“Kibercinayətkarlıq silah, terror və insan alveri kimi transmilli təhlükədir. Dövlət Təhlükəsizlik orqanlarımızın beynəlxalq əməkdaşlığı gücləndirən və kiberməkanımızın suverenliyini qoruyan təşəbbüsünü alqışlayırıq. Dövlət saytlarına – xüsusilə müdafiə, xarici siyasət və digər rəsmi portallara edilən hücumlar, onların üzərindən verilən siyasi mesajlar, məlumat oğurluğu, o cümlədən bank sisteminə fişinq hücumları milli təhlükəsizliyimizin təkcə hərbi meydanlarda deyil, elektron və kiber aləmdə də qabaqlayıcı tədbirlərini zəruri edir”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc bildirib.
Z.Oruc qeyd edib ki, Təhlükəsizlik Orqanları istər Vətən müharibəsində, istərsə də sülh dövründə dövlətimizin qoruyucu zirehlərindən biri kimi çıxış etməsi təqdirəlayiqdir:
“Konvensiyanın təsdiqi əsla şəxsi toxunulmazlıq azadlığına qarşı deyil; məhkəmə qərarları olmadan elektron sübutlara əlçatanlıq məhz dövlət təhlükəsizliyi maraqları baxımından önəmlidir.
İkinci toxunmaq istədiyim məsələ isə Bakı Hərbi Məhkəməsində müharibə cinayətlərində təqsirləndirilən 15 nəfər barəsində hökmün elan edilməsidir. Bu, xalqımıza qarşı törədilən ədalətsizliklərə verilən qəti və tarixi cavab olmaqla yanaşı, Azərbaycan Ordusunun döyüş meydanlarında qazandığı Qələbənin məhkəmə salonlarında da hüquqi təsdiqidir.
Bütün hakimiyyət institutları, media və 100 minlərlə vətəndaşın qanuni təmsilçiləri heç bir nifrət nitqinə və samosuda yol vermədilər. Təhlükəsizlik qüvvələrimiz döyüş meydanlarındakı xüsusi təyinatlılar kimi peşəkar davrandılar və heç bir qeyri-insani rəftara yol vermədən dövlət iradəsini nümayiş etdirdilər. Bəli, qurulan Sülh Məhkəməsi düşmənçiliyə deyil, müharibə dövrünün bağlanmasına xidmət edir; qisas yox, gələcək nəsillərin təhlükəsizliyi üçündür”.
Tahirə Qafarlı