EN

Şiddətli baş ağrısı beyin şişməsi və ya şişin əlaməti ola bilər

Artmış kəllədaxili təzyiq (KDT) beyində həddindən artıq beyin-omurilik mayesinin toplanması, beyin ödemi və ya kəllə boşluğunda şişin mövcudluğunu göstərə bilən simptomdur.

Editor.az xəbər verir ki, Sverdlovsk Federal Büdcə Elmi Müəssisəsi Mərkəzi Epidemiologiya Elmi-Tədqiqat İnstitutunun CMD Klinikasında çalışan terapevt Anna Xakimova verdiyi açıqlamada kəllədaxili təzyiqin şiddətli baş ağrısı, üz nahiyəsində şişkinlik və qısamüddətli görmə pozuntuları ilə özünü büruzə verə biləcəyini bildirib.

Həkimin sözlərinə görə, aşağıdakı əlamətlər orqanizmdə ciddi problemin mövcudluğundan xəbər verə bilər:

“Birincisi, adətən səhər saatlarında güclənən (uzanmış vəziyyətdə baş nahiyəsində mayenin yığılması səbəbindən) və adi ağrıkəsicilərlə keçməyən şiddətli baş ağrısı”.

“İkincisi, ağrının pik nöqtəsində yaranan, çox vaxt “fışqıran” xarakter daşıyan və (qida zəhərlənməsindən fərqli olaraq) yüngüllük gətirməyən ürəkbulanma və qusma”.

“Üçüncüsü, görmə pozuntuları — göz önündə ləkələrin əmələ gəlməsi, ikili görmə, qısamüddətli görmə itkisi və ya görmə kəskinliyinin azalması”.

“Nəhayət, səhər saatlarında gözaltı torbaların qabarıq görünməsi və ümumi üz şişkinliyi, həmçinin əsəbilik, tez yorulma və diqqətin zəifləməsi”.

Həkim qeyd edib ki, kəllədaxili təzyiqi ev şəraitində ölçmək mümkün deyil, bunun üçün yalnız tibbi müayinələr mövcuddur. Məsələn, göz dibinin müayinəsi zamanı oftalmoloq görmə sinirinin ödemini (papilledema) aşkar edə bilər ki, bu da ən geniş yayılmış ilkin diaqnostika üsullarından biridir. Bundan əlavə, beynin MRT və ya KT müayinəsi beyin-omurilik mayesi boşluqlarının genişlənməsini və ya toxumaların şişməsini müəyyən etməyə imkan verir.

“Digər üsullar da mövcuddur, lakin onlar invaziv xarakter daşıyır və yalnız ağır hallarda, xəstəxana şəraitində tətbiq olunur. Bunlara lomber punksiya (onurğa kanalına iynənin yeridilməsi) və ya xüsusi sensorun birbaşa beynin mədəciklərinə yerləşdirilməsi daxildir. Yüksək kəllədaxili təzyiq həmişə qan dövranının pozulması və ya beyin-omurilik mayesinin həddindən artıq istehsalı kimi ciddi patologiyaların göstəricisidir. Bu vəziyyət həmçinin meningit və ya ensefalit, beyində şiş və ya kistlər, insultdan sonra yaranan beyin ödemi, eləcə də qanın kəllə boşluğundan kifayət qədər axmaması nəticəsində yaranan venoz qan dövranı pozuntuları ilə əlaqəli ola bilər”, – deyə həkim vurğulayıb.

Həkim bildirib ki, müalicə əsasən kəllədaxili təzyiqin yaranma səbəbindən asılıdır:

“Məsələn, artıq mayenin xaric olunması üçün diuretik preparatlar və venoz qan axınını yaxşılaşdıran dərmanlar təyin edilə bilər. Əgər səbəb şiş və ya hidrosefaliya olarsa, mayenin boşaldılması üçün cərrahi müdaxilə və ya şunt sisteminin yerləşdirilməsi zəruri ola bilər”.

//Gülnarə Abasova, Editor.az

Chosen
32
editor.az

1Sources