EN

Dünyada baş verən hadisələr, beynəlxalq hüququn çökməsi ilə bağlıdır



Siyasi şərhçi Çingiz Şahbazi dünyada və regionda baş verən hadisələrlə bağlı Newscenter.az-a müsahibə verib.

-Çingiz bəy, dünyadakı gərginliklər nəylə bağlıdır?

-Dünyadakı gərginliklərin və mövcud durum heç şübhəsiz ki , dünyanın yeni mərhələyə keçid dövrü ilə bağlıdır. Sovetlər birliyi dağılandan sonra, 1990-2020-ci illər arası formalaşmış ABŞ mərkəzli nizam sistemi də özünü doğrultmadı və nəhayət meydana çıxan reallıqlar yeni sistemin formalaşmasını qaçılmaz etdi. Bu gün dünyada baş verən hadisələr, beynəlxalq təşkilatların funksiyasızlaşdırılması və beynəlxalq hüququn çökməsi ilə bağlıdır. Gəlməkdə olan yeni dünya nizamı və sistemi heç şübhəsiz ki köhnə sistemi əzərək gələcək və bu səbəbdən iki sistemin arasında açılan boşluqlar özünü ən çox insanların umduğu və ümid etdiyi yönlərdən daha çox göstərəcək.Bu beynəlxalq təşkilatların mexanizmlərində və beynəlxalq hüquq sistemində olan funksiyasızlıqla öz təsirini göstərir və keçid mərhələsi bitənə qədər proses davam edə bilər. Əlbətdə ki tarixə diqqət yetirsək, belə dövrlərdə hər zaman münaqişələrin artmasına səbəb olub və bu günkü proseslər də bu ,,ənənənin,, davam etdirilməsindən qaynaqlanır, desək yanılmarıq. Bu səbəbdən ABŞ çalışır ki dünyada baş verən prosesləri nəzarət altında saxlasın və dünyanın yenidən qurulması istiqamətində liderliyini təmin etsin.Bunun üçün özünə qarşı bütün rəqiblərini sıradan çıxartmaq niyyətindədir və xüsusilə də Rusiyanı Ukrayna müharibəsi vasitəsilə zəiflətmək planını hazırlayıb. Əlbətdə ki İranı Yaxın Şərqdə güclənməsinin qarşısını almaq üçün, hərəkətə keçib və bütün bunlar Çinin sakit və sürətli yüksəlişinə maneə olaraq qeyd etmək olar. Bu baxımdan ABŞ heç bir ölkə ilə birbaşa müharibəyə getməyəcək və özünün klassik üslubundan istifadə edərək bu istiqamətdə siyasətini yürüdəcək. Bu təzyiq mexanizmləri , sanksiyalar və dolayı münaqişə ocaqları olaraq əsas vasitələrdir ki, ABŞ bu mexanizmləri tətbiq etməklə demək olar ki, istədiyinə nail ola bilir. Bu baxımdan dünyadakı gərginliklər uzun müddət davam edəcək kimi görünür və kuliminasiya hələ uzaqdadır.

-Hazırda dünyada güclü olan, yoxsa haqlı olan tərəf əsas söz sahibidir?

-Bu gün dünyada vəziyyət elə bir həddə çatıb ki, hamı güclünün yanında yer almağa çalışır və güclüyə , haqsızlığından dolayı qarşı gəlməyi heç kim istəmir. Çünki, beynəlxalq hüquq faktiki olaraq güclünün qarşısında acizdir və beynəlxalq təşkilatlar da bu baxımdan ona qarşı gəlməkdən çəkinirlər. Belə bir vəziyyətdə ABŞ kiminləsə açıq müharibəyə gedərmi? ABŞ bu gün İranla müharibə aparsa, heçmi itki verməyəcək? Və yaxud da siyasi və iqtisadi baxımdan, hərbi texnika və canlı qüvvə baxımından heçmi ziyan dəyməyəcək? Əlbətdə ki, deyəcək. ABŞ bilir ki Rusiya və Çin bu müharibədə İrana kömək göstərəcək və artıq İran uzaq mənzilli raketlərlə təmin edilib. Bu da İranın cavab verəcəyini bildirən amildir. Belə olan halda ABŞ hansı varianta daha çox üstünlük edəcək? Əlbətdə ki hərbi əməliyyatlar üçün kritik hədd yoxdur və belə olan halda ABŞ özünün klassik üslubundan istifadə edərək İranı yaxın gələcəkdə ,, rəm,, edə bilər. Bu variant ABŞ-ı itkisiz və daha az ziyanla prosesi başa çatdırılmasına imkan verir. Bu baxımdan ABŞ üçüncü dünya müharibəsi ehtimalına risk edəcək addımlar atmaz. Bunu İran rejimi də anlayır və bu səbəbdən İran ABŞ-a və onun müttəfiqlərinə qarşı təhdidlərini davam etdirir və sözün əsl mənasında meydan oxuyur. Bu baxımdan ABŞ və İran arasında danışıqların aparılması ABŞ-ın İran üzərində olan nəzarətini gücləndirir və hesab edirəm ki, danışıqlar prosesi davam edəcək və burda heç bir nəticədən söhbət gedə bilməz və sadəcə olaraq müəyyən vaxta qədər nəzarəti əldə saxlamaq imkanı əldə olunur. Rusiya və Ukrayna arasında davam edən müharibə üçün bu sözləri demək çətindir. Çünki Rusiya Ukrayna münaqişəsində tam zəifləməsi lazımdır və məhz ABŞ qarşısında təslim olmalıdır ki, müharibə sona çatsın.

-ABŞ-İran gərginliyinin sonucunu necə görürsünüz?

-ABŞ-ın İranla bağlı tez-tez fikir və mövqeyinə korreksiya etməsinin arxasında İrana qarşı hərbi müdaxilə anonslarının reallığı əks etdirməməsi və bu istiqamətdə İrana qarşı klassik təsir elementlərindən istifadə etməsi dayanır. ABŞ nəinki İranla birbaşa hərbi əməliyyatlara başlamaq fikrində deyil, ABŞ-ın heç bir ölkə ilə hərbi müdaxilə etmək kimi planı yoxdur. ABŞ sadəcə olaraq İran üzərində nəzarəti daha da artırmaq üçün təzyiq və sanksiyaları artırmaq yolunu tutub və bunun üçün tutarlı səbəblər üzərində danışıqlar prosesinə İranı cəlb edir. ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlaması üçün İran tərəfindən kritik hansısa səbəb yoxdur. Sadəcə olaraq ABŞ-ın bölgədəki təsirinə qarşı İranın açıq meydan oxuması müşahidə olunur. Doğrudur, İran İsrail üçün gələcəkdə təhlükə hesab olunur. Bu indiki mərhələdə sadəcə bir ehtimaldır və irəlidə İrandakı molla rejiminin sonu, bu ehtimalı aradan qaldırır. Yəni İranın nəinki İsrail üçün, həmçinin region ölkələri üçün də təhlükə mənbəyi olmasında, məhz rejimin rolu var və bu təhlükə aradan qaldırılmalıdır. Bunun üçün müharibə xaricində bir çox üsullar mövcuddur və hesab edirəm ki, ABŞ bunlardan istifadə etmək yolunu tutub. Bu baxımdan ABŞ bu istiqamətdə İrana qarşı tez-tez mövqeyini dəyişir və İranı istədiyi kimi nəzarət altına almaq üçün bütün mümkün təzyiq və təsir mexanizmlərindən istifadə edir. ABŞ və İran arasında nüvə proqramı üzrə danışıqlar prosesinə Oman vasitəçiliyi ilə başlanılıb və hər iki tərəf danışıqlar prosesini yaxşı başlanğıc hesab etsə də , heç bir razılıq əldə olunmayıb. İran nüvə proqramı ilə bağlı, uranın zənginləşdirilməsi ilə bağlı heç bir güzəştə getməyəcəyini bildirib və bu da münaqişə riskini ,, sabit,, saxlayır və ABŞ üçün alternativ təzyiq mexanizmlərindən istifadə üçün zəmin yaradır. Yəni, diplomatik danışıqlar hərbi təhdidlər üçün ən məqbul yoldur və ABŞ bunu bilərəkdən tətbiq edir. Bu baxımdan ABŞ və İran arasında tez-tez dəyişən situasiya əslində, iki ölkə arasında münasibətlərin riskli olduğunu göstərir, amma, bu əlaqələrin tamamilə yox olması anlamına gəlmir. ABŞ həm danışıqlar, həm sanksiyalar ,həm də hərbi əməliyyatlarla təhdid edərək planlı şəkildə İran rejimini nəzarətində saxlayır. Bu, əslində ABŞ-ın İranla bağlı siyasətində məqsələrinə doğru irəliləməsidir.

Süleyman
Chosen
17
1
newscenter.az

2Sources