EN

Yaxın Şərqdə gərginlik – Netanyahunun sərt mövqeyinin ABŞ–İran danışıqlarına təsiri

İsrailin Baş naziri Benyamin Netanyahunun fevralın 11-i Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla gözlənilən görüşündən əvvəl Omanda İran danışıqlarına dair mövqeyi açıqlanıb.

“İsrail İranın nüvə proqramının tamamilə ləğvini, o cümlədən sıfır zənginləşdirməni, bütün zənginləşdirilmiş materialların ölkədən çıxarılmasını və ciddi beynəlxalq nəzarəti tələb edir.

Əlavə tələblərə İranın ballistik raketlərinin 300 km mənzillə məhdudlaşdırılması və İranın regional proksi qruplara dəstəyinə son qoyulması daxildir”, – İsrailin “Kanal 14” televiziyasının yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, fevralın 6-sı Omanda ABŞ və İran rəsmiləri arasında görüş baş tutub.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun fevralın 11-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirilməsi gözlənilən görüş ərəfəsində İranla bağlı mövqeyinin açıqlanması Yaxın Şərqdə diplomatik və təhlükəsizlik gündəmini yenidən ön plana çıxarıb:

“İsrail tərəfinin irəli sürdüyü tələblər faktiki olaraq İranla mümkün hər hansı razılaşmanın maksimalist və sərt çərçivədə formalaşdırılmasını hədəfləyir.

Netanyahunun mövqeyinə əsasən, İsrail yalnız İranın nüvə proqramının tamamilə ləğv edildiyi, zənginləşdirmə prosesinin “sıfır səviyyə”yə endirildiyi, mövcud zənginləşdirilmiş materialların ölkə xaricinə çıxarıldığı və bu prosesin ciddi beynəlxalq nəzarət altına alındığı bir ssenarini qəbulolunan hesab edir. Bu yanaşma, əvvəlki nüvə razılaşmalarından fərqli olaraq, Tehrana hər hansı texnoloji və ya siyasi manevr imkanının verilməməsini nəzərdə tutur.

Vüqar Zifəroğlu

Bununla yanaşı, İsrailin tələbləri yalnız nüvə dosyesi ilə məhdudlaşmır. Ballistik raketlərin 300 kilometr mənzillə məhdudlaşdırılması və İranın regionda fəaliyyət göstərən proksi qruplara verdiyi hərbi-siyasi dəstəyin dayandırılması da rəsmi Tel-Əvivin əsas şərtləri sırasındadır. Bu isə İranın regional təsir imkanlarının köklü şəkildə zəiflədilməsini hədəfləyən daha geniş təhlükəsizlik strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər”.

Ekspert qeyd edib ki, mövcud reallıqlar fonunda bu mövqe ABŞ–İran danışıqlarının gələcəyi baxımından ciddi suallar doğurur:

“İran indiyədək raket proqramı və regional siyasətinin nüvə danışıqlarının predmeti olmasını qəti şəkildə rədd edib. Bu baxımdan Netanyahunun irəli sürdüyü şərtlər kompromisdən daha çox, Vaşinqtonun Tehrana qarşı təzyiq mexanizmlərini sərtləşdirməsinə yönəlik siyasi mesaj kimi də oxuna bilər”.

“Nəticə etibarilə, fevralın 11-də keçiriləcək Netanyahu–Tramp görüşü təkcə ikitərəfli münasibətlər baxımından deyil, ABŞ–İran dialoqunun taleyi və Yaxın Şərqdə təhlükəsizlik balansının hansı istiqamətdə dəyişəcəyi baxımından da mühüm əhəmiyyət daşıyır. İsrailin sərt mövqeyi danışıqlar prosesini daha mürəkkəb mərhələyə keçirə, eyni zamanda regionda gərginliyin azalmasından çox, yeni risklərin yaranmasına zəmin yarada bilər”, – V.Zifəroğlu vurğulayıb.

Atilla Rzasoy

Chosen
32
nocomment.az

1Sources