EN

HAKİMİYYƏT DAXİLİNDƏ BUDAQOV MÜƏMMASI... YAP ın ikinci şəxsi kim olacaq?

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini və Mərkəzi Aparatın rəhbəri, “Şöhrət” ordenli Tahir Budaqov Dövlət Statistika Komitəsinin (DSK) sədri vəzifəsindən çıxarılaraq Nəsimi rayonuna icra başçısı təyin edildi. Prezident İlham Əliyev gözlənilmədən hakim partiyanın “ikinci şəxsini” daha aşağı vəzifəyə göndərdi. Şübhəsiz ki, bu qərar səbəbsiz deyil.

T. Budaqov hakimiyyətdə problemsiz, adı heç bir qalmaqalda hallanmayan, sədaqəti şübhə yaratmayan məmurlardan biridir, ona ölkə başçısının yüksək etimadı, YAP-da mühüm posta irəli çəkilməsi də buradan qaynaqlanırdı. Yerli mediada hətta onun adı komitə sədrliyindən daha yüksək vəzifələrdən birinə potensial namizəd kimi hallandırılırdı. Amma gözləntilərin əksi oldu - Budaqovun vəzifəsi əhəmiyyətli dərəcədə kiçildildi. İndi onun ikinci-üçüncü dərəcəli “aşağı ranqlı vəzifə” ilə hakim partiyanın rəhbərliyində qalıb-qalmayacağı da müzakirə predmetinə çevrilib.

Tahir Budaqovun DSK sədrliyindən niyə çıxarılması ilə bağlı müxtəlif versiyalar olsa da, konkret səbəb məlum deyil. Müxtəlif vaxtlarda mediada onun hökumətdə yüksək vəzifə sahibləri ilə münasibətlərinin normal olmadığı yazılıb. Xüsusən iqtisadi sektora rəhbərlik edən məmurların Budaqovdan vaxtaşırı ölkə başçısına şikayətlər etdiyi qeyd olunub. Buna səbəb kimi DSK sədrinin “özəl xahişlərə” soyuqqanlı yanaşması göstərilir. O, vəzifəsindən istifadə edərək ona təzyiq göstərməyə çalışan məmurların iradəsini qəbul etməyib. T. Budaqovun məhz bu səbəbdən vəzifəsini itirdiyini iddia etmək mümkün olmasa da, müəyyən rol oynadığını istisna etmək olmaz.

Başqa bir ehtimala görə, keçmiş DSK sədri hakimiyyət olimpinə yüksəlişi perspektivinə görə onu özünə rəqib görən məmurlar tərəfindən neytrallaşdırılıb. Bu məqsədlə ölkə başçısına vaxtaşırı onun haqqında neqativ məlumatlar çatdırılıb. Amma Budaqovun icra başçısı vəzifəsinə göndərilməsi rəqiblərin istəyinin tam reallaşması demək deyil. O, hələ də YAP-ın vəzifəcə ikinci şəxsidir.

Bu baxımdan qarşıdakı dövrdə Budaqov haqda iki qərarın veriləcəyini ehtimal etmək olar:

Birincisi, Tahir Budaqov YAP sədrinin müavinliyindən də çıxarılır və Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində uzun müddət qalır;

İkincisi, o, icra başçısı postunda bir neçə ay qaldıqdan sonra yenidən yüksək dövlət vəzifələrindən birinə irəli çəkilir.

Başqa ehtimallar da irəli sürmək mümkündür, amma 700 minlik hakim partiyanın vəzifəcə ikinci şəxsi adi icra başçısı olmayacaq, bu dəqiqdir.

Yerli mediada artıq Tahir Budaqovun YAP-dakı postu uğrunda hakimiyyət daxilində mübarizənin başladığı da iddia edilir. Bu sırada bəzi deputatların və nüfuzlu YAP nümayəndələrinin adı çəkilir. Qeyd olunur ki, onların hər biri ayrı-ayrı yüksək vəzifəli məmurlar tərəfindən dəstəklənirlər. 

Başqa sözlə, YAP-dakı ikinci post uğrunda gizli mübarizənin start götürdüyü haqda xəbərlər gəlir. 

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
143
azpolitika.info

1Sources