EN

Şagirdlər niyə zorakılığa meyillənir? Təhsil eksperti səbəbləri AÇIQLADI

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son vaxtlar yeniyetmələr arasında zorakı davranışların artması narahatlıq yaradır. Bakı İdrak Liseyində baş verən silahlı hücum isə problemin miqyasını açıq göstərdi. Bu kimi hallar sosial mühitin, ailə nəzarətinin və məktəbdaxili profilaktikanın yetərli olub-olmaması barədə suallar doğurur. Bu cür hadisələrə görə əsas məsuliyyət kimlərin üzərinə düşür? Məktəblərdə və ailələrdə hansı qabaqlayıcı addımlar gücləndirilməlidir?

Mövzu ilə bağlı “Azpolitika”ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırda təhsil müəssisələrində bu kimi neqativ halların baş verməsi birbaşa yeni dövrün tələblərindən irəli gələn amillərlə bağlıdır.

Onun sözlərinə görə, informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində yaranan sosial platformalar, eləcə də real və virtual oyunlar şagirdlərin psixologiyasına ciddi təsir göstərir. Nəticədə isə xoşagəlməz halların formalaşması müşahidə olunur.

Ekspert vurğulayıb ki, şagirdlərin ilk növbədə təlim-tərbiyəsinə görə valideynlər məsuliyyət daşımalıdırlar: “Valideynlər övladlarının hansı sosial platformalardan istifadə etdiyini, hansı növ əyləncələrə maraq göstərdiklərini, ümumilikdə isə ətraf mühitini və hansı şagirdlərlə ünsiyyətdə olduqlarını diqqətdə saxlamalıdırlar. Bu məsələlərdə valideynlərin maksimum həssas davranması vacibdir. Çünki dünyanın əksər ölkələrində informasiya təhlükəsizliyi ilə bağlı ciddi problemlər mövcuddur. Bu cür problemlər “hibrit problemlər” adlandırılır və artıq təhsil müəssisələrinə qədər gəlib çıxıb. Bu isə onu göstərir ki, ailə ilk növbədə övladının təlim-tərbiyə məsələsinə xüsusi diqqət yetirməlidir.

Ailədən sonra əsas məsuliyyət daşıyan instansiya təhsil müəssisələridir. Təhsil müəssisələri yalnız şagirdlərə elmi bilik ötürməklə kifayətlənməməli, eyni zamanda təlim və tərbiyə məsələlərinə də ciddi yanaşmalıdırlar. Bu məqsədlə uşaq və yaş psixologiyası, münasibətlərin düzgün qurulması, cəmiyyətdə davranış qaydaları, etik normalar və özünü düzgün aparma bacarıqları ilə bağlı xüsusi dərslər şagirdlərə tədris olunmalıdır”.

E.Əfəndi əlavə edib ki, ümumilikdə isə təhsil müəssisələrində baş verən neqativ halların qarşısını almaq üçün aidiyyəti qurumlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və ona tabe olan agentliklər daha fəal şəkildə çalışmalıdırlar: “Bu istiqamətdə həm paytaxtda, həm də regionlarda maarifləndirmə və təbliğat işləri aparılmalıdır ki, bu kimi xoşagəlməz halların qarşısı alınsın. Əks halda, belə vəziyyətlər gələcək dövrlərdə də davam edəcək və vaxtında qabaqlayıcı tədbirlər görülməzsə, daha da artacaq”.

Oğuz Ayvaz 

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
37
azpolitika.info

1Sources