EN

Trampın kəşfiyyat rəhbəri Qabbard xüsusi işçi qrupunu ləğv edib

BAKI, 11 fevral. TELEQRAF

ABŞ-nin Milli Kəşfiyyat Direktoru Talsi Qabbard ötən il yaratdığı və kəşfiyyat qurumlarında siyasiləşməni aradan qaldırmağı hədəfləyən xüsusi işçi qrupunun fəaliyyətini dayandırdığını açıqlayıb. Tənqidçilər bu qurumu Tramp administrasiyasının siyasi hücum aləti kimi qiymətləndirirdilər.

Teleqraf xəbər verir ki, "Reuters"in məlumatına görə, Talsi Qabbard Direktorun Təşəbbüslər Qrupu adlanan strukturun əməkdaşlarını agentliyin digər bölmələrinə yönləndirdiyini bildirib. Mənbələrin sözlərinə görə, qrupun bağlanması ilə bağlı qərar bəzi mümkün səhvlərdən sonra verilib. Qabbardın ofisi isə hər hansı yanlış addımın olduğunu inkar edib və qurumun əvvəlcədən müvəqqəti xarakter daşıdığını qeyd edib.

Talsi Qabbard "Reuters"ə açıqlamasında deyib ki, bu qrup qısa müddətli layihələr, o cümlədən prezidentin icra sərəncamları üzrə prioritet tapşırıqları yerinə yetirmək üçün yaradılmışdı. Onun sözlərinə görə, müvəqqəti olaraq bu qurumda çalışan əməkdaşların təcrübəsindən indi Milli Kəşfiyyat Direktoru Ofisinin digər komandalarında istifadə olunacaq.

Məlumata görə, Direktorun Təşəbbüslər Qrupu Konqres üzvləri tərəfindən də tənqid olunurdu. Onların bir qismi qurumun strukturunu qeyri-şəffaf hesab edirdi. Dekabr ayında Konqres Qabbarddan bu qrupun rəhbərliyi, ştat sayı və işə qəbul qaydaları barədə məxfi hesabat təqdim etməyi tələb edən qanun qəbul edib. Hesabatın təqdimetmə müddəti ötüb, lakin Milli Kəşfiyyat Direktoru Ofisinin sözçüsü məlumatların yenə də Konqresə təqdim ediləcəyini bildirib.

Qrupun fəaliyyətinin dayandırılması Qabbard üçün həssas bir vaxta təsadüf edir. Belə ki, demokratlar onun yanvarın 28-də Corciya ştatında seçki arxivindən bülleten qutularının və digər materialların götürüldüyü FTB reydi zamanı iştirakına görə narahatlıq ifadə ediblər. Reuters ötən həftə həmçinin Qabbardın ofisinin ötən il Puerto Rikoda səsvermə maşınları ilə bağlı aparılan araşdırmaya da nəzarət etdiyini yazıb.

Ağ Ev Qabbardın ABŞ-də seçki təhlükəsizliyinin yoxlanılmasında rolunu müdafiə etsə də, Konqresdəki demokrat liderlər onun səlahiyyət həddini aşdığını və Tramp administrasiyasının gələcək seçkilərə müdaxilə edə biləcəyini iddia edirlər.

Direktorun Təşəbbüslər Qrupunun tərəfdarları qurumun nailiyyətləri sırasında sabiq prezident Con Kennedinin qətli ilə bağlı sənədlərin məxfilikdən çıxarılmasını və Prezident Donald Trampın vəzifəyə başladıqdan sonra verdiyi bir sıra icra sərəncamlarının icrasını göstərirlər. Lakin tənqidçilər kəşfiyyat orqanlarında siyasiləşməyə qarşı mübarizənin əslində partiyapərəst xarakter daşıdığını deyirlər.

Milli Kəşfiyyat Direktoru Ofisi, həmçinin, əsas uğurlardan biri kimi, Talsi Qabbardın sabiq prezident Barak Obamanın Rusiyanın 2016-cı il prezident seçkilərinə Trampın xeyrinə təsir göstərməsi ilə bağlı qiymətləndirmənin hazırlanmasına göstəriş verdiyini iddia etdiyi sənədlərin məxfilikdən çıxarılmasını göstərib. Lakin bu iddialar 2025-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatı, 2018-ci ildə Senatın iki partiyalı Kəşfiyyat Komitəsinin məruzəsi və xüsusi prokuror Robert Müllerin istintaqı ilə təkzib olunub. Həmin istintaq çərçivəsində 25 Rusiya vətəndaşı ittiham edilib, Barak Obama isə hər hansı qanunsuzluq etdiyini inkar edib.

Senatın Kəşfiyyat Komitəsində aparıcı demokrat olan Mark Uorner ötən il Reuters-ə müsahibəsində bu qrupun Trampa sadiq hesab edilməyən kəşfiyyat əməkdaşlarına qarşı “cadugər ovu” apardığını düşündüyünü bildirib, lakin konkret sübut göstərməyib.

Mənbələrin sözlərinə görə, qrupun fəaliyyətinin dayandırılmasına təsir edən amillər arasında səhvlər də olub. Onların bildirdiyinə görə, bu qurum 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan bir gün əvvəl Vaşinqtonda Demokrat və Respublikaçı partiyaların qərargahları yaxınlığında boru bombalarının yerləşdirilməsi işi ilə əlaqədar bir federal təhlükəsizlik əməkdaşını səhvən günahlandırıb. Milli Kəşfiyyat Direktoru Ofisinin sözçüsü isə bunu təkzib edərək, qurumun məlumat verən şəxsdən daxil olan iddianı hüquqi öhdəlik çərçivəsində ötürdüyünü və prosesə hüquqşünasların cəlb olunduğunu bildirib.

Chosen
43
teleqraf.com

1Sources