EN

NAXÇIVAN ŞİVƏLƏRİNDƏ FRAZEOLOJİ İRS –MİLLİ KİMLİYİMİZİN DİL YADDAŞI

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyindəki parlaq çıxışında Azərbaycan dilinin qorunub inkişaf etdriliməsini dilçilər və ümumən ziyalılar qarşısında mühüm bir vəzifə olaraq qoymuşdur. Məsələyə bu prizmadan yanaşdıqda AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev, Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin əməkdaşları filologiya elmləri doktoru, dosent Nuray Əliyeva və filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl tərəfindən hazırlanan “Naxçıvan şivələrinin frazeoloji lüğət” adlı kitab (Bakı,”Apostrof A” nəşriyyatı, 2025, 340 s.) diqqətəlayiqdir. Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovdur.

Kitabda Naxçıvan şəhəri və Şərur, Ordubad, Culfa, Şahbuz, Babək, Kəngərli, Sədərək rayonlarının yaşayış məntəqələrindən toplanmış frazeoloji vahidlər öz əksini tapmışdır. Lüğətdə 20 minə yaxın frazeoloji ifadə verilmişdir. “Apostrof-A” nəşriyyatında işıq üzü görən bu kitab 340 səhifədən, ön söz, material toplanmış yaşayış məntəqələrinin siyahısı və lüğətdən ibarətdir. Uzun illər ərzində bölməmizin əməkdaşları muxtar respublika ərazisində təşkil olunmuş dialektoloji araşdırmalar zamanı əldə etdikləri zəngin dialekt materiallarından istifadə etmişlər. Biz bilirik ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, dünyagörüşü və milli yaddaşıdır. Bu baxımdan frazeoloji vahidlər – yəni deyimlər, sabit söz birləşmələri – xalqın düşüncə tərzini, məişətini və mədəniyyətini ən dolğun şəkildə əks etdirən dil vahidləridir. Frazeoloji vahidlər dilin ən canlı və obrazlı hissəsidir. Naxçıvan bölgəsi isə bu baxımdan xüsusilə zəngindir. Naxçıvan şivələrində işlənən frazeoloji ifadələr həm mənaca dərin, həm də obrazlıdır və bu frazeoloji ifadələrdə bəzən yumor, bəzən ironiya, bəzən isə dərin nəsihət özünü göstərir. Bu deyimlərdə xalqın gündəlik həyatı, əmək fəaliyyəti, təbiətlə münasibəti və tarixi təcrübəsi öz əksini tapır. Bir çox frazeoloji vahidlər məhz həmin bölgənin həyat tərzindən qaynaqlanır və başqa şivələrdə rast gəlinmir. Məsələn, Naxçıvan şivələrinə məxsus bir çox ifadələrdə kənd həyatının, ailə münasibətlərinin və milli adət-ənənələrin izlərini görmək mümkündür. BACASINNAN QUYRUX YAĞMAX – birdən-birə varlanmaq, bəxti gətirmək. –İnişil sizə yaman tüşdü, bacavızdan quyrux yağdı. DƏGƏ-DARAX DÜZƏTMƏX' – görülən işi təkrarlamaq. –Bir də təzdənnən dəgə-darax düzətməx' kimə lazımdı. İDİM YAXMAX – şər atmaq, boynuna qoymaq. –Heş kim də:mməz ki, hələ mən indiyə kimin bir adama idim yaxmışam. KƏNGƏR YEYİP LƏNGƏR SALMAX – yeyib-içib yatmaq, heç bir iş görməmək. –Həmzə iş görən dəyil, o:nku kəngər yeyip ləngər salmaxdı. QIPBA-MIPBASI OLMAMAX – gizli işi olmamaq. –Şükür ossun ki, sizin əli:zin altda qıpba-mıpbam yoxdu. ŞƏLƏNİ ŞABAN, KÜLLÜYÜ MEYDAN ELƏMƏX' – heç bir iş görməmək. –Güya indi sən getsən, şələni Şaban, küllüyü meydan eliyəssən? TÜKÜ YATIMINA SIĞALLAMAX – bir işi münaqişəsiz, konfliktə yol vermədən, rahatlıqla həll etmək. –Dəvlətin xəsyəti eləydi ki hər müşgüldə tükü yatımına sığalla:rdı və s. Bu nümunələr onu göstərir ki, dialektlərimizdəki frazeologiya məhəlli xüsusiyyətlərə malik olsa da, onun çox böyük ədəbi-elmi və ictimai-mədəni əhəmiyyəti vardır.

