EN

9 milyardlıq sənəd: ABŞ - Rusiya, yoxsa Rusiya-Ermənistan “savaş”ını başladacaq?

“Rusiyanın Ermənistanda yeni atom elektrik stansiyası tikmək təkliflərinə real alternativlər yoxdur”. 

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ABŞ-nin İrəvana səfər edən vitse-prezidenti Ceyms Devid Vensin Ermənistanda modul atom elektrik stansiyası tikməklə bağlı açıqlamasına münasibət bildirərkən belə deyib. 

Qeyd edək ki, Ceyms Devid Vens fevralın 9-a İrəvanda Baş nazir Nikol Paşinyanla görüşündə ABŞ-nin Ermənistanın nüvə enerjisi sektoruna 9 milyard dollar sərmayə qoyacağını açıqlayıb. Onun sözlərinə görə, bu məqsədlə Ermənistana birinci mərhələdə 5 milyard dollar, ikinci mərhələdə isə daha 4 milyard dollar veriləcək. 

Vensin açıqlamasına Rusiya tərəfi dərhal reaksiya verib. “Biz Ermənistan tərəfinə ətraflı təkliflər paketi təqdim etmişik. “Rosatom” layihənin icrasına ən qısa zamanda başlamağa hazırdır... Etibarlı, sübuta yetirilmiş texnologiyalar və ya cəlbedici maliyyə parametrləri baxımından real alternativlər yoxdur”,-deyə Qaluzin bildirib. 

Onun sözlərinə görə, Moskva Ermənistanın enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış etməyə davam etmək niyyətindədir. “Almaniya da daxil olmaqla, bəzi Avropa ölkələrinin təcrübəsi göstərir ki, nüvə enerjisindən tədricən imtina milli iqtisadiyyata baha başa gələ bilər”,-deyə diplomat əlavə edib. 

O, həmçinin hər iki ölkənin mütəxəssislərinin eyni “Sovet məktəbinə” mənsub olduğunu və 2036-cı ilə qədər atom elektrik stansiyasının sabit işləməsini təmin etmək üçün işlərin davam etdiyini vurğulayıb. Qeyd edək ki, ABŞ-nin Ermənistanda modul atom elektrik stansiyası inşa etmək təklifinin arxasında “Metsamor” AES-in bağlanmasına nail olmaq planı dayanır. 

Bununla da ABŞ Rusiyanın Cənubi Qafqazda əsas strateji dayaq nöqtələrindən birini ləğv etmək istəyir. Əslində, Ermənistanda atom elektrik stansiyasının bağlanması ABŞ-nin Cənubi Qafqaz strategiyasında xeyli müddətdir yer alır. 

Bu məsələ ilk dəfə Trampın prezidentliyinin birinci dönəmində gündəmə gəlib. 2017-ci ildə ABŞ-nin Ermənistandakı səfiri Riçard Mils bu barədə açıqlama vermişdi. 

O, ABŞ şirkətlərinin Ermənistanın enerji sektoruna 8 milyard dollar sərmayə yatırmağa hazır olduğunu bildirmişdi. Lakin Birləşmiş Ştatlar həmin vaxt Ermənistanda daha çox külək və günəş enerjisinə və dağ çayları üzərində istilik elektrik stansilarının inşasına investisiya qoymağı təklif edirdi. 

Milsin açıqlaması “Metsamor” AES-in bağlanması ətrafında qapalı müzakirələrin getdiyinə dair məlumatları ilk dəfə gündəmə gətirdi. Eyni zamanda, Avropa İttifaqının Ermənistanda alternativ və bərpa olunan enerjiyə 250 milyon avro ayırmaq istəyini bəyan etməsi “Metsamor” AES-in bağlanmasına və Rusiyanın Cənubi Qafqazdan sıxışdırılmasına hesablanmışdı. 

Hətta 2017-cı ilin noyabr ayında Ermənistanla Avropa İttifaqı arasında imzalanmış “Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi”ndə də İrəvana enerji təhlükəsizliyinə dair əməkdaşlığın əsas şərtlərindən biri kimi “Metsamor” AES-in bağlanmasını daxil etmək təklif edilmişdi. 

Lakin həmin vaxt Ermənistan prezidenti olan Serj Sarkisyan Rusiyanın strateji maraqlarına zidd olan bu öhdəliyi Kremlin tapşırığı ilə sənəddən çıxartdıraraq qəbul etmədi. Lakin “Metsamor” AES-in bağlanması Qərbin gündəliyindən çıxmayıb və Nikol Paşinyanla aparılan danışıqlarda bu məsələnin müzakirəsi davam etdirilir. 

