EN

Demokratik ölkələrdə də korrupsiya dərinləşir Rusiya tarixi minimuma enib, Ukrayna isə...

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Beynəlxalq Transparency International təşkilatı 2025-ci il üzrə illik Korrupsiyanın Qavranılması İndeksini (CPI) açıqlayıb.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, hesabatda dünyada, o cümlədən demokratik ölkələrdə korrupsiya vəziyyətinin pisləşdiyi barədə xəbərdarlıq edilir. Qurumun bildirdiyinə görə, qlobal orta göstərici son 10 ildən artıq dövrün ən zəif səviyyəsinə düşüb.

Berlin qərargahlı təşkilatın hazırladığı indeks ekspertlərin və biznes nümayəndələrinin rəyinə əsaslanır və ölkələr 0 baldan (yüksək korrupsiya) 100 bala (çox təmiz reputasiya) qədər qiymətləndirilir.

Hesabata əsasən, Rusiya 2025-ci ildə yenidən 22 bal toplayıb ki, bu da indeksin tarixində ölkə üçün ən zəif nəticə hesab olunur. Rusiya 181 ölkə arasında 157-ci yerdə qərarlaşıb. Reytinqdə Rusiyanın qonşuları sırasında Honduras, Zimbabve və Çad yer alır. Məruzədə vurğulanır ki, Rusiyada korrupsiya sistemli xarakter daşıyır və bu tendensiya məxfilik rejiminin genişlənməsi, müstəqil ictimai institutların sıradan çıxarılması fonunda daha da güclənir.

Ukrayna indeksdə 36 bal toplayaraq ötən illə müqayisədə nəticəsini 1 bal yaxşılaşdırıb. Ölkə Argentina və Belizlə birlikdə 106-cı yeri bölüşür. Hesabatda qeyd olunur ki, Prezident Volodimir Zelenskinin hökuməti yaxın çevrəsinə qarşı korrupsiya ittihamları səbəbilə ciddi ictimai narazılıqla üzləşib. Bununla yanaşı, müəlliflər korrupsiya qalmaqallarının ifşa olunmasını Ukraynada qurulan yeni antikorrupsiya sisteminin işlədiyinin göstəricisi kimi dəyərləndirirlər.

Avropa İttifaqı ölkələri arasında ən zəif nəticələri Bolqarıstan və Macarıstan göstərib – hər iki ölkə 40 bal toplayıb.

Hesabatda həmçinin ABŞ, Böyük Britaniya və Fransa kimi demokratik dövlətlərdə də geriləmənin qeydə alındığı bildirilir. Bu ölkələr hələ də indeksin yuxarı sıralarında qalsalar da, müstəqil nəzarətin zəifləməsi, qanunvericilik boşluqları və qeyri-effektiv hüquq tətbiqi səbəbindən korrupsiya risklərinin artdığı vurğulanır.

Səkkizinci il ardıcıl olaraq indeksin lideri Danimarka olub – ölkə 89 bal toplayıb. Onu Finlandiya (88 bal) və Sinqapur (84 bal) izləyir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

1Sources