EN

Məşhur yazıçıya qarşı 7 milyon dollarlıq iddia RƏDD OLUNDU

Məşhur yazıçı Nil Qeymana qarşı 7 milyon dollarlıq iddia rədd olunub.

İnterpress.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

ABŞ-ın federal hakimləri tanınmış fantastika yazıçısı Nil Qeymana qarşı keçmiş dayəsi tərəfindən irəli sürülən cinsi zorakılıq ittihamları ilə bağlı üç məhkəmə iddiasını rədd ediblər. Ailənin keçmiş dayəsi Skarlett Pavloviç yazıçının 2022-ci ildə Yeni Zelandiyada ona qarşı dəfələrlə cinsi təcavüz etdiyini iddia edərək Viskonsin, Massaçusets və Nyu-York ştatlarında iddia qaldırmışdı.

Pavloviç həmçinin yazıçının həyat yoldaşı Amanda Palmeri də hadisələrdən xəbərdar olmaqda və insan alveri qanunlarını pozmaqda ittiham edərək ən azı 7 milyon dollar (təxminən 11 900 000 manat) məbləğində kompensasiya tələb edirdi.

Lakin Massaçusets və Viskonsin ştatlarının hakimləri işin ABŞ yurisdiksiyasına aid olmadığını, məsələnin hadisənin baş verdiyi Yeni Zelandiyada araşdırılmalı olduğunu bildirərək iddiaları geri çeviriblər.

Nil Qeymanın vəkilləri tərəflər arasında qarşılıqlı razılıq əsasında fiziki yaxınlıq olduğunu, Yeni Zelandiya polisinin isə daha əvvəl bu iddiaları araşdıraraq əsassız saydığını vurğulayıblar.

“Amerika tanrıları” və “Koralina” kimi məşhur əsərlərin müəllifi olan Qeyman ittihamları qəti şəkildə rədd edir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
51
interpress.az

1Sources