EN

Fəzail Ağamalını ölümə aparan səbəb - Onlar bir-birinin üzünə necə baxırlar? 

Ana Vətən Partiyasının keçmiş sədri, Milli Məclisin sabiq deputatı Fəzail Ağamalı vəfat edib. O, 78 ildən bir neçə ay çox ömür sürdü. Bunun da təxminən 40 ilə yaxını siyasətdə keçib. 

F.Ağamalı alim idi, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə başlayanda elmi fəaliyyətlə məşğul olurdu.
O, 1972-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunub və 1980-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb (sonrakı illərdə tarix üzrə elmlər doktoru, professor).
1971-1972-ci illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbdə müəllim, 1973–1983-cü illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunda müəllim, baş müəllim vəzifələrində çalışıb. 
1983-1988-ci illərdə Azərbaycan Texnologiya İnstitunda kafedra müdiri vəzifəsində çalışmış, 1988-ci ildə Milli Azadlıq Hərəkatında daha fəal iştirak etmək üçün ailəsilə birlikdə Bakı şəhərinə köçüb.
Bundan sonra daha çox siyasətçi kimi fəaliyyət göstərib, Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında iştirak edib, Əbülfəz Elçibəyin hakimiyyəti dövründə nazir müavini və nazir əvəzi olub. 
1990-cı ildə Azərbaycanın ilk siyasi təşkilatlarından olan Ana Vətən Partiyasını yaradıb. 1995-ci ildən 2024-cü ilədək deputat olub. 
O, həmişə siyasi proseslərin mərkəzində yer alırdı, Milli Məclisin iclaslarında ən çox danışan, jurnalistlərə ən çox müsahibə verən siyasətçilərdən biri idi (elə siyasətçinin işi də budur).
Partiya sədrliyi, fasiləsiz olaraq deputatlıq F.Ağamalıya nələrsə qazandırmaqla yanaşı onun səhhətinə də ciddi təsir etmişdi. 
2022-ci ilin əvvəlində ağır ürək əməliyyatı keçirmişdi. 

Fəzail Ağamalı bu əməliyyat barədə danışarkən demişdi: "55 yaşınadək dərman içməmişəm. Sonralar səhhətimdə ciddi problemlər əmələ gəldi. Faktiki olaraq, iki dəfə ölümü o dünyada görüb qayıtmışam, ciddi əməliyyatlardan keçmişəm. Elə iki ay öncə ürəyimdən əməliyyat edilərkən kliniki ölüm keçirmişəm.
Həkimlərin səyi nəticəsində 16-17 saatdan sonra özümə gəlmişəm. Ayılanda özümü dərk edə bilmədim, danışmaq istədim, alınmadı. Ağır vəziyyətlərdə çalışmışam ki, yaxınlarım bilməsinlər. Düşünmüşəm ki, mənim yanımda olsalar, əziyyət çəkərlər...”. 
Amma bir hadisə var, bəlkə də onu Fəzail Ağamalını ölümə götürən səbəb kimi də qiymətləndirmək olar. Bu da Ana Vətən Partiyasının sədrliyi uğrunda onun övladları Günay Ağamalı və Elçin Ağamalı arasında baş verən qarşıdurmadır. 

