Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Paris, 10 fevral, AZƏRTAC
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin ən nüfuzlu ali təhsil ocağı olan Beynəlxalq əlaqələr və Siyasi Elmlər İnstitutunun magistratura pilləsində təhsil alan 70-dən çox tələbəsi ilə görüşüb. Səfir tələbələri regiondakı reallıqlarla bağlı məlumatlandırıb.
AZƏRTAC xəbər verir ki, səfirliyin Mədəniyyət Mərkəzində keçirilən görüşdə Leyla Abdullayeva Qərb və Şərqin kəsişməsində yerləşən Azərbaycanın xarici siyasəti, onun geosiyasi mövqeyi, region və dünya ölkələri ilə əlaqələri və əməkdaşlığı, regionda yaratdığı yeni reallıqlar haqqında danışıb. Azərbaycanın beynəlxalq müstəvidə artan rolunu qeyd edib.
Azərbaycan torpaqlarının 30 il işğal altında qaldığını xatırladan diplomat bu müddət ərzində ölkəmizin münaqişəni dialoq yolu ilə həll olunmasına çalışmasından bəhs edib. Səfir 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunan Qələbədən, işğaldan azad olunan ərazilərdə aparılan yenidənqurma işlərindən, eləcə də Azərbaycan-Fransa münasibətlərindən söz açıb.
Beynəlxalq Əlaqələr və Siyasi Elmlər İnstitutunun magistratura tələbələri səfirə Azərbaycanın qonşu ölkələrlə münasibətləri, münaqişənin bitməsi ilə regionda yaranan mövcud vəziyyət və sülh danışıqları, ABŞ və Fransa ilə əlaqələr barədə suallarla müraciət ediblər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.