EN

Avropada “dron divarı” ideyası yenidən gündəlikdədir

Brüssel, 11 fevral, AZƏRTAC

Son bir həftə ərzində Avropa mediasında yayımlanan icmallar göstərir ki, Avropa İttifaqında dron təhlükəsi ilə bağlı narahatlıq açıq şəkildə artır. Son aylarda Avropanın şərq hava sərhədlərinin dəfələrlə pilotsuz uçuş aparatları tərəfindən pozulması Avropa İttifaqı (Aİ) üçün mövcud müdafiə mexanizmlərinin yetərsiz olduğunu üzə çıxarıb. Bu vəziyyətə cavab olaraq Brüssel “dron divarı” adlandırılan yeni təşəbbüsü yenidən gündəmə gətirib. Söhbət fiziki baryerdən deyil, düşmən dronlarını vaxtında aşkar edib zərərsizləşdirməyə yönəlmiş rəqəmsal və texnoloji sistemdən gedir.

AZƏRTAC xəbər verir ki, uzun müddət kağız üzərində qalan layihə son insidentlərdən sonra sürət qazanıb. Dronların mülki hava limanlarının fəaliyyətinə mane olması və hərbi obyektlər üzərində müşahidə edilməsi maliyyə resurslarının və siyasi iradənin formalaşmasına səbəb olub. Avropa Komissiyası artıq təşəbbüsün genişləndirilməsini və onun Avropanın şərq sərhədlərindən kənara çıxaraq bütün qitəni əhatə etməsini təklif edib.

Layihə yaxın vaxtlarda açıqlanması gözlənilən müdafiə hazırlığı planına daxil ediləcək. Bununla belə, “dron divarı” anlayışı özü müəyyən suallar yaradır. Təhlükənin dinamik xarakter daşıdığı şəraitdə statik sistemlərin effektivliyi müzakirə mövzusudur. Hələlik hansı tip dronlara qarşı müdafiə qurulacağı, texnologiyanın nə dərəcədə çevik olacağı və sistemin tez köhnəlməsinin qarşısının necə alınacağı aydın deyil.

Mütəxəssislər bildirirlər ki, əsas hədəf dronları mövcud üsullardan daha ucuz və effektiv şəkildə zərərsizləşdirmək olmalıdır. Bu isə yeni texnologiyalarla yanaşı, genişmiqyaslı kadr hazırlığı və təlim proqramları tələb edir. İlkin hesablamalara görə, layihənin dəyəri təxminən 1 milyard avro ola bilər. Rəqəmin artması da istisna edilmir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Chosen
40
1
azertag.az

2Sources