Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 15 nəfər işdən çıxarılıb.
Bu barədə Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat verilib.
Məlumatda vurğulanıb ki, "Azərbaycanfilm" kinostudiyasında aparılan dəyişikliklər idarəetmənin təkmilləşdirilməsi və fəaliyyətin səmərəliliyinin artırılmasına yönəlmiş struktur yenilənməsi çərçivəsində icra olunur:
"Bu prosesdə real istehsal yükünə uyğun olmayan ştat vahidləri optimallaşdırılıb və struktur göstəriciləri 65 nəfərdən 50 nəfərə uyğunlaşdırılıb. Texniki heyət üzrə pirotexnik Əlibaba Məmmədov vəzifəsindən öz ərizəsi əsasında ayrılıb və bu hal struktur dəyişiklikləri ilə bağlı kütləvi ixtisar kimi qiymətləndirilə bilməz".
Açıqlamada qeyd olunub ki, hazırda kinostudiyada idarəetmə, təhlükəsizlik və istehsalat mexanizmləri yenilənib:
"Dövlət sifarişli kino istehsalının mərhələli şəkildə daha açıq mexanizmlərlə həyata keçirilməsi nəzərə alınaraq, yeni struktur özəl istehsal şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinə, həmçinin PR və marketinq fəaliyyətlərinin gücləndirilməsinə fokuslanıb.
Eyni zamanda, kinostudiyanın inkişafına dair qısa və orta müddətli fəaliyyət planları mövcuddur və bu planlar mərhələli şəkildə icra olunur".