Frazeoloji vahidlər vasitəsilə xalqın dünyanı qavrama forması, dəyərlər sistemi və sosial münasibətləri dil müstəvisində öz əksini tapır. Bununla bərabər, Naxçıvan şivələrində frazeoloji vahidlərin funksional-semantik xüsusiyyətlərinin tədqiqi onların müxtəlif nitq şəraitlərində istifadəsini, kommunikativ yükünü və üslubi imkanlarını üzə çıxarmağa imkan verir. Bu isə frazeoloji vahidlərin yalnız leksik vahid kimi deyil, həm də funksional nitq vasitəsi kimi dəyərləndirilməsinə şərait yaradır. Naxçıvan şivələrində bir ümumi anlayışla baağlı olub, onun müxtəlif məna incəliklərini göstərmək üçün bir neçə frazeoloji vahid işlənə bilər. Eyni zamanda bir-birinin əksini təşkil edən frazeoloji vahidlər də vardır. Məhz buna görə də frazeoloji vahidlərdə omonimlik, sinonimlik, antonimlik və çoxmənalılıq nəzərə çarpır.

 Naxçıvan şivələrinin frazeoloji lüğətinin əsas əhəmiyyəti ondan ibarətdir ki, bu lüğət vasitəsilə zamanla unudulmaq təhlükəsi olan deyimlər qorunub saxlanılır və gələcək nəsillərə ötürülür. Bu cür lüğətlərin hazırlanması dilimizin qorunmasına xidmət edir. Çünki müasir dövrdə bəzi yerli deyimlər tədricən unudulur və gündəlik danışıqdan çıxır. Onların lüğətlərdə əks olunması milli-mədəni irsimizin yaşadılması deməkdir. Lüğət həm dilçilər, həm tədqiqatçılar, həm də gənc nəsil üçün qiymətli mənbədir. Eyni zamanda, bu cür lüğətlər Azərbaycan dilinin regional zənginliyini ortaya qoyur və dilimizin nə qədər rəngarəng olduğunu sübut edir. Bu frazeoloji vahidlərin toplanması və sistemləşdirilməsi böyük zəhmət və elmi məsuliyyət tələb edir. Hər bir deyimin arxasında illərin təcrübəsi və xalq hikməti dayanır. Buna görə də belə lüğətlər təkcə dilçilik baxımından deyil, həm də mədəni irs baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda qeyd etmək olar ki, Naxçıvan şivələrində frazeoloji vahidlərin leksik-semantik xüsusiyyətlərinin tədqiqi müasir Azərbaycan dilçiliyinin aktual problemləri sırasında xüsusi yer tutur. Bu mövzunun araşdırılması həm nəzəri dilçilik baxımından elmi əhəmiyyət daşıyır, həm də praktik və mədəni aspektlərdə dil irsinin qorunması, sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynayır. Naxçıvan şivələrində frazeoloji vahidlərin leksik-semantik xüsusiyyətlərinin araşdırılması dilin tarixi inkişaf mərhələlərinin öyrənilməsi baxımından da mühüm elmi əhəmiyyətə malikdir. Dialektal frazeoloji vahidlərin tərkibində qorunub saxlanılan arxaik leksik elementlər və köhnəlmiş semantik qatlar dilin qədim dövrlərinə aid izləri yaşatmaqdadır. Bu vahidlərin semantik təhlili vasitəsilə Azərbaycan dilinin tarixi leksik-semantik sistemində baş vermiş dəyişiklikləri izləmək, semantik transformasiyaların istiqamətini müəyyənləşdirmək mümkün olur. Eyni zamanda, Naxçıvan şivələrində işlənən frazeoloji vahidlərin bir qismi ümumxalq dilində mövcud olan frazeologizmlərin semantik baxımdan fərqli inkişaf variantları kimi çıxış edir. Belə vahidlərdə ümumxalq dilində artıq zəifləyən və ya tamamilə itən semantik çalarlar dialekt mühitində daha canlı şəkildə qorunur. Aparılan təhlil göstərir ki, frazeoloji vahidlər dilin leksik sistemində semantik bütövlüyü, leksik-qrammatik sabitliyi və yüksək ifadəlilik potensialı ilə seçilən müstəqil dil vahidləridir. Tədqiqat çərçivəsində Naxçıvan şivələrində işlənən frazeoloji vahidlərin leksik-semantik xüsusiyyətlərinin araşdırılması bu vahidlərin Azərbaycan dilinin ümumi frazeoloji sisteminin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, regional özünəməxsusluqlara malik olduğunu üzə çıxarmışdır. Naxçıvan şivələrindəki frazeoloji vahidlərdə semantik bütövlük, emosional-ekspressivlik və milli-mədəni məzmun xüsusilə qabarıq şəkildə təzahür edir. Onların motivasiyası çox vaxt real məişət hadisələri və tarixi-sosial təcrübə ilə bağlı olduğundan, semantik struktur daha canlı və şəffaf xarakter daşıyır. Eyni zamanda, fonetik və leksik variantlaşma şəraitində belə əsas məna sabitliyinin qorunması dialektal frazeologiyanın dinamik, lakin sistemli inkişafını göstərir.

Beləliklə, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev, Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin əməkdaşları filologiya elmləri doktoru, dosent Nuray Əliyeva və filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl tərəfindən hazırlanan “Naxçıvan şivələrinin frazeoloji lüğət” adlı kitab Azərbaycan türk dialektologiyasına layiqli töhfədir.

Ülviyyə Aslanova,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Chosen
20
ikisahil.az

1Sources