ain.az, Sherg.az saytına istinadən bildirir.
Onunla tanışlığımız ötən əsrə - 1978-ci ilə gedib çıxır. BDU-nun jurnalistika fakültəsinə qəbul edilən, qıvrım və çodsaçlı, mehriban baxışlı bu gənclə ilk dəfə görüşəndə elə bil uzun illərin tanışları idik. Aramızda izaha ehtiyac duymayan bir doğmalıq yaranmışdı – sakit, səmimi və təbii. Sonralar maraqlı və duyğulu şeirlər yazdığını öyrənəndə bu yaxınlıq daha da möhkəmləndi.
Bizdən cəmi bir kurs aşağı oxusa da, qrupumuzdakı naxçıvanlı uşaqlarla – Əli, Etibar və Şamillə olan yaxınlığı onu tələbə çevrəmizin bir parçasına çevirmişdi. Bu gün də bəzən düşünürəm ki, Sadiq əslində bizimlə bir qrupda oxuyub – sadəcə rəsmi siyahıda yox, ürəyimizdə.
Universitetə birbaşa məktəb partasından yox, həyatın içindən gəlmişdi. Ordubadın Üstüpü kəndində doğulmuş, səkkizillik təhsilini kənd məktəbində almış, orta təhsilini isə Bakıda – 1 nömrəli fizika-riyaziyyat təmayüllü məktəbdə başa vurmuşdu. Ali məktəb arzusu ona da bir çoxumuz kimi asanlıqla qismət olmamışdı. İki il ardıcıl yüksək bal toplasa da, müsabiqədən keçə bilməmişdi – cəmi yarım bal çatmamışdı. Bu məğlubiyyəti də özünəməxsus yumorla qarşılayardı: “Çatmayan bal Ordubad balı deyildi, başqa şey idi…” – deyə gülümsəyərdi.
Sonralar həmin o “başqa şeylər” onun taleyində tək bir dəfə yox, dəfələrlə qarşısına çıxacaqdı. Amma o, bütün bu maneələri sakit dözümlə və içindəki inamı itirmədən adlamağı bacaracaqdı.
Sovet ordusundakı xidmətini başa vurandan sonra Sumqayıta – Boru-Prokat Zavoduna işə gəldi. Zavod həyatı ağır idi, amma onun taleyində işıqlı bir qapı da orada açıldı. Həftədə bir dəfə nəşr olunan “Metallurq” zavod qəzeti – yaxşı insanların sayəsində – gənc Sadiqi öz sıralarına qəbul etdi. Məhz həmin qəzetdə dərc olunan şeirləri və publisistik yazıları onu hələ jurnalistika fakültəsinin tələbəsi olmadan jurnalist kimi tanıtdı. Sözlə nəfəs alan, mətbuata içdən bağlı bir gəncin formalaşması zavod sexlərində başladı.
Sonralar – artıq istehsalat həyatından gəlmiş bir gənc kimi – universitetin jurnalistika fakültəsinə daxil oldu. Beş illik təhsil dövrü isə demək olar ki, bütövlükdə “əla”larla keçdi. Qiymət kitabçasında cəmi bir fəndən “dörd” vardı – deyəsən, ya Elmi kommunizmdən, ya da Tarixi materializmdən. “Böyük itkisi” bu oldu ki, Lenin təqaüdü ala bilmədi. Sonradan öyrəndik ki, bu da vaxtilə yarım balın çatmaması kimi, yenə hansısa “başqa şeylərin” nəticəsi imiş...
Bu fənlərin adları yaddaşıma bir də ona görə həkk olunub ki, tələbə yoldaşımız, Qarabağ tarixinin tanınmış tədqiqatçısı Vasif Quliyev zarafatla bu siyahıya Partiya tarixini də əlavə edər, sonra da gülümsəyərək deyərdi: “Bu fənlərdən əziyyət çəkənlər bu millətin əsil övladlarıdır...”
Sadiq isə həqiqətən millətini sevən, vicdanlı və məsuliyyətli bir tələbə idi. Elə buna görə də diplom rəhbəri kimi böyük ziyalı, görkəmli və prinsipial alim Şirməmməd Hüseynovu seçməsi təsadüf deyildi. Açığı, mövzunu və rəhbəri seçməyə Sadiqin həm biliyi, həm də cəsarəti çatmışdı. “İdeoloji mübarizədə mətbuatın rolu” mövzusunda yazdığı diplom işi Şirməmməd müəllim tərəfindən yüksək qiymətləndirildi və rəyində bu tədqiqatın namizədlik dissertasiyası səviyyəsində davam etdirilməsini tövsiyə etdi.

Soldan-Sovet kosmik proqramının banilərindən biri Kərim Kərimov, Naxçıvan Viyayət Partiya Komitəsinin 2-ci katibi Bəhruz Əliyev, “Azərinforum”un müxbiri Namiq Əhmədov və AzTV-nin müxbiri Sadiq Gözəlov.