2024-cü ilin aprel ayında Ermənistan, Avropa İttifaqı və ABŞ Dövlət katibinin iştirakı ilə keçirilən üçtərəfli Brüssel sammitində Qərbin Paşinyana “Metsamor” AES-i bağlamağı təklif ediyinə dair sonradan məlumatlar yayıldı. 

Məqsəd isə Rusiyanın Cənubi Qafqazda strateji mövcudluğunu təmin edən AES-in fəaliyyətinə son qoymaqdır. Ceyms Devid Vensin Ermənistanda modul atom elektrik stansiyasının inşası üçün 9 milyard dollarlıq müqavilə imzalaması Riçard Milsin 2017-ci ildə irəli sürdüyü layihənin yenilənmiş formasıdır. 

Vaşinqtonun təklifi Ermənistanı Rusiyanın enerji asılılığından çıxartmağa çalışan Paşinyanın hakimiyyətinin maraqlarına cavab verir. ABŞ şirkətinin Ermənistanda AES inşa etməsinə dair razılaşmanın Rusiya XİN-in etirazına səbəb olması da bununla bağlıdır. 

Əvvəla, “Metsamor” AES Rusiya üçün həm iqtisadi, həm də geosiyasi kontekstdə strateji əhəmiyyət kəsb edir. “Tramp marşrutu”nun idarəçiliyinin ABŞ-Ermənistan birgə şirkəti olan “TRIPP Development”ə verilməsi Avropa və Mərkəzi Asiya arasında əsas nəqliyyat-ticarət marşrutu olan “Orta dəhliz”in Zəngəzurdan keçən hissəsində Vaşinqtonun geosiyasi təsir qazanması Rusiyanın bölgədən sıxışdırılması deməkdir. 

Bu, ABŞ-yə strateji baxımdan, Avrasiya İqtisadi İttifaqı ilə İran arasında quru əlaqəsinə nəzarət etmək imkanı verəcək. Rusiya isə Ermənistanı enerji asılılığında və təsir zonasında saxlamaq üçün “Metsamor” AES-in bağlanmasına qarşı çıxır. 

Bu məqsədlə Rusiya 2023-cü ilin dekabr ayında “Rosatom Service” səhmdar cəmiyyətinin Ermənistanla imzaladığı müqaviləni əsas hüquqi əsas kimi götürür. Həmin sənədə görə, AES-in istismar müddəti 2036-cı ilə qədər uzadılıb. 

Üstəlik, Rusiya Ermənistana Rusiya “Metsamor” AES-i modernləşdirməyi üzərinə götürüb. 2014-cü ildə imzalanmış müqaviləyə əsasən AES-in ikinci bloku Rusiya tərəfindən yenidən qurulub. Bu isə yeni atom elektrik stansiyası inşa edilənə qədər istismar müddəti başa çatmış və region üçün təhlükə mənbəyinə çevrilmiş “Metsamor”dan istifadəyə imkan yaradır. 

Rusiya Ermənistana 1200 meqavat gücündə müasir tələblərə cavab verən su ilə soyudulmuş reaktor stansiyası, ABŞ isə kiçik modul nüvə reaktoru təklif edir. Mixail Qaluzin də Rusiyanın Ermənistanda yeni atom elektrik stansiyası təklifindən danışarkən məhz bunu nəzərdə tutur. 

ABŞ vitse-prezidentinin İrəvana səfəri zamanı “TRIPP layihəsi”nin həyata keçirilməsi ilə bağlı imzalanmış müqavilə yalnız avtomobil və dəmir yollarının deyil, digər kommunikasiya vasitələrinin, o cümlədən enerji xətlərinin Ermənistandan keçməsini təmin edəcək. 

Bu isə Ermənistanın elektrik enerjisi ilə təmin olunmasında yeni mərhələnin əsasını qoya bilər. Kommunikasiyaların digər istiqamətlərdə açılması Ermənistanın Azərbaycandan və digər ölkələrdən elektrik enerjisi istehlakına həm idxalçı, həm də tranzit ölkə kimi şərait yaradacaq. 

Bu baxımdan, gələcəkdə Ermənistanın “Metsamor” AES-in fəaliyyətinə tələbatı aradan qalxa bilər. Nikol Paşinyanın modul atom elektrik stansiyasının tikintisi ilə bağlı C.D.Venslə müqavilə imzalaması Ermənistan hakimiyyətinin ABŞ-nin təklifini qəbul etdiyini göstərir. Bu da regionda ABŞ və Rusiya arasında geosiyasi qarşıdurmanın artmasına yeni təkan verə bilər. 

Chosen
126
cebheinfo.az

1Sources