EN

Qəzzada İsrail qüvvələri dörd silahlını öldürüb, fələstinli fermer də güllələnib

BAKI, 10 fevral. TELEQRAF

İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərində yeraltı tuneldən çıxaraq hərbçilərə atəş açan dörd silahlını məhv edib.

Teleqraf xəbər verir ki, vu barədə İsrail ordusunun açıqlamasına istinadən “Reuters” məlumat yayıb.

İsrail tərəfi hücumu ötən ilin oktyabrında ABŞ-nin vasitəçiliyi ilə HƏMAS-la əldə olunmuş atəşkəsin pozulması kimi qiymətləndirib və bunu son dərəcə ciddi hal adlandırıb. HƏMAS-dan dərhal açıqlama verilməsə də, hərəkat ətrafındakı bəzi mənbələr ölənlərdən birinin HƏMAS-ın yüksəkvəzifəli nümayəndəsi və həmtəsisçisi İssa Ənnaşarın oğlu Anas Ənnaşar olduğunu bildiriblər.

Məlumata görə, son aylarda oxşar insidentlərdən sonra İsrail Qəzza zolağında hava zərbələri endirib və nəticədə onlarla insan həlak olub. Bazar ertəsi günü axşam saatlarında İsrail aviazərbəsi Qəzza şəhərinin şimalında bir mənzili vurub, yerli səhiyyə orqanlarının məlumatına görə, üç fələstinli ölüb. İsrail ordusu bu zərbə ilə bağlı dərhal şərh verməsə də, təhlükəsizlik rəsmisi “Reuters”ə bildirib ki, bu, HƏMAS-ın atəşkəsi pozmasına cavab olaraq həyata keçirilib.

Qeyd olunur ki, atəşkəsdən sonra Rəfah altındakı tunellərdə onlarla HƏMAS döyüşçüsü mühasirədə qalıb və onların bir qismi İsrail qüvvələri ilə toqquşmalar zamanı öldürülüb.

Ayrı bir insidentdə isə İsrail qüvvələri Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bələh şəhərində fələstinli fermeri güllələyərək öldürüblər. Yerli səhiyyə orqanları bu barədə məlumat versə də, İsrail tərəfi hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Bildirilir ki, zorakılıq halları atəşkəsi dəfələrlə sarsıdıb və tərəflər pozuntulara görə bir-birini ittiham edirlər. Vaşinqton isə razılaşmanın növbəti mərhələlərinə keçilməsi üçün tərəflərə təzyiq göstərir. Prezident Donald Trampın Qəzza ilə bağlı planının növbəti mərhələsi HƏMAS-ın tərksilah edilməsi, İsrail qoşunlarının daha da geri çəkilməsi və beynəlxalq sülhməramlı qüvvənin yerləşdirilməsi kimi mürəkkəb məsələlərin həllini nəzərdə tutur.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrda əldə olunan atəşkəs razılaşmasından bəri İsrail atəşi nəticəsində azı 580 fələstinli həlak olub. İsrail isə eyni dövrdə Qəzzada silahlılar tərəfindən dörd əsgərinin öldürüldüyünü bildirir.

Qəzza müharibəsi 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumu ilə başlayıb və həmin hücumda 1 200-dən çox insan ölüb. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, o vaxtdan bəri Qəzzada ölənlərin sayı 71 mini ötüb.

Chosen
55
teleqraf.com

1Sources