Naxçıvan. 1990
Əslində, bu mövzu o zaman da aktual idi, bu gün isə bəlkə daha da aktualdır. Sadiq informasiya savaşını sadəcə nəzəri problem kimi deyil, milli məsuliyyət kimi təqdim edirdi. Müstəqilliyin ilk illərində insanların böyük maraqla dinlədiyi “Azadlıq”, “Azad Avropa”, “Amerikanın səsi” kimi radiostansiyaların fəaliyyətinə də məhz vətənpərvər mövqedən yanaşırdı.Bəzən tənqid edir, bəzən də sətiraltı təqdimatlarla düşündürücü yozumlar verirdi. Onun diplom işində bir xətt aydın görünürdü – informasiya meydanında da millətin tərəfində olmaq.
Sadiq fakültəni bizdən bir il sonra – 1983-cü ildə bitirdi. Bakıda qalmaq üçün real imkanları da vardı. Hətta mərhum Nəsir İmanquliyevin onu redaktoru olduğu “Bakı” qəzetinə dəvət etdiyi də deyilirdi. Bu, gənc jurnalist üçün böyük etimad və böyük şans idi.
Amma Sadiq başqa yol seçdi. Ailə vəziyyəti onu Naxçıvana apardı. O dövrdə jurnalistika fakültəsini bitirənlərə təyinat yox, göndəriş verilirdi. Universitetin rektoru Faiq Bağırzadənin imzası ilə aldığı göndərişlə Sadiq vilayət partiya komitəsinin birinci katibinin qapısını aça bildi.Amma tale yenə də köhnə tanış üslubunu dəyişmədi.
İllər əvvəl müsabiqədə “çatmamış bal” necə qarşısına çıxmışdısa, bu dəfə də başqa adla yenə yolunu kəsdi. Birinci katib aidiyyəti şəxslərə açıq göstəriş verdi:
– Qəzetdə, ya da televiziyada işlə təmin edin. “Baş üstə” dedilər. Ancaq bu “baş üstə”lər “yer yoxdur”, “boş yer olanda xəbər edərik” və “sonra baxarıq” kimi tanış cümlələrlə əvəz olundu. Deməli, bu dəfə də bal çatmırdı…Sadəcə, balın adı yox idi – yer yox idi.
Uzun gözləntilərdən sonra Sadiq nəhayət vilayət komsomol komitəsində mühazirəçi vəzifəsinə qəbul olundu. Ardınca təbliğat və mədəni-kütləvi işlər şöbəsində inspektor, bir müddət sonra isə həmin şöbənin müdiri oldu.Vəzifəsi dəyişdi, ünvanı dəyişdi, amma içindəki jurnalist olmaq arzusu dəyişmədi. Əksinə, mətbuatla bağlılığı daha da dərinləşdi. Sanki söz və fikir onun taleyindən geri çəkilmək istəmirdi.
Komsomolda işlədiyi illərdə Sadiq Naxçıvan Televiziyası ilə də sıx əməkdaşlıq edir, bir sıra veriliş və süjetlər hazırlayırdı. Bu işlər qısa vaxtda televiziya rəhbərliyinin və tamaşaçıların diqqətini cəlb etmişdi. AzTV-nin tanınmış jurnalisti Telli Pənahqızının Naxçıvana səfəri isə onun taleyində dönüş nöqtəsinə çevrildi. Həmin vaxt Naxçıvan üzrə xüsusi müxbir yeri boş idi və Telli Pənahqızının təklifi ilə Sadiq bu vəzifəyə namizəd göstərildi. O dövrdə AzTV-nin region üzrə xüsusi müxbir olmaq son dərəcə nüfuzlu sayılırdı və respublika üzrə cəmi üç belə müxbir fəaliyyət göstərirdi: Gəncədə, Qarabağ regionunda və Naxçıvan Muxtar Respublikasında.
O, özü bu illəri belə xatırlayır:
- Hər şey Telli Pənahqızının xahişi ilə Naxçıvandan bir süjet hazırlamaqla başlamışdı. O vaxt “Günün ekranı” proqramında kəskin və cəsarətli tənqidi materiallara geniş yer verilirdi. Telli xanım və operator Ənvər Rəhimovla birlikdə Naxçıvan dəmir yolu stansiyasının dalan yollarında baxımsız vəziyyətdə qalan yüklər barədə süjetlər hazırladıq. Bu hadisələr 1986-cı ilin sonu – 1987-ci ilin əvvəllərinə təsadüf edirdi. Milyonlarla manat dəyərində avadanlıq və mallar məsuliyyətsizlik ucbatından açıq havada, yağış və qar altında qalmışdı. Mümkün təzyiqlərdən ehtiyat edən Telli xanımın tövsiyəsi ilə mən efirdə görünmədim, yalnız mikrofonu tutdum, mətn isə diktor tərəfindən səsləndirildi.
