EN

Tərlan Novxanı: "Süni intellektlə hazırlanan mahnılar müvəqqətidir"

Son zamanlarda süni intellektlə hazırlanan mahnılar artmaqdadır.

Artıq "YouTube" platformasında belə mahnılar hazırlayıb paylaşan bir çox kanal var. Onların bəziləri süni intellektlə tam yeni mahnı ərsəyə gətirir, bəziləri isə bu yolla məşhur mahnıların "cover" versiyalarını hazırlayırlar. Həmin mahnılar arasında çox populyar olaraq sevilənlərinin də olduğunu qeyd etməliyik. Lakin bəzi ifaçılar belə mahnılara birmənalı yanaşmırlar.


Biz də bir çox mahnısı dillər əzbəri olan məşhur müğənni Tərlan Novxanının bu haqda fikirlərini öyrəndik. Sevilən ifaçı Hit.az-a açıqlamasında bildirib ki, süni intellektlə hazırlanan mahnılar müvəqqəti xarakter daşıyır:
"Süni intellekt həmişə olacaq, amma mahnıların bu şəkildə hazırlanması bir müddətdən sonra dəbdən düşəcək. Yəni real insanın deyil, kompüterin tam fərqli formatda oxuduğu mahnıya nə qədər qulaq asmaq olar?

Hər dəfə nə isə dəbdə olur. İndi də süni intellektlə hazırlanan mahnılar populyardır. Amma bunun uzun müddət davam edəcəyini zənn etmirəm. İnsanlar hansısa yaxşı oxuyan müğənniyə belə çox qulaq asanda artıq yorulurlar. Ona görə də bir müddətdən sonra süni intellektlə hazırlanan mahnılara marağın azalacağını gözləyirəm".


Müğənni qeyd edib ki, daima süni intellektlə məşğul olub, ancaq orada mahnı hazırlamaq artıq yaxşı deyil:
"Çünki onda insanda rahatçılıq yaranır, özü öz üzərində iş görmür, işləmir. Düşünür ki, süni intellektə atacaq, o da düzəldib verəcək. Ancaq ondan məsləhət alıb hansısa mahnıya düzəlişlər etmək olar. Bu, normal haldır".

Tərlan Novxanı süni intellektlə hazırlanan mahnılar barəsində mövqeyini də açıqlayıb:
"Süni intellektlə yaxşı mahnı və ya klip hazırlanmasından xoşum gəlir. Süni intellekt əsl müğənninin səsinin yerini verə bilməz. Ancaq bundan yararlanan müğənnilər də var. Məsələn, son zamanlarda bəzi müğənnilərin köhnə mahnılarının süni intellektlə hazırlanan yeni versiyaları çox sevilib.

Nəticədə, mahnının orginalı və müğənni yenidən yada düşür, o da geri dönüş edə bilir. Faktiki olaraq, süni intellektlə mahnıları sevilən bir neçə sənətçimiz var. Bu cəhətdən yaxşı tərəfləri var. Yəni sənətkarın əziyyəti itməmiş olur. Yaxşı görülən işlər hər birimizin xeyrinədir, mən də elə işləri bəyənirəm".

Pərviz

Chosen
18
hit.az

1Sources