EN

Azərbaycan-ABŞ münasibətləri: Strateji tərəfdaşlığa doğru

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampla son 6 ayda bir neçə dəfə görüşməsini ikitərəfli münasibətlərin tarixində ilk nümunə adlandırıb.

Bu barədə İlham Əliyev  ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Donald Trampın hakimiyyətə gəlməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini bildirən dövlət başçısı son 6 ayda ABŞ Prezidenti ilə bir neçə dəfə görüşməsini ikitərəfli münasibətlərimizin tarixində ilk nümunə olduğunu deyib.

Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens də bu gün Bakıya gəlir. Vaşinqtonun son dövrdə Bakı ilə təmaslarının artması iki ölkə arasında strateji əməkdaşlığa verilən önəmin göstəricisi kimi qiymətləndirilə bilər. Uzun illər, xüsusilə əvvəlki administrasiya dövründə Azərbaycanla belə təmas olmayıb, yüksək səviyyəli görüşlər keçirilməyib. İndi isə bunun tam əksi olan vəziyyət yaranıb.

Politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan və ABŞ prezidentləri son yarım ildə iki dəfə rəsmi və bir neçə dəfə isə tədbirlər çərçivəsində qısa görüşlər həyata keçiriblər. 

Onun sözlərinə görə, həm Vaşinqtonda, həm də Davosda keçirilən görüşlər ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasına xidmət edən təmas kimi dəyərləndirilir:

“Məhz Bayden administrasiyası dövründə Azərbaycan və ABŞ arasındakı münasibətlərin səviyyəsinin xeyli aşağı düşməsi ikitərəfli münasibətlərin soyumasına gətirib çıxardı. Bu, hər iki ölkənin maraqlarına  zidd idi. Tramp hakimiyyəti dönəmində bu münasibətlər sürətlə bərpa olunmaqdadır. 8 avqustdan başlanan proses davam edir. İkitərəfli münasibətlər kifayət qədər yüksək səviyyəyə qaldırılıb. İki ölkə lideri arasında münasibətlər də kifayət qədər konstruktiv məcradadır.

Məhz bu səbəbdən Donald Tramp Azərbaycan Prezidentini oktyabr ayında Şarm əl-Şeyx şəhərində Qəzza ilə bağlı konfransa dəvət etdi. Ardınca "Sülh Şurası"nın təsisçi üzvü olaraq Azərbaycan Prezidentini bu formatda görmək istədiyini qeyd etdi və bununla bağlı məktub göndərdi. Vaşinqtonda əldə olunmuş razılaşmalara görə, tərəflər münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasına dair qərar qəbul ediblər. Bu istiqamətdə ciddi addımlar atılmaqdadır”.

Oqtay Qasımov qeyd edib ki, son yarım ildə ABŞ və Azərbaycandan qarşılıqlı olaraq yüksək səviyyəli rəsmi səfərlərin intensivləşməsi bu münasibətlərin inkişafının göstəricisi sayıla bilər:

“ABŞ Prezidenti ilə Davosda keçirilən son görüş və bunun ardınca ABŞ vitse-prezidentinin bölgəyə səfəri bu münasibətlərin gələcək perspektivi üçün nikbinlik yaradır. Bu, hər iki dövlətin maraqlarına uyğun siyasətdir. Nəzərə alsaq ki, ABŞ artıq Cənubi Qafqazda, o cümlədən Orta Asiyada öz maraqlarını açıq şəkildə ortaya qoyub və dünən Ermənistandakı görüşlərdə də biz bunun nümunələrini gördük. Bu baxımdan Azərbaycan ABŞ üçün olduqca böyük əhəmiyyətə malik  dövlətdir”.

Politoloq vurğulayıb ki, Azərbaycan Orta dəhlizin əsas aparıcı ölkəsidir və özünün müasir infrastrukturu, coğrafi mövqeyi, bölgədə yaratdığı yeni reallıqlar və təklif etdiyi əməkdaşlıq formatları ilə ABŞ-nin diqqətini çəkir:

“Nəzərə alsaq ki, Azərbaycan həm də Orta Asiyaya körpü rolunu oynayır. Bu baxımdan, ikitərəfli münasibətlərin gələcəyi Tramp dövründə nikbinlik doğurur. Bir daha qeyd edirəm, tərəflər əvvəlki administrasiya dövründə zədələnmiş münasibətlərin sürətli bərpasında maraqlıdırlar. Hazırda bizim aramızda "907-ci düzəliş"lə bağlı müəyyən suallar qalır. Düşünürük ki, bunun da ləğvinin zamanı çatıb və ABŞ Konqresində və Senatında da bu məsələlər müzakirə olunub, həll olunma imkanları var. Yəni düşünürəm ki, Tramp administrasiyası dövründə ikitərəfli münasibətlərin inkişafı daha yüksək səviyyəyə qalxacaq”.

Chosen
19
cebheinfo.az

1Sources