Hələ illər əvvəl mətbuat tez-tez yazırdı ki, F.Ağamalı partiyanın sədrliyinə oğlu Elçin Ağamalını gətirmək istəyir. Fəzail müəllim heç özü də bunu gizlətmirdi. Bunun üçün oğluna siyasi təşkilatda İcra Aparatının rəhbəri, sədr müavini kimi vəzifələrdə də vermişdi.
F.Ağamalı hələ on il əvvəl deyirdi ki, Elçinin deputat olmasını istəyir: “Təbii ki, oğlumun seçkilərə qatılmasını birmənalı şəkildə istəyərdim. Çünki oğlumun iki ali təhsili var. İki tanınmış ali məktəbin - həm BDU-nun, həm də İdarəetmə Akademiyasının məzunudur. Eyni zamanda, 16 yaşından partiya sıralarına qoşulub. Arada dövlət strukturlarında çalışdığına görə fəaliyyətinə xitam vermişdi. Sonralar fəaliyyətini bərpa etdi və artıq siyasətçi kimi formalaşmaqdadır. Bu gün Azərbaycan dövlətçiliyinə öz töhfəsini verə biləcək səviyyədə hazırlıqlıdır. Bütün bunlarla bərabər, hər kəsin seçim imkanı var". (Modern.az)
Hətta müxtəlif vaxtlarda bəzi AVP üzvləri F.Ağamalının varis planına etiraz edərək partiyadan istefa veriblər. 
Amma nə oldu, nə baş verdisə F.Ağamalı 2024-cü ilin sentyabrın 1-də keçirilən parlament seçkilərindən əvvəl oğlunun üstündən xətt çəkdi. Bəlkə də o, bu qərarı daha əvvəl vermişdi, lakin proses məhz yuxarıda qeyd etdiyim dövrdə açıq müstəviyə keçdi. 
Yaratdığı partiyanı övladlarına təhvil verməkdə qərarlı olan Fəzail müəllim bu dəfə qızı Günay Ağamalını önə çəkdi. G.Ağamalını əvvəlcə özünə müavin qoydu, daha sonra özü parlament seçkilərində iştirak etməyərək qızının namizədliyini irəli sürdü. Günay Ağamalı 2024-cü il sentyabrın 1-də deputat mandatını alaraq Milli Məclisdə əyləşdi. 
Fəzail müəllimin bunun üçün nə qədər zəhmət çəkdiyinin şahidi olmuşam. Məsələn, seçkilərdən əvvəl o, qızına samballı bir tərcümeyi-hal düzəltməkdən ötrü dəridən-qabıqdan çıxırdı. Nəhayət, Günay Ağamalının elmi iş müdafiə edərək psixologiya üzrə fəlsəfə doktoru adını almasına nail oldu. 
Bu dövrdə Elçin Ağamalıdan səs-soraq yox idi. Taki 2025-ci il oktyabrın 25-dək. 
Fəzail Ağamalı görünür yaşını və səhhətini nəzərə alıb, partiyadakı son missiyasını yerinə yetirməyə tələsirdi. Plan isə belə idi: Günay Ağamalı Ana Vətən Partiyasının sədri olmalıdır. 
Siyasətin cikinə-bikinə yaxşı bələd olan Fəzail müəllim övladları arasındakı narazılığı nəzərə alıb sədr məsələsini səs-küysüz həll etmək istəyirdi. O, AVP-nin növbəti sədrinin müəyyənləşəcəyi qurultayı yarı gizli formada keçirmək qərarına gəlmişdi. Tədbirlə bağlı əvvəlcədən mətbuata açıqlama verilməmişdi, elan dərc olunmamışdı və jurnalistlər qurultaya dəvət edilməmişdi.
Hətta partiya sədrinin müavini və sədrliyə namizəd Elçin Ağamalı bildirmişdi ki, qurultayın yerini və vaxtını ondan gizlədiblər. O, yalnız son anda başqa üzvlərdən tədbirin nə vaxt və harada keçiriləcəyini öyrənib özünü qurultaya çatdırıb. 
Amma Fəzail Ağamalının qızı üçün etdiyi bu fədakarlıqlar ilk mərhələdə uğursuzluğa düçar oldu. Bunun da səbəbi başqa adam deyildi - doğma oğlu Elçin idi. 
Atasının etirazlarına baxmayaraq, Elçin Ağamalı sədrliyə namizəd oldu və özünün dediyinə görə sədr də seçilib. 
F.Ağamalı isə qızı Günay Ağamalının namizədliyini irəli sürdü, müdafiəsinə qalxdı, özü də israrla. İlk mərhələdə istəyinə nail ola bilməyən Fəzail müəllim vəziyyətin nəzarətdən çıxdığını görüb, sinəsini qabağa verdi. 
O, qurultayın işinə fasilə verərək, üzvləri zaldan çıxardı. Bundan sonra tərəflər arasında mübahisə daha da qızışdı, Fəzail Ağamalı ilə oğlu Elçin Ağamalı arasında yaşanan qalmaqal əlbəyaxa dava həddinə çatdı.
Məsələ gizli qalmadı, mətbuata çıxdı, sosial şəbəkələrdə yayıldı. Ata-oğul bir-birlərini ittiham etdilər. 
Sonda Elçin Ağamalı AVP-dən çıxarıldı. Yanvarın 24-də partiyanın qurultayı keçirildi. Yenə də gizli formada. Özü də yarı gizli deyil, tam gizli. Elçin Ağamalı bu dəfə tədbirin yerini və vaxtını öyrənə bilmədi. O, olmadığına qurultay sakit keçib və Günay Ağamalı AVP sədrliyində atasını əvəz edib.

Fəzail Ağamalı sonda öz istəyinə nail oldu, qızını partiya sədrliyinə gətirdi. Bundan cəmi 15 gün sonra dünyasını dəyişdi Fəzail müəllim. Bəs indi "Qızını partiya sədri etmək Fəzail Ağamalıya həyatı bahasına başa gəldi" demək olarmı? 
Fəzail Ağamalı övladlarının davası barədə danışarkən demişdi ki, bu, bir valideyn kimi onun bədbəxtliyidir. 
"Bu, həm də mənim üçün ona görə ağırdır ki, problemləri yaradan mənim doğmaca oğlum oldu. Bu barədə söhbət etmək mənim üçün ağırdır. Mən hər zaman ailə dəyərlərinə, övlada xüsusi sevgi ilə yanaşan insanam. Ailə məsələlərində mühafizəkaram. Səbəbini bilmirəm ki, oğlum nədən bu cür aqressiv mövqedə olmaqda davam etdi".
Həyat belədir, bütün övladlar həmişə valideynlərinin sözü ilə oturub-durmur. Hətta yeniyetməlik çağından böyüklərə tabe olmayanlar var. Amma bunu uzağı qonşular, qohum-əqraba bilir. Bir də var ata ömrünün ahıl çağındadır, ağsaqqaldır, 30 il deputat, 35 il partiya sədri olub, ailə dəyərlərindən, milli-mənəvi məsələlərdən qalın-qalın kitablara sığmayacaq qədər müsahibələr verib, mühakimə yürüdüb və günlərin bir günü bütün xalqın qarşısında, oğul atanın üzünə ağ olur, onu eşitmir, saymır...
Dava düşən qurultayda çəkilən bir video var, ona baxın. Fəzail Ağamalı əlində kağız kimisə zaldan çıxarır, bir başqasına sözünü eşitdirmək istəyir, həyəcanlı, gərgin, solğun görkəmi ilə. Fəzail müəllimin ölüm şifrələri və ştrixləri o videoda gizlənir.
İndi görəsən Elçin və Günay nə düşünürlər? Kim daha çox peşmanlıq yaşayır? Fəzail müəllimi yaşının bu çağında və səhhətinin ağır olduğu bir dövrdə gərgin vəziyyətə salan, stress yaşadan daha çox hansı övlad idi? 
Günay və Elçin bir-birlərinin üzünə necə baxırlar? Ümumiyyətlə baxırlarmı? Elçin Ağamalı atasının cənazəsini çiyinlərində daşıyanda nə düşünəcək? 
Chosen
15
5
yenilik.az

6Sources