
Yeni artımla orta aylıq pensiya və yaşa görə orta aylıq pensiya müvafiq olaraq 593 manata və 632 manata çatır.
Kommersant.az xəbər verir ki, bunu bu gün Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Prezident İlham Əliyevin yeni Sərəncamına əsasən pensiyaların indeksləşdirilərək artırılması və pensiya sahəsində görülümüş işlərə dair keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, bu, 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunması deməkdir:
"2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 543 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 578 manata çatıbsa, artıq yeni artımla orta aylıq pensiya və yaşa görə orta aylıq pensiya müvafiq olaraq 593 manata və 632 manata çatır".
Rəşad Mustafayev yeni Sərəncamla sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitallarının da istehlak qiymətləri indeksinin ötən ilki səviyyəsinə uyğun olaraq 5,6 faiz artırıldığını vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin yeni "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamı ilə 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırılır.