EN

Türkiyədə yaşanan dəhşətin səs sədası Azərbaycana çatdı Pərdəarxası məqamlar

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Türkiyədə bir nəfər əvvəlcə 57 yaşlı anası, sonra 8 yaşlı qızını qətlə yetirib. Onların cəsədlərini avtomobilinin baqajına qoyub və boşanma ərəfəsində olduğu həyat yoldaşının yanına gedərək onu da öldürüb, ardınca isə intihar edib. Son illərdə boşanma ərəfəsində olan kişilərin həyat yoldaşlarını öldürdüyü, ya da ölümlə hədələdiyinə dair hadisələr çoxalıb. Hətta həyat yoldaşlarını övladlarının canı ilə təhdid edən, öz uşaqlarını da öldürənlər var. Ölkəmizdə də eyni halların yaşandığı bildirilir.

Maraqlıdır, kişilər boşanmanı niyə aqressiv şəkildə qəbul edir? Onları ailə üzvlərini, hətta ana və övladlarını qətlə yetirməyə vadar edən səbəb nədir?

Globalinfo.az-a danışan Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı deyib ki, son dövrlər müşahidə etdiyimiz bu vəziyyətin bir neçə əsas və çoxsaylı səbəbləri mövcuddur:

“Bunların başında mənəvi deqradasiya dayanır. Cəmiyyətdə insanların mənəvi, psixoloji və əxlaqi dəyərləri dəyişir, nəticədə qəbul edilməsi çətin olan hallar ortaya çıxır. Eyni zamanda psixi problemləri olan şəxslərin törətdiyi hadisələr də mövcuddur ki, bu artıq tibbi diaqnozla bağlı məsələdir. Digər mühüm səbəb insanlar arasında, xüsusilə ailədaxili münasibətlərin gərginləşməsidir. Ailə münasibətləri getdikcə mənəvi dəyərlər üzərində deyil, maddi maraqlar əsasında qurulur. Bu da tərəflərin bir-birinin həyatına ciddi zərər vurmasına, boşanmalara və ailələrin dağılmasına gətirib çıxarır. Boşanma isə yalnız iki nəfərin ayrılması deyil, eyni zamanda, uşaqların psixoloji problemlərlə üzləşməsi deməkdir.

Müşahidələr göstərir ki, boşanmaların təxminən yarısında məsuliyyət kişilərin, digər yarısında isə qadınların üzərinə düşür. Bu isə problemin sistemli və hər iki tərəfi əhatə edən xarakter daşıdığını göstərir. Cəmiyyət olaraq ailə və milli dəyərlərimizdən uzaqlaşmışıq, “müasirlik”, “azadlıq” anlayışları adı altında bir çox mənəvi meyarlar arxa plana keçib. Nəticədə maddiyyata əsaslanan, eqoist münasibətlər formalaşıb, fədakarlıq və qarşılıqlı məsuliyyət zəifləyib”.

Elçin Bayramlı

Sosioloq bildirib ki, ailəyə kənar müdaxilələr, qohumların göstərdiyi mənfi təsirlər, xəyanət halları, eləcə də maddi və sosial problemlər ailə institutunu sarsıdan əsas amillərdəndir:

“Bütün bu faktorlar birgə şəkildə ailə dəyərlərinin zəifləməsinə və ailə institutunun dağılmasına səbəb olur. Hazırda boşanma göstəricisinin 50 faizə çatması ciddi narahatlıq doğurur və bu, dünyada ən yüksək göstəricilər sırasındadır. Ailə cəmiyyətin əsas və ən möhkəm dayağıdır. Sağlam cəmiyyət yalnız möhkəm ailələr üzərində formalaşa bilər. Buna görə də ailəyə məsuliyyətlə yanaşılmalı, ona müvəqqəti və ya formal bir birlik kimi baxılmamalıdır. Uşaqlar və gənclər ailənin bir dəfə və ciddi məsuliyyətlə qurulan institut olduğu düşüncəsi ilə tərbiyə edilməlidir. Tez-tez baş verən boşanmalar uşaqlarda dərin psixoloji travmalar yaradır və onların gələcək həyatına mənfi təsir göstərir. Təəssüf ki, bəzi hallarda bu proses ailədaxili zorakılığa, qətllərə, hətta ağır cinayətlərə qədər gedib çıxır. Buna görə də ailə dəyərlərinin milli-mənəvi əsaslar üzərində təbliği vacibdir. Bu istiqamətdə həm media, həm cəmiyyət, həm də valideynlər üzərinə böyük məsuliyyət düşür”.

Elçin Bayramlı qeyd edib ki, dövlət xüsusilə gənc və aztəminatlı ailələrə sosial dəstək mexanizmlərini gücləndirməlidir:

“Belə olmalıdır ki, kiçik maddi problemlər böyük sosial fəsadlara, namus cinayətlərinə çevrilməsin. Dəyərlərin təbliği ilə yanaşı, sosial təminatın gücləndirilməsi sağlam ailə modelinin formalaşdırılmasına xidmət edər. Sağlam ailə sağlam cəmiyyət, sağlam cəmiyyət isə güclü dövlət deməkdir. Milli dəyərlərin, ailə institutunun və dövlətçilik şüurunun qorunub inkişaf etdirilməsi bu problemlərin aradan qaldırılmasının əsas yoludur. Bu istiqamətdə atılacaq addımlar gələcək nəsillərin və bütövlükdə cəmiyyətin sağlam formalaşmasına imkan verəcək”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
1
globalinfo.az

2Sources