EN

Avropa ABŞ ilə münasibətlərdə daha sərt xəttə keçir

Politico: Avropalılar Vaşinqtonun Avropanı getdikcə müttəfiq deyil, rəqib kimi gördüyünü anlayır...

Avropa İttifaqı ABŞ ilə münasibətlərdə yanaşmasını Qrenlandiya ətrafında yaranmış vəziyyətdən sonra əhəmiyyətli dərəcədə sərtləşdirib.

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri Avropa diplomatik dairələrindəki mənbələrə istinadla məlumat yayıb.

Nəşrə danışan yüksək rütbəli avropalı məmurun sözlərinə görə, Brüssel və əsas Avropa paytaxtları Vaşinqtonla dialoqda artıq əvvəlki yumşaq və kompromisə əsaslanan xəttin işləmədiyini anlayır.

“Biz ABŞ administrasiyası ilə münasibətlərimizdə daha sərt yanaşma tətbiq etməyə məcburuq”, deyə məmur bildirib və əlavə edib ki, avropalılar amerikalıların Avropaya münasibətinin dəyişdiyini getdikcə daha aydın görürlər. Onun sözlərinə görə, ABŞ Avropanı getdikcə daha çox strateji müttəfiq kimi deyil, qlobal güc balansında potensial rəqib kimi nəzərdən keçirir.

Mənbə qeyd edib ki, Vaşinqtonla Brüssel arasında uzun illər mövcud olmuş əməkdaşlıq və qarşılıqlı anlaşma dövrü faktiki olaraq başa çatıb.

“Əvvəllər biz koordinasiya və tərəfdaşlıq mühitində fəaliyyət göstərirdik. İndi isə açıq şəkildə güc uğrunda mübarizə mərhələsinə daxil olmuşuq”, deyə avropalı rəsmi vurğulayıb.

Politico-ya danışan anonim fransız diplomat isə Avropadakı əhval-ruhiyyəni daha emosional ifadə edib. Onun sözlərinə görə, Avropa elitaları ABŞ-nin davranışına görə artıq “yasın beşinci mərhələsini” yaşayır. “Biz indi tam şəkildə dərk edirik ki, ABŞ administrasiyası yaxın perspektivdə Avropa üçün ciddi çətinliklər yaradacaq”, deyə diplomat bildirib. Onun fikrincə, Qrenlandiya ilə bağlı iddialar sadəcə simvolik epizod deyil, Vaşinqtonun Avropaya baxışındakı daha dərin və sistemli dəyişimin göstəricisidir.

Nəşr yazır ki, bu dəyişən münasibətlərin ilk real siyasi və diplomatik əksi yaxın günlərdə keçiriləcək Münhen Təhlükəsizlik Konfransında özünü göstərə bilər. Hər il təşkil olunan bu toplantı Avropa və Şimali Amerika arasında təhlükəsizlik və müdafiə məsələləri üzrə əsas platforma hesab olunur. Politiconun qiymətləndirməsinə görə, məhz bu konfrans Avropa liderlərinin ABŞ-yə qarşı hansı mövqedən çıxış edəcəyini və yeni reallıqda transatlantik münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyini göstərən ilk ciddi siqnallar verəcək.

Poliqon.info

Chosen
38
poliqon.info

1Sources