EN

Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını ratifikasiya edib

Milli Məclis Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası ratifikasiya edib.

Day.Az  bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatı kibercinayətkarlıqla mübarizəni informasiya və kommunikasiya texnologiyalarının inkişafı fonunda yaranan transsərhəd cinayət təhdidlərinə qarşı beynəlxalq əməkdaşlıq tələb edən prioritet sahələrdən biri kimi müəyyən edir. Bu istiqamətdə dövlətlər arasında hüquqi əməkdaşlığın gücləndirilməsi məqsədilə "İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi haqqında Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası" 25 oktyabr 2025-ci il tarixində Hanoy şəhərində imzaya açılıb.

Konvensiyanın əsas məqsədi informasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən cinayətlərlə mübarizədə dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, habelə ağır cinayətlərə aid olan sübutların elektron formada toplanması, mübadiləsi və mühafizəsi üçün vahid hüquqi çərçivənin formalaşdırılmasıdır. Konvensiya kibercinayətkarlıqla mübarizənin yalnız milli səviyyədə deyil, həmçinin beynəlxalq hüquqi yardım, ekstradisiya və operativ qarşılıqlı əlaqə mexanizmləri vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.

Konvensiya çərçivəsində kibercinayətkarlıq sahəsində istifadə olunan anlayışların vahid şəkildə müəyyən edilməsi, elektron mühitdə sübutların itirilməsinin, dəyişdirilməsinin və ya məhv edilməsinin qarşısının alınması, habelə istintaq və təqib proseslərinin effektivliyinin təmin edilməsi əsas prinsiplər kimi çıxış edir. Sənəddə dövlətlərin səlahiyyətli orqanları arasında birbaşa və operativ əməkdaşlıq, qarşılıqlı hüquqi yardım mexanizmlərinin sadələşdirilməsi və fasiləsiz fəaliyyət göstərən əlaqə mexanizmlərinin yaradılmasına xüsusi əhəmiyyət verilir.

Konvensiyanın yekun müddəalarına uyğun olaraq sənəd dövlətlərin imzası, ratifikasiyası, qəbulu və ya təsdiqi üçün açıqdır və müvafiq daxili prosedurlar tamamlandıqdan sonra qüvvəyə minir. Eyni zamanda Konvensiya iştirakçı dövlətlərə onun müəyyən müddəaları üzrə bəyanatlar və qeyd-şərtlər vermək imkanı tanıyır.

Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya edərkən bir sıra mühüm bəyanatlar və qeyd-şərtlər təqdim edib. Həmin bəyanatlarla ekstradisiya və qarşılıqlı hüquqi yardım sahəsində Konvensiyanın hüquqi əsas kimi qəbul edilməsi, bu proseslər üzrə səlahiyyətli mərkəzi orqanların müəyyən edilməsi, habelə sorğuların təqdim edilməsi dili və operativ əlaqə mexanizmləri ilə bağlı mövqelər ifadə olunub. Qeyd-şərtlərlə isə Konvensiya çərçivəsində müəyyən edilmiş bəzi cinayət tərkibləri üzrə cinayət məsuliyyətinin yaranma şərtləri, əhəmiyyətli zərər meyarı və milli hüquq sisteminin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq dairəsi dəqiqləşdirilib.

Beləliklə, Konvensiya və ona dair Azərbaycan Respublikasının bəyanat və qeyd-şərtləri kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın hüquqi əsaslarını formalaşdırır və Konvensiyadan irəli gələn maddi və prosessual normaların milli hüquq sistemində tətbiqinin təmin edilməsi məqsədilə müvafiq normativ hüquqi aktlarda dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu dəyişikliklər Konvensiyanın müddəalarının, eləcə də Azərbaycan Respublikasının təqdim etdiyi bəyanat və qeyd-şərtlərin milli qanunvericilikdə implementasiyasına yönəlib.

"İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi - Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası"nın təsdiq edilməsi haqqında qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Chosen
14
7
day.az

10Sources