EN

Pul hara axır? - Sektorlar üzrə rəsmi göstəricilər

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə əsasən, 2025-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı məqsədilə bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi əvvəlki illə müqayisədə 1% və ya 0,21 milyard manat azalaraq 21,23 milyard manat təşkil edib. 2024-cü ildə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 2023-cü illə müqayisədə 5,6% və ya 1,14 milyard manat artıb. Belə ki, 2023-cü ildə əsas kapitala yönəldilən investisiyaların həcmi 20,3 milyard manat səviyyəsində qeydə alınıb. 2021-ci ildə əsas kapitala 16,13 milyard manat investisiya yönəldildiyi halda, 2022-ci ildə bu göstərici 2,14 milyard manat və ya 13,3% artaraq 18,27 milyard manata çatıb.

Ümumilikdə son beş ilin göstəricilərinə nəzər saldıqda, 2025-ci il istisna olmaqla, əsas kapitala yönəldilmiş investisiyaların həcminin əvvəlki illərlə müqayisədə hər il artdığı müşahidə olunur.

Qeyd olunan rəqəmlər son illər ərzində ölkədə investisiya fəallığının ümumilikdə artım tendensiyası nümayiş etdirdiyini, 2025-ci ildə isə əsas kapitala investisiyaların həcmində nisbi azalma müşahidə olunduğunu göstərir.

Əsas kapitala yönəldilmiş investisiyaların sektorlar üzrə bölgüsünə nəzər saldıqda məlum olur ki, 2025-ci ildə 15,89 milyard manat vəsait qeyri-neft-qaz sektorunun, 5,34 milyard manat isə neft-qaz sektorunun payına düşüb.

Müqayisə üçün qeyd edək ki, 2024-cü illə müqayisədə qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 1,2% və ya 0,19 milyard manat artıb. Neft-qaz sektorunda isə əksinə 0,4 milyard manat və ya 7% azalma qeydə alınıb.

Ümumilikdə son beş ilin nəticələri göstərir ki, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi davamlı artım tendensiyası nümayiş etdirir. Neft-qaz sektoruna yönəldilmiş investisiyalarda isə 2023-cü il istisna olmaqla, azalma müşahidə olunur.

Bu göstəricilər ölkə iqtisadiyyatında qeyri-neft-qaz sektorunun prioritet istiqamət kimi mövqeyinin gücləndiyini, investisiya siyasətində isə şaxələndirmə strategiyasının ön plana çıxdığını əks etdirir.

Son beş il üzrə əsas kapitala yönəldilmiş investisiyaların mənbələr üzrə strukturuna baxdıqda, 2025-ci il istisna olmaqla, daxili mənbələr hesabına yönəldilmiş investisiyaların həcminin hər il artdığı müşahidə olunur. Xarici mənbələrdən yönəldilmiş investisiyalar isə illər üzrə dəyişkən dinamika nümayiş etdirib.

2025-ci ildə əsas kapitala yönəldilmiş investisiyaların 17,02 milyard manatı daxili mənbələr, 4,2 milyard manatı isə xarici mənbələr hesabına təmin edilib. 2024-cü illə müqayisədə daxili mənbələrdən yönəldilmiş investisiyaların həcmi 6,2% və ya 1,13 milyard manat azalıb. Bununla yanaşı, xarici mənbələrdən yönəldilmiş investisiyalarda 27,8% və ya 0,91 milyard manat artım qeydə alınıb.

Qeyd olunan göstəricilər investisiya mənbələrinin strukturunda daxili maliyyə imkanlarının hələ də əsas paya malik olduğunu, eyni zamanda xarici investisiyaların 2025-ci ildə artım dinamikası nümayiş etdirdiyini göstərir.

Daxili və xarici mənbələr hesabına əsas kapitala yönəldilmiş investisiyaların ümumi həcmdə xüsusi çəkisinə nəzər saldıqda, 2025-ci il istisna olmaqla daxili mənbələr üzrə investisiyaların ümumi yekunda payının ardıcıl şəkildə artdığı müşahidə olunur. Belə ki, 2021-ci ildə daxili mənbələrdən yönəldilmiş investisiyaların xüsusi çəkisi 73,1% təşkil etdiyi halda, 2024-cü ildə bu göstərici 84,7%-ə çatıb. 2025-ci ildə isə daxili mənbələrdən yönəldilmiş investisiyalar ümumi həcmdə 80,2% paya malik olub.

Eyni zamanda, xarici mənbələr hesabına əsas kapitala yönəldilmiş investisiyaların ümumi həcmdə xüsusi çəkisi azalma tendensiyası nümayiş etdirib. 2021-ci ildə xarici mənbələrin payı ümumi investisiya həcminin 26,9%-ni təşkil edirdisə, 2025-ci ildə bu göstərici 19,8%-ə enib.

Qeyd: Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyalar dedikdə, xarici sərmayədarlar tərəfindən yeni tikinti, yenidənqurma və genişləndirmə üzrə tikinti işlərinə, maşın və avadanlıqların əldə edilməsinə sərf edilən vəsaitlər, habelə tikinti işlərində istifadə edilmiş xarici kreditlər, qrantlar və humanitar yardımlar hesabına yönəldilmiş maliyyə vəsaitləri nəzərdə tutulur.

Ümumilikdə, 2025-ci ildə əsas kapitala yönəldilmiş investisiyaların 25,2%-i və ya 5,34 milyard manatı neft-qaz sektorunun, 74,8%-i və ya 15,89 milyard manatı isə qeyri-neft-qaz sektorunun payına düşüb.

Daxili mənbələr hesabına əsas kapitala yönəldilmiş investisiyaların strukturuna baxdıqda, bu vəsaitlərin 87,4%-i və ya 14,88 milyard manatı qeyri-neft-qaz sektoruna, 12,6%-i və ya 2,15 milyard manatı isə neft-qaz sektoruna yönəldilib.

Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların bölgüsündə isə fərqli mənzərə müşahidə olunur. Belə ki, xarici mənbələr hesabına yönəldilmiş investisiyaların 76%-i və ya 3,19 milyard manatı neft-qaz sektoruna, 24%-i və ya 1,01 milyard manatı isə qeyri-neft-qaz sektoruna ayrılıb.

Qeyd olunan göstəricilər daxili investisiyaların əsasən qeyri-neft-qaz sektorunun inkişafına yönəldiyini, xarici investisiyaların isə daha çox neft-qaz sektorunda cəmləşdiyini aydın şəkildə ortaya qoyur.

Chosen
25
2
sia.az

3Sources