EN

ABŞ energetika naziri Venesuela planları barədə Senata məlumat verəcək

BAKI, 10 fevral. TELEQRAF

ABŞ-nin energetika naziri Kris Rayt fevralın 10-da Konqresin Senatında Amerika administrasiyasının Venesela ilə bağlı gələcək planları haqqında məlumat verəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” qəzeti ABŞ Senatının energetika və təbii ehtiyatlar komitəsinin nümayəndəsinə istinadla yazıb.

Nəşrin vurğuladığına görə, energetika nazirinin qanunvericilərlə görüşü qapalı rejimdə keçiriləcək. Daha əvvəl Kris Rayt “Politico”ya açıqlamasında yaxın vaxtlarda Venesuelaya səfər edəcəyini, ölkə rəhbərliyi ilə görüşərək Venesuelanın dövlət neft şirkəti PDVSA-nın perspektivlərini müzakirə edəcəyini bildirmişdi. O, hazırkı ABŞ administrasiyasından Venesuelaya səfər edəcək ən yüksək vəzifəli nümayəndə olacaq. Rayt həmçinin ölkənin səlahiyyətli rəhbəri Del­si Rodrigeslə görüşməyi planlaşdırdığını qeyd edib.

Yanvarın sonunda ABŞ hakimiyyəti Amerika şirkətlərinə Venesuelanın neft sektoru ilə, o cümlədən PDVSA ilə bağlı bəzi əməliyyatlara icazə verib. Lisenziyada göstərilir ki, bu əməliyyatların hamısı ABŞ qanunvericiliyi ilə tənzimlənməli və onlarla bağlı bütün mübahisələr ABŞ-də araşdırılmalıdır.

Yanvarın 3-də Vaşinqtonda Karakasda hərbi əməliyyatın keçirildiyi və nəticədə ABŞ hərbçiləri tərəfindən Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşının saxlanıldığı bildirilib. Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub dairəsi üzrə federal məhkəmə qarşısına çıxarılıblar. Onlara narkotik ticarətində iştirak ittihamı irəli sürülüb. Nikolas Maduro və həyat yoldaşı ittihamları qəbul etməyiblər. Hazırda Venesuelada dövlət başçısının səlahiyyətlərini əvvəllər icraçı vitse-prezident vəzifəsini tutmuş Delsi Rodriges icra edir. ABŞ administrasiyası ölkənin müvəqqəti idarəçiliyinin Birləşmiş Ştatların nəzarətinə keçəcəyini bəyan edib.

Chosen
35
teleqraf.com

1Sources