EN

Tramp “iyunadək Ukraynada müharibəni bitirin” dedi...



Azər Həsrət: “Düşünmürəm ki, indiki şərtlər çərçivəsində iyuna qədər müharibəni dayandırmaq mümkün olacaq”

ABŞ istəyir ki, Rusiya və Ukrayna yaya qədər müharibəni bitirsinlər. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

Zelenskinin iddiasına görə, ABŞ-ın belə tələsməsinə səbəb prezident Donald Trampın bir müddət sonra Konqresə keçiriləcək aralıq seçkilər üçün daxili siyasətə fokuslanacağıdır: “Amerikalılar tərəflərə təklif edirlər ki, müharibəni bu yayın əvvəlinə qədər bitirsinlər və yəqin ki, tərəflərə bu qrafikə əsasən təzyiq edəcəklər”.

Maraqlıdır, Trampın “müharibəni iyunadək bitirin” təklifinin həyata keçməsi nə dərəcədə realdır?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi ekspert Azər Həsrətin fikrincə, müharibənin bitməsi üçün Ukrayna tərəfində heç bir problem yoxdur: “Ukrayna ilk gündən danışıqlar, masa arxasında məsələnin həllini təklif edir. Bununla belə, Ukrayna qeyd-şərtsiz atəşkəsə gedilməsini təklif edir. Ancaq problem ondadır ki, Rusiya bütün bunları rədd edir. Rusiyanın şərtləri var. O şərtlər də müstəqil, suveren Ukrayna dövləti üçün heç cür məqbul sayıla bilməz. Çünki Rusiya Ukrayna torpaqlarına göz dikib, o torpaqları mənimsəmək və öz ərazisinə qatmaq istəyir. Onsuz da qatdığını elan edib, indi Ukraynanın da bunu rəsmən qəbul etməsini istəyir. Təbiidir ki, Ukrayna bu məsələdə heç bir güzəştə getmək istəmir. Çünki öz suveren ərazisidir. Ancaq prezident Tramp Ukraynanı güzəştə vadar etməyə çalışır. O baxımdan düşünürəm ki, Tramp əslində müharibəni bitirə bilər. Ancaq bunun üçün Ukraynaya deyil, Rusiyaya təzyiq etmək lazımdır. O cümlədən, Rusiyanı atəşkəsə məcbur etmək lazımdır. Əgər Rusiya qeyd-şərtsiz atəşkəsə razılaşacaqsa, müharibə elə bu gün dayandırıla bilər. Ancaq görünən odur ki, Rusiya hələ də buna getməyə həvəsli deyil. Ona görə də düşünmürəm ki, indiki şərtlər çərçivəsində iyuna qədər müharibəni dayandırmaq mümkün olacaq. Ona görə də Tramp doğurdan da müharibəni dayandırmaq, atəşkəsə nail olmaq istəyirsə, Ukraynaya yardımları artırmalıdır. Rusiyaya təzyiqləri gücləndirməlidir. Yəni Rusiya hiss etməlidir ki, müharibəni qeyd-şərtsiz dayandırmasa, vəziyyəti daha da pis olacaq. Yoxsa hər iki tərəfə eyni çağırışı etməklə müharibəni dayandırmaq mümkün deyil. Üstəlik, Avropa İttifaqı, Avropa ölkələri kiçik istisnalarla Ukraynanın tərəfindədir. Aİ əlavə olaraq Ukraynaya yardımları artırır. Ukrayna niyə dayanmalıdır ki? Əraziləri işğal altındadır. Ərazilər işğaldan azad edilənə qədər Ukrayna müharibəni davam etdirmək əzmindədir. ABŞ-ın Rusiyaya təzyiq imkanları kifayət qədər böyükdür. Təəssüf ki, bu imkanlardan yetərincə istifadə edilmir”.

Vidadi ORDAHALLI

Chosen
40
baki-xeber.com

1Sources