
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Siyasi İşlər üzrə komandan müavini Əziz Qəzənfəri, ABŞ-ın Omandakı danışıqlardan əvvəl İrana qarşı 4 sərt şərt irəli sürdüyünü və hücum təhdidi ilə psixoloji təzyiq göstərdiyini açıqlayıb. SEPAH-ın "Sobh-e Sadeq" jurnalında dərc olunan məqalədə Qəzənfəri Vaşinqtonun bu addımını "psixoloji müharibə" kimi xarakterizə edib.
ABŞ-ın İrandan tələb etdiyi 4 əsas mövzu
Məlumata görə, ABŞ administrasiyası danışıqlar masasına oturmazdan əvvəl aşağıdakı məsələlərin həllini tələb edib:
Ballistik raket proqramı: Raketlərin mənzili və istehsalına məhdudiyyət;
Regional proksi qruplar: Yaxın Şərqdəki vəkil qüvvələrə dəstəyin dayandırılması;
Zənginləşdirilmiş uran ehtiyatları: Mövcud uran ehtiyatlarının taleyi və zənginləşdirmə dərəcəsi;
Nüvə məsələsi: Nüvə obyektlərinə tam beynəlxalq nəzarət.
Əziz Qəzənfəri vurğulayıb ki, ABŞ-ın "şərtlər qəbul edilməsə hücum olacaq" hədələrinə baxmayaraq, İran öz mövqeyindən geri çəkilməyib. O bildirib ki, Omanda keçirilən dolayı danışıqlar ABŞ-ın diktəsi ilə deyil, rəsmi Tehranın müəyyən etdiyi yalnız nüvə məsələsi çərçivəsində aparılır.
"İranın müdafiə qabiliyyəti heç bir halda müzakirə mövzusu ola bilməz. Nümayəndə heyətimiz Milli Təhlükəsizlik Ali Şurasının müəyyən etdiyi qırmızı xətlər daxilində fəaliyyət göstərir".
Qeyd edək ki, fevralın 6-da Maskatda baş tutan görüşlərdə ABŞ-ı Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff, İranı isə XİN rəhbəri Abbas Əraqçi təmsil edib.