EN

Korrupsiya qlobal səviyyədə sürətlə yayılır, səbəb UKRAYNA SAVAŞI? ANALİZ

ain.az bildirir, Sherg.az portalına istinadən.

Ukrayna müharibəsindən sonra dünya dəyişdi

Dünyada korrupsiya səviyyəsi artmaqda davam edir, bu tendensiya demokratik ölkələrdə də müşahidə olunur. Bu barədə “Transparency International” təşkilatının açıqladığı 2025-ci il üzrə Korrupsiyanın Qavranılması İndeksi (KQİ) hesabatında bildirilir.

Hesabata əsasən, bir sıra inkişaf etmiş demokratik ölkələrdə göstəricilər pisləşib. Belə ölkələr sırasında ABŞ, Kanada, Yeni Zelandiya, eləcə də bir neçə Avropa dövləti yer alır. 2025-ci ildə dünya üzrə orta KQİ göstəricisi 42 bal təşkil edib ki, bu da son 10 ildən artıq dövrdə ən aşağı səviyyə sayılır. Dünyadakı ölkələrin üçdə ikisindən çoxu 50 baldan aşağı nəticə göstərib. Eyni zamanda, 80 baldan yuxarı nəticə əldə edən ölkələrin sayı son on ildə 12-dən 5-ə enib.

KQİ-də Danimarka səkkizinci il ardıcıl olaraq lider mövqeyini qoruyub (89 bal). Ondan sonra Finlandiya (88 bal) və Sinqapur (84 bal) qərarlaşıb.

Bununla belə, “Transparency International” təşkilatı vurğulayır ki, indeks üzrə yüksək bal korrupsiyanın tamamilə mövcud olmaması anlamına gəlmir. Qeyd olunur ki, yüksək göstəricilərə malik bəzi ölkələr – məsələn, İsveçrə və Sinqapur – digər ölkələrdə korrupsiyaya şərait yaradan mexanizmlərdə iştirak edir və bu amil indeks hesablamalarında nəzərə alınmır.

İqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a açıqlamasında qlobal miqyasda korrupsiyanın artmasının bir sıra struktur səbəbləri olduğunu deyib:

"Son illər korrupsiyanın qavranması anlayışı dəyişib. Beynəlxalq institutların və məhkəmələrin fəaliyyətində ciddi zəifləmə müşahidə olunur. Xüsusilə, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra beynəlxalq iqtisadi məhkəmələr praktik olaraq öz hökm və funksiyalarını itirib. Rusiyanın xarici aktivlərinin dondurulması və maliyyə blokadaları səbəbindən qarşılıqlı məhkəmə iddialarının qaldırılması mümkünsüzləşib. Bu, beynəlxalq hüquq mexanizmlərinin effektivliyini xeyli azaldıb və korrupsiya riskini artırıb”.

N. Cəfərli qeyd edib ki, beynəlxalq institutların zəifləməsi fonunda dövlətlərarası maliyyə və hüquqi nəzarət mexanizmləri işləmədikdə, korrupsiya qlobal miqyasda sürətlə yayılmağa başlayır:

"İqtisadi məhkəmələrin fəaliyyət göstərməməsi və beynəlxalq nəzarət mexanizmlərinin zəifləməsi, xüsusilə də yüksək iqtisadi gücə malik ölkələr arasında maliyyə axınlarının şəffaflığını azaldır. Bu, yalnız regionlarda deyil, eyni zamanda qlobal səviyyədə korrupsiyanın artmasına səbəb olur. Nəticədə, həm dövlətlər, həm də şirkətlər arası etimad zəifləyir və qlobal iqtisadi sabitlik risk altında qalır. Beynəlxalq institutlar funksiyasını yerinə yetirməli, iqtisadi məhkəmələr və maliyyə nəzarət mexanizmləri yenidən gücləndirilməlidir. Əks halda, korrupsiya daha geniş və sistemli bir problem olaraq qalacaq, demokratik institutlara inam azalacaq və qlobal maliyyə sistemində gərginliklər artacaq."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
sherg.az

1Sources