EN

Müdafiə sənayesi naziri “World Defence Show 2026” sərgisində bir sıra görüşlər keçirib

Bakı, 10 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində “World Defence Show 2026” beynəlxalq sərgisində iştirak edən Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev fevralın 9-da bir sıra görüşlər keçirib.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, nazir Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədr müavini Gökhan Uçar, Sudanın Müdafiə Sənayesi Sisteminin baş direktoru Mirgani İdris Süleyman, Sinqapurun “ST Engineering”, Çexiyanın “Colt CZ”, Çinin “ALIT” və “CETCİ”, Türkiyənin “BAYKAR”, “TUSAŞ” və “HAVELSAN”, həmçinin Amerika Birləşmiş Ştatlarının “Trillium” şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.

Görüşlərdə müdafiə sənayesi sahəsində mövcud əməkdaşlıq əlaqələri, beynəlxalq təcrübənin daha dərindən öyrənilməsi, baş verən qlobal tendensiyalar, müasir innovativ texnologiyaların tətbiqi və sənaye imkanlarının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı tərəfdaşlıq münasibətlərinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, bu cür beynəlxalq platformaların təcrübə mübadiləsi və peşəkar dialoq baxımından yaratdığı imkanlar qeyd edilib. Tərəflər müdafiə sənayesi sahəsində açıq dialoqun və qarşılıqlı anlayışın vacibliyini önə çəkiblər.

“İşgüzar və konstruktiv şəraitdə keçən görüşlər müdafiə sənayesi sahəsində beynəlxalq əlaqələrin möhkəmləndirilməsi baxımından faydalı müzakirələrlə yadda qalıb”, - deyə məlumatda vurğulanıb.

 

Chosen
16
11
azertag.az

10Sources