İlk süjet efirə gedən kimi Naxçıvanda böyük səs-küy yaratdı. Materialın komsomol komitəsində çalışan əməkdaş tərəfindən hazırlandığı bilinsəydi, onun ciddi problemlərlə üzləşəcəyi şübhəsiz idi. Süjet AzTV rəhbərliyində, xüsusən də o vaxtkı Teleradio Komitəsinin sədri Elşad Quliyevdə müsbət təəssürat yaratmışdı. O, Sadiqin müxbir kimi işə cəlb olunması məsələsi barədə Azərbaycan komsomolunun birinci katibi Cahangir Müslümzadə ilə birbaşa danışıq aparıldı.
Naxçıvan rəhbərliyi onu buraxmaq istəməsə də Sadiq ixtisası üzrə işləmək qərarından dönmədi. Nəticədə o, AzTV-nin Naxçıvan Muxtar Respublikası üzrə xüsusi müxbiri təyin olundu və 1995-ci ilin iyun ayınadək – Daxili İşlər Nazirliyinə keçənədək – televiziyada fəaliyyət göstərdi. Bu illər ərzində Naxçıvanın bütün bölgələrində, ən gərgin və riskli məkanlarda oldu.
Qarabağ hadisələrinin alovlandığı illər isə Sadiq və operator Ənvər Rəhimov üçün sadəcə jurnalistika deyil, real müharibə oldu. 1988-ci ilin mayında Naxçıvanın o zamankı daxili işlər naziri Ramil Usubovun köməyi ilə Vedi rayonunun Şirazlı kəndində azərbaycanlılara qarşı törədilən vəhşiliklərdən dərhal sonra onlar gizli yollarla hadisə yerinə gedərək Arazboyu ərazilərə – Şiddi və Xəlisə kəndlərinə sığınmış qaçqınlarla görüşdülər və faciənin miqyasını əks etdirən geniş reportaj hazırladılar. Bu çəkilişlər erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı törətdiyi zorakılıqları ölkə rəhbərliyinə faktlarla göstərdi.
Sonrakı illərdə Sadiq Naxçıvanın Sədərək, Şərur, Şahbuz, Ordubad və Babək rayonlarında baş verən hücumlar zamanı dəfələrlə ön xəttdə olmuş, yerli əhalinin qəhrəmanlıq və müqavimətini lentə alaraq AzTV-yə göndərmişdir. 1991-ci ilin avqustunda isə Mehri rayonunun Nüvədi kəndindən zorla çıxarılan sakinlərlə Zəngilan ərazisində görüşmüş, həm Mehri, həm də Zəngilan və Cəbrayıldan müharibə reportajları hazırlamışdır.
1990-cı ilin o son dərəcə ağır və taleyüklü günlərində həyat yolum Sadiqlə Naxçıvanda kəsişdi və biz bir müddət eyni cəbhədə – informasiya cəbhəsində çiyin-çiyinə çalışdıq. Ulu Öndər Heydər Əliyevin iyul ayında Naxçıvana gəlişindən cəmi bir həftə sonra mən Azərinform Dövlət İnformasiya Agentliyinin (indi AzərTAC) xüsusi müxbiri kimi bu diyara göndərildim. Həmin günlər Naxçıvanın tarixində tamamilə yeni bir mərhələnin başlanğıcı idi.
Xalqın ümid yerinə çevrilmiş Heydər Əliyevin Naxçıvana qayıdışı yalnız adi bir hadisə deyildi – bu, sözün həqiqi mənasında, Azərbaycanın parçalanmaq və yox olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə xilaskar bir missiya idi. O, həm xalqa arxa durdu, həm də öz gücünü məhz xalqın iradəsindən aldı. Məhz belə bir ağır vaxtda Heydər Əliyevin Naxçıvana gəlişi insanların ruhunda ümid və inam yaratdı. Sonra onun Ali Məclisin sədri seçilməsi və qəbul edilən taleyüklü qərarlar Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində həlledici rol oynadı. Lakin zamanın acı paradoksu bundan ibarət idi ki, Bakıda Naxçıvanda baş verən bu tarixi dönüşü, bu xilaskarlıq prosesini qəbul etmək istəmirdilər.
Halbuki Naxçıvanda cərəyan edən hadisələrə ümumittifaq mətbuatı və xarici media geniş yer ayırır, buradakı siyasi prosesləri diqqətlə izləyirdi. Bakı isə sanki bu reallıqları görməmək üçün israr edir, Naxçıvanda formalaşan yeni siyasi xətti bilərəkdən kölgədə saxlamağa çalışırdı.
