EN

Yaxın aylarda Rusiya İrəvanda dövlət çevrilişi edə bilər - Vensin səfəri...



Məhəmməd Əsədullazadə: “Rusiyanın əvvəlki kimi Ermənistana təsir imkanları geniş deyil”

ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Ermənistana rəsmi səfəri Vaşinqtonun Cənubi Qafqaz siyasətində keyfiyyətcə yeni mərhələyə keçdiyini açıq şəkildə ortaya qoydu. ABŞ tarixində ilk dəfə olaraq fəaliyyətdə olan vitse-prezidentin İrəvana səfərini simvolika adlandırmaq doğru olmazdı.

Bu, Ermənistanın Rusiyanın təsir dairəsindən çıxararaq geosiyasi yönümünün dəyişdirilməsi cəhdi kimi qəbul edilməlidir. Hər halda imzalanan sənədlər və səsləndirilən bəyanatlar belə qənaətə gəlməyə əsas yaradır. Səfərin rəsmi nəticəsi olaraq ABŞ və Ermənistan arasında nüvə enerjisinin sülh məqsədləri ilə istifadəsinə dair birgə bəyanat imzalandı. Vensin səfər zamanı verdiyi ən mühüm açıqlamalardan biri TRIPP fondu vasitəsilə Ermənistana yönələcək investisiya həcmi ilə bağlı oldu. Ermənistana ümumilikdə 9 milyard dollar həcmində özəl kapital axını planlaşdırılır.

Bütün bunların fonunda, Vensin səfəri Zəngəzur dəhlizi və sülh sazişi ilə bağlı Ermənistanın siyasətinə necə təsir edəcək? Rusiyanın yaxın aylarda bölgədə siyasətində hansı dəyişikliklər ola bilər? Rusiya Ermənistanda vəziyyəti gərginləşdirmək üçün hansı vasitələrə əl ata bilər?

Sözügedən məsələn baki-xeber.com-a şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə prizmadan yanaşdı: “Cey Di Vensin səfəri Zəngəzur dəhlizinin açılmasının sürətlənməsi istiqamətində işlərin tezləşdirilməsi və yekun sülh müqaviləsi istiqamətində etimadın möhkəmlənməsi ilə bağlıdır. Vens bununla üçüncü qüvvələrə mesaj verir ki, ABŞ artıq regiondadır. İnstitusional şəkildə TRIPP layihəsi ilə regionda olacaq və heç bir dövlət buna qarışa bilməz. Hesab edirəm ki, bu, Ermənistan siyasətinə də ciddi təsir edəcək. Çünki artıq Ermənistan da bilir ki, geri dönüş yoxdur və bu proses yekun sülh sazişinin imzalanması ilə nəticələnməlidir. Konstitusiyadan Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır. Rusiya təbii ki, bütün bunları pozmağa cəhd edəcək. Moskva Zəngəzur dəhlizi ilə bağlı mövqe ortaya qoyub və bəyan edib ki, Rusiyasız bu, reallaşmayacaq. Açıq şəkildə deyir ki, Rusiya bu layihədə iştirak etməlidir. Ancaq Ermənistan iqtisadiyyat naziri bəyan etdi ki, TRIPP ABŞ-Ermənistan layihəsidir və kim buna qarşı çıxsa qarşısında Vaşinqtonu görəcək. Bununla bir növ deyir ki, ABŞ-Rusiya qarşıdurması ola bilər. Əlbəttə, prosesi pozmaq üçün Rusiya Ermənistana ciddi təzyiq edəcək, amma bu, nəticə verməyəcək. Təhlükəsizlik, iqtisadi və siyasi sahədə Moskva İrəvana təzyiq edəcək. Ancaq bu, səmərə verməyəcək. Ona görə ki, Birləşmiş Ştatlar Ermənistana buna görə siyasi-iqtisadi dəstək verəcək. Rusiyanın əvvəlki kimi Ermənistana təsir imkanları geniş deyil. Qazı kəssə Ermənistan bunu Azərbaycandan idxal edəcək. Nefti onsuz da alır. Türkiyə ilə sərhəd açılandan sonra Ermənistanın Gürcüstandan asılılığı azalacaq. Maliyyə baxımından onsuz da Avropa İttifaqı Ermənistana yardım edir. Ermənistanın üstünlüyü həm də odur ki, Rusiya ilə quru sərhədi yoxdur”.

Vidadi ORDAHALLI

Chosen
8
baki-xeber.com

1Sources