ABŞ Dövlət Departamenti insan haqları müdafiəçisi və Nobel sülh mükafatı laureatı Nərgiz Məhəmmədi yeni həbs cəzası verilməsi ilə bağlı açıqlama yayıb.
Bizim.Media xəbər verir ki, Departamentin məlumatına görə, “Məhkəmə prosesindən əvvəl 59 gün ərzində vəkilə çıxış imkanı olmadan həbsdə saxlanılan və səhhəti pisləşən Məhəmmədi məhkəmə qarşısına çıxarılıb. Bu proses minimum ədalətli mühakimə standartlarına cavab verməyib”.
ABŞ açıqlamasında İrana insan haqları müdafiəçisini dərhal azad etməsi çağırışı edilib.
Daha əvvəl bildirilib ki, İran Nərgiz Məhəmmədiyə əlavə olaraq yeddi il həbs cəzası verib. Bu, onun aclıq aksiyasına başlamasından sonra baş verib. Məhəmmədinin vəkili Mostafa Nili bildirib ki, cəza şənbə günü Məşhəd şəhərindəki İnqilab Məhkəməsi tərəfindən çıxarılıb.
“Ona “məlumat toplama və sui-qəsd” ittihamı üzrə 6 il, təbliğat ittihamı üzrə 1,5 il, ölkədən çıxış qadağası üzrə isə 2 il cəza verilib”, – vəkil yazıb. Həmçinin, ona İranın paytaxtı Tehrandan təxminən 740 km cənub-şərqdə yerləşən Xosf şəhərinə iki illik daxili sürgün cəzası da təyin edilib.
Nərgiz Məhəmmədi ümumilikdə 36 illik həbs cəzasına məhkum edilib. Ona qarşı irəli sürülən ittihamlar arasında milli təhlükəsizliyə qarşı hərəkətlər və təbliğat yaymaq da var. Müdafiəçiləri bildirirlər ki, Məhəmmədi siyasi məhbusdur və İranda qadın hüquqları və demokratiyanın təşviqi fəaliyyətinə görə həbs olunub. Nobel sülh mükafatı lauretinə ailəsi ilə əlaqə saxlamaq da qadağan edilib. O, yalnız bir dəfə, 14 dekabr tarixində qardaşı ilə telefonla danışa bilib, bundan sonra yaxınları ilə ünsiyyətinə icazə verilməyib. (Musavat.com)
Bizim.Media