qurulan radikal müxalifət təbliğatına verilmiş tutarlı cavabdır. Bu səfər faktiki olaraq sübut edir ki, öz xalqının uğurlarını həzm edə bilməyən, qara piar üzərindən mövcudluğunu qorumağa çalışan qaragüruhçu qüvvələrin “Azərbaycanda investisiya mühiti yoxdur”, “ölkəyə etibar edilmir”, “demokratiya boğulub” kimi iddiaları tamamilə iflasa uğrayıb.”

Bunları aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin ABŞ Ticarət Palatasının nümayəndələri ilə görüş zamanı səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan–ABŞ münasibətləri ardıcıl və sistemli şəkildə inkişaf edir: “Xüsusilə qeyd etmək lazımdır ki, bu səfərin iki ölkə arasında münasibətlərin fəal mərhələsində baş tutması təsadüfi deyil. Əgər Azərbaycan radikal müxalifətin iddia etdiyi kimi “təcrid olunmuş”, “etibarsız” və ya “qapalı” ölkə olsaydı, dünyanın ən nüfuzlu biznes platformalarından birini təmsil edən heyət bu səviyyədə və bu məqamda Bakıya səfər etməzdi. Cənab Prezident İlham Əliyevin diqqət çəkdiyi mühüm məqamlardan biri də Azərbaycan–ABŞ təmaslarının təkcə siyasi deyil, məhz biznes, sərmayə və strateji iqtisadi gündəlik üzərində qurulmasıdır. Bu reallıq radikal müxalifətin illərdir səsləndirdiyi primitiv tezisləri tamamilə alt-üst edir. Çünki beynəlxalq biznes dairələri emosiyalara yox, sabitliyə, hüquqi mühitə, öhdəliklərin icrasına və gələcək perspektivlərə əsaslanaraq qərar verirlər. ABŞ Ticarət Palatasının səfəri isə həmin meyarların Azərbaycanda mövcud olduğunun açıq göstəricisidir. Diqqətəlayiq haldır ki, bu gün Azərbaycan enerji və ticarətlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt kimi gələcəyin iqtisadiyyatını formalaşdıran sahələrdə də etibarlı tərəfdaş kimi çıxış edir. Radikal müxalifət isə hələ də köhnə şablonlarla, köhnəlmiş ritorika ilə ictimai rəyi çaşdırmağa çalışır və bununla öz intellektual iflasını nümayiş etdirir. Xüsusilə enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu artıq mübahisə mövzusu deyil. Azərbaycan Avropa İttifaqı və NATO üzvü olan onlarla ölkənin enerji təhlükəsizliyində açar mövqedə dayanır. Öhdəliklərinə sadiq, siyasi manipulyasiyalardan uzaq, biznes etikasına hörmətlə yanaşan dövlət modeli Azərbaycanın beynəlxalq etibarını daha da gücləndirir. Məhz bu etibar fonunda ABŞ biznes dairələrinin ölkəmizə marağı artır. Bu reallıqlar fonunda radikal müxalifətin isterik çıxışları, şər və böhtana əsaslanan bəyanatları sadəcə acınacaqlı görünür. Onlar Azərbaycanın uğurlarını inkar etdikcə, beynəlxalq aləm bu uğurları konkret addımlarla təsdiqləyir. ABŞ Ticarət Palatasının səfəri bir daha sübut etdi ki, Azərbaycan güclü dövlət, etibarlı tərəfdaş və cəlbedici investisiya məkanıdır. Radikal müxalifətin öz xəyali dünyasında uydurduğu miflər isə artıq çoxdan beynəlxalq səviyyədə qəbul olunan reallıqlar qarşısında darmadağın olub” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Chosen
23
aia.az

1Sources