Belə bir mürəkkəb və ziddiyyətli şəraitdə KİV-lərin fəaliyyətinə həm böyük diqqət, həm də yüksək tələbkarlıqla yanaşan Heydər Əliyev jurnalistlərlə müntəzəm görüşləri öz gündəlik iş rejiminin ayrılmaz hissəsinə çevirmişdi. O, informasiya mübarizəsinin necə həlledici olduğunu hamıdan çox yaxşı bilirdi.
Məhz buna görə də bizim üçün Bakıyla işləmək adi peşə münasibəti deyildi. Açığını desəm, bu, həm də ağır bir mübarizə idi. Biz paytaxtla bəzən həmkar kimi yox, sanki informasiya səddini yarmağa çalışan insanlar kimi işləyirdik. Hər materialı ötürmək, hər xəbəri çap etdirmək, hər faktı mərkəzə qəbul etdirmək böyük səbr, israr və iradə tələb edirdi.
Üstəlik, həmin illərdə Naxçıvan təkcə hərbi təhlükə ilə üz-üzə deyildi.Bakı–Naxçıvan dəmir yolu Mehri ərazisində kəsilir, relslər partladılır, qatarlar saxlanılır, sərnişinlər girov təhlükəsi ilə üz-üzə qalırdı. Uzunmüddətli elektrik kəsintiləri, qazın olmaması, ərzaq və yanacaq qıtlığı Naxçıvanı faktiki olaraq humanitar böhran vəziyyətinə salmışdı. Muxtar Respublika bir tərəfdən düşmən hücumlarının real təhlükəsi altında yaşayırdısa, digər tərəfdən iqtisadi blokada şəraitində idi. Bunun üzərinə sərt qış, yanacaq və ərzaq qıtlığı da əlavə olunmuşdu. Lakin ən ağırı bəlkə də informasiya blokadası idi. Naxçıvanda baş verənlər ölkəyə çatdırılmır, yaxud bilərəkdən təhrif olunurdu.
Belə bir mühitdə Heydər Əliyev Naxçıvanın səsini eşitdirməyə, bu diyarın yaşamaq və ayaqda qalmaq iradəsini dünyaya çatdırmağa çalışırdı. Onda biz Sadiqlə sadəcə xəbərlər hazırlamırdıq. Bu, bizim üçün peşə borcundan daha çox, taleyin üzərimizə qoyduğu bir missiya çevrilmişdi.
1990–1995-ci illərdə Ali Məclisin deputatı olan AzTV-nin xüsusi müxbiri Sadiq Gözəlov bu proseslərin birbaşa iştirakçısı idi. Mərkəzdə yaradılan maneələrə baxmayaraq, o, Heydər Əliyevin Naxçıvanda blokadanın aradan qaldırılması istiqamətində gördüyü işləri televiziya vasitəsilə ictimaiyyətə çatdırmağa nail olmuşdu.
Sonralar Ulu Öndərin tövsiyəsi ilə Sadiq Gözəlov 39 yaşında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi vəzifəsinə təyin olundu və 1995–2017-ci illərdə bu məsul missiyanı böyük peşəkarlıqla yerinə yetirdi. Həmin illərdə o, təkcə DİN-in mətbuatla əlaqələrini deyil, bütövlükdə ictimai simasını formalaşdırdı – nazirliyin səsi və sifəti kimi tanındı. Qərəzli hücumlar və əsassız ittihamlar qarşısında hər zaman faktlara söykənən mövqeyi ilə çıxış etdi, hüquq-mühafizə orqanlarının fəaliyyətini cəmiyyətə doğru və dürüst şəkildə çatdırdı.
Ona göstərilən yüksək etimadın göstəricisi olaraq polkovnik Sadiq Gözəlov qanunla müəyyən olunmuş yaş həddindən də çox – 61 yaşınadək xidmətdə saxlanıldı. Xidmətlərinə görə “İgidliyə görə” medalı, “Əməkdar jurnalist” fəxri adı, “Qızıl Qələm” və Həsən bəy Zərdabi mükafatları ilə təltif olundu, onlarla fəxri fərman və yubiley nişanına layiq görüldü. Təqaüddən sonra isə Prezidentin Fərmanı ilə yaradılmış Daxili İşlər Orqanlarının maddi-texniki və sosial bazasının möhkəmləndirilməsi Fondunun icraçı direktoru kimi fəaliyyətini eyni vicdan və məsuliyyətlə davam etdirdi.
Bu gün 70 yaşına qədəm qoyan Sadiq Gözəlov həm peşəkar ömrünün, həm də insani kamilliyinin zirvəsindədir – illər onun müdrikliyini artırıb, səmimiyyətinə, sadəliyinə və azad ruhuna isə toxuna bilməyib. Nə yaxşı ki, belədir...
Namiq Qədimoğlu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.