EN

“Diplomatic World Sweden” nəşrində Naxçıvan haqqında sənədli film təqdim olunub

İsveçdə siyasətçilər və xarici səfirliklərin əməkdaşları üçün nəzərdə tutulmuş “Diplomatic World Sweden” nəşrində isveçli rejissor və fotoqraf Mikael Silkeberqin Naxçıvana həsr olunmuş “Nuhun izi ilə” adlı sənədli filmi barədə material dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 102-ci ildönümünə həsr olunub və regionu bəşər sivilizasiyasının ən qədim beşiklərindən biri kimi təqdim edir. Filmdə Azərbaycanın Naxçıvan bölgəsi minilliklər boyu mifologiyanın, tarixin və mədəni irsin formalaşdırdığı unikal kimliyə malik məkan kimi göstərilir.

Sənədli filmdə əsas süjet xətti Nuh peyğəmbərlə bağlı qədim rəvayətdən və əfsanəyə görə, gəminin dayandığı Gəmiqaya dağı ilə bağlı inanclardan başlayır. Bu yanaşma vasitəsilə regionun dərin tarixi kökləri, erkən insan məskənlərinin kəsişmə nöqtəsi kimi rolu və mədəni inkişaf mərkəzi olması ön plana çıxarılır. Ekran əsərində Gəmiqayanın qayaüstü təsvirlərinə, memarlıq abidələrinə, orta əsr məqbərələrinə və ümumbəşəri mədəni dəyər daşıyan digər tarixi obyektlərə xüsusi yer verilir.

Filmdə Naxçıvanın qeyri-maddi mədəni irsi də ayrıca mövzu kimi təqdim olunur. Nəsildən-nəslə ötürülən ənənəvi rəqslər, musiqi nümunələri və bədii ifadə formaları regionun mədəni kimliyinin ayrılmaz hissəsi kimi göstərilir. Bununla yanaşı, Naxçıvanın formalaşmasına təsir etmiş və onun dünya tarixindəki yerini müəyyənləşdirmiş görkəmli tarixi və mədəni şəxsiyyətlər haqqında da məlumat verilir.

 

 

Chosen
24
3
xalqqazeti.az

4Sources