EN

İqtisadçı Akif Nəsirli: “Dövlət borcu iqtisadiyyat üçün həm alət, həm də potensial risk mənbəyidir”

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

2025-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 2 milyard 399,6 milyon manat təşkil edib. Bizimyol.info xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Daxili borca 757 milyon manat (əsas borc 136,8 milyon, faiz 620,2 milyon), xarici borca isə 1,34 milyard manat (əsas borc 959,7 milyon, faiz 382,8 milyon) ödənilib. Büdcədə 300 milyon manat qənaət formalaşdırılıb. 1 yanvar 2026-cı il tarixinə Azərbaycanın dövlət borcu 25,99 milyard manat və ya ÜDM-in 20,1 faizini təşkil edir. Xarici borc 4,81 milyard ABŞ dolları (ÜDM-in 6,3 faizi), daxili borc isə 17,8 milyard manat (ÜDM-in 13,8 faizi) səviyyəsində olub.Dövlət borcunun ölkə iqtisadiyyatına hansı təsiri, hansı riskləri, hansı təhdidləri var?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, borcun strukturu və ona xidmət xərcləri riskləri artırır: “Dövlət borcu iqtisadiyyat üçün həm alət, həm də potensial risk mənbəyidir. Mövcud səviyyədə, yəni ÜDM-in təxminən beşdə birinə bərabər olan borc hələlik idarəolunan sayılır və makroiqtisadi sabitlik üçün birbaşa təhlükə yaratmır. Borc vəsaitləri düzgün istiqamətlərə, xüsusən infrastruktur, nəqliyyat, enerji və insan kapitalına yönəldildikdə iqtisadi artımı sürətləndirə, özəl sektor üçün yeni imkanlar yarada və gələcək büdcə gəlirlərini artıra bilər. Bu baxımdan dövlət borcu qısamüddətli maliyyə yükü olsa da, uzunmüddətli fayda verə bilən bir mexanizmə çevrilə bilər. Eyni zamanda borcun strukturu və ona xidmət xərcləri riskləri artırır. Büdcədən hər il böyük məbləğdə əsas borc və faiz ödənişlərinin edilməsi digər sahələrə, məsələn sosial xərclərə, təhsilə və səhiyyəyə ayrılan vəsaitləri məhdudlaşdıra bilər. Xüsusilə faiz ödənişlərinin yüksək pay tutması büdcə çevikliyini azaldır və fiskal manevr imkanlarını daraldır. Xarici borc üzrə öhdəliklər valyuta riskini də artırır, çünki qlobal maliyyə bazarlarında faizlərin yüksəlməsi və ya dolların möhkəmlənməsi borca xidmət xərclərini bahalaşdıra bilər”.

Akif Nəsirli

Akif Nəsirli qeyd edib ki, gələcəkdə bu borcu qaytarmaq üçün əlavə vergi yükü və ya yeni borclanma zərurəti yarana bilər: “Digər mühüm təhdid borcun səmərəsiz istifadə olunmasıdır. Əgər cəlb edilən vəsaitlər iqtisadi gəlir gətirməyən layihələrə yönəldilərsə, gələcəkdə bu borcu qaytarmaq üçün əlavə vergi yükü və ya yeni borclanma zərurəti yarana bilər. Bu isə iqtisadi artımı zəiflədə, investor etimadına mənfi təsir göstərə və uzunmüddətli perspektivdə maliyyə dayanıqlığını risk altına sala bilər.

Dövlət borcunun mövcud həcmi hələlik kritik deyil, lakin onun artım tempi, strukturu və istifadəsinin keyfiyyəti əsas həlledici amillərdir. Şəffaf idarəetmə, borcun əsasən inkişaf yönümlü sahələrə yönəldilməsi və fiskal intizam qorunduğu halda borc iqtisadiyyat üçün dəstək rolunu oynaya bilər, əks halda isə tədricən risk və təhdid mənbəyinə çevrilə bilər”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
bizimyol.info

1Sources