EN

Türkmənçay müqaviləsi Azərbaycan tarixinin dönüş nöqtəsidir ŞƏRH

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Bu gün Qafqazın və indiki Azərbaycan Respublikasının tarixində taleyüklü hadisələrdən biri olan Türkmənçay sülh müqaviləsinin imzalanmasından 198 il ötür. 1828-ci ildə imzalanan bu müqavilə ilə Azərbaycan torpaqları formal olaraq İran - Qacar işğalından çıxaraq Rusiya imperiyasının tərkibinə qatılıb. Tarixi reallıq ondan ibarətdir ki, bu hadisə bir işğalın sona çatması ilə yanaşı, başqa bir imperiya idarəçiliyinin başlanğıcı idi. 

Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev “Sherg.az”a bildirib ki, məsələ yalnız “işğal” anlayışı ilə izah edilə biləcək qədər sadə deyil. Onun fikrincə, yaşı min ilə qədər uzanan Şirvanşahlar dövlətinin varisi olan Azərbaycan torpaqları Səfəvi işğalından etibarən tədricən İran siyasi-mədəni orbitinə daxil edilib:

“Təxminən 235 il davam edən bu dövrdə bölgədə ciddi kimlik transformasiyası aparıldı. Ən ağrılı məqam isə odur ki, əhalinin təxminən 30 faizi məzhəbini dəyişdirməyə məcbur edilib. Məzhəb siyasəti yalnız dini məsələ deyildi; bu, etnik və milli yaddaşı zəiflətməyə yönəlmiş ideoloji alət idi. Osmanlı dövləti ilə tarixən sıx siyasi və mədəni əlaqələri olan Azərbaycan coğrafiyasında türklüyə və Türkiyəyə qarşı sistemli nifrət toxumu səpildi. Bu proses təbii deyil, məqsədli idi. Məqsəd Azərbaycan türklərini ümumtürk siyasi-mədəni məkanından uzaqlaşdırmaq, onları İran mərkəzli bir kimliyə tabe etmək idi. Əgər bu proses eyni intensivliklə davam etsəydi, bu gün Azərbaycan adlı siyasi və milli subyektdən danışmaq çətin olardı. Türkmənçay müqaviləsi nəticəsində Azərbaycan torpaqları Rusiya imperiyasının tərkibinə qatıldı. Bu, şübhəsiz ki, müstəmləkəçilik idi. Lakin tarix paradokslarla doludur. Rusiya idarəçiliyi Azərbaycan üçün eyni zamanda tam assimilyasiya yox, müəyyən inkişaf imkanları da yaratdı. Əvvəla, dil və ədəbi mühit formalaşmağa başladı. Azərbaycan türkcəsi yazı dili kimi möhkəmləndi, mətbuat yarandı, maarifçilik hərəkatı gücləndi. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə kimi şəxsiyyətlər məhz bu mühitdə yetişdi. İkincisi, milli dövlətçilik ideyası üçün sosial baza yarandı. Rusiya imperiyası daxilində hüquq, idarəçilik, təhsil sistemləri ilə tanış olan azərbaycanlı ziyalılar milli şüurun daşıyıcısına çevrildilər. Azərbaycan Xalq Cümhuriyyətinin baniləri Rəsulzadə, Xoyski, Topçubaşov və başqaları məhz Rusiya və Avropa təhsil sistemindən çıxmış kadrlardır. Sovet dövrü bütün ziddiyyətləri ilə yanaşı, Azərbaycana formal dövlətçilik atributları verdi. Sərhədlər, paytaxt, dövlət dili statusu, akademiya, universitetlər yaradıldı. Azərbaycan SSR yarım müstəqil dövlət kimi beynəlxalq hüquqda tanınmasa da, milli institutların qorunması baxımından tarixi rol oynadı. Bu institutlar olmasaydı, 1991-ci ildə tam müstəqilliyin elan edilməsi real olmazdı. Türkmənçay müqaviləsi nə xilasedici sənəd idi, nə də sırf fəlakət. O, Azərbaycan tarixinin istiqamətini dəyişən dönüş nöqtəsi idi. İran əsarətində qalmaq milli kimliyin tədricən itirilməsi riskini daşıyırdısa, Rusiya işğalı paradoksal şəkildə milli oyanış üçün zəmin yaratdı.Tarixə ağ-qara yanaşmaq yox, dərs almaq lazımdır. Bu gün müstəqil Azərbaycan dövləti olaraq biz o dövrlərin həm ağrısını, həm də qazandırdıqlarını soyuqqanlı şəkildə dəyərləndirməliyik. Çünki tarix yalnız keçmiş deyil, gələcək üçün yol xəritəsidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
37
sherg.az